04 iyun 2019 16:17
442

Rus dili və ədəbiyyatı üzrə XI olimpiadaya BSU-da yekun vuruldu

İyunun 4-də Beynəlxalq Rus Dili Günü ərəfəsində Bakı Slavyan Universitetində Rus dili və ədəbiyyatı üzrə XI olimpiadaya yekun vurulması münasibətilə təntənəli mərasim keçirilib.

Ənənəvi mərasim Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Olimpiada turu bu il ərzində 24 regionda keçirilib. Tədbirdə Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisəndən 3500-ə qədər şagird iştirak edib, 214 şagird Olimpiadanın qalibi olub. Tədbirdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşları və digər tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ümummilli Liderin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar. Akt zalında Rusiya-Azərbaycan əlaqələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımız arasındakı mehriban qonşuluq münasibətlərindən bəhs edən fikirləri səsləndirilib.

Tədbirdə bu gün Azərbaycanda 340 məktəbdə rus dilinin tədris edildiyi, Rusiya Federasiyasında isə 11 min azərbaycanlı tələbənin təhsil aldığı bildirilib. Çıxışçılar uzun illər rus dilinin dünyaya çıxmaq üçün Azərbaycanda əsas vasitə olduğunu dilə gətiriblər. Qeyd olunub ki, tədbir iki böyük sənətkarın - Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik, A.S.Puşkinin isə 220 illik yubileyi günlərinə təsadüf edir.

Sonra olimpiadanın qaliblərinə dilplomlar təqdim olunub. İlk olaraq Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov olimpiada qaliblərini təbrik edib, onlara diplom və müxtəlif hədiyyələr bağışlayıb. Səfir çıxışında illər ötsə də, Azərbaycanda rus dilinə marağın azalmadığını, əksinə getdikcə daha da artdığını qeyd edib. M.Boçarnikov gənclərin rus dilinə marağının təsadüfi olmadığını, bunun rus ədəbiyyatına, mədəniyyətinə sevgidən doğduğunu deyib. O, şagirdlərə və  onların müəllimlərinə dərindən minnətdarlığını bildirib.

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov söz alıb. O, bu gün Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanla Rusiya arasında uzun əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğunu və bu gün həmin estafetin yeni nəslə ötürüldüyünü bildirib.

Olimpiada qaliblərini təbrik edən xalq yazıçısı Çingiz Abdullayev çıxışında Nəsimi yaradıcılığından danışıb.  O, Nəsimini “əqidə mücahidi” kimi xarakterizə edib və onunla bağlı geniş yayılmış rəvayətlərdən söz açıb.

Millət vəkili, Azərbaycanda rus icmasının sədri Mixail Zabelin qaliblərə diplom və hədiyyələr təqdim edərək bildirib ki, hər il ənənəvi olaraq keçirilən olimpiada şagirdlərin bilik və bacarıqlarını sərgiləmələrinə imkan verir.

Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsinin olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim edildiyini və eyni zamanda, Azərbaycan yazıçı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyada təbliğ edildiyini bildirib. Rektor Beynəlxalq Rus Dili Günü və Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib.

“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski,  BSU nəzdində Azərbaycanda rus dili və ədəbiyyatı jurnalının redaktoru, professor Flora Naciyeva, Sputnikin Azərbaycandakı rəhbəri Əziz Əliyev və digər çıxışçılar olimpiada qaliblərini təbrik edərək onlara uğurlar diləyiblər.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirilib.