KÖŞƏ

Sevinc Mürvətqızı

Ruhun arzusuna bədəni ödəmək...

11 yanvar 2019 10:15
1248

...Qadınla kişi uçurumun qırağında dayanmışdılar. Kənardan gəlmə deyildilər, burada yaşayıb, günlərin bir günü burada da rastlaşmışdılar. Uçurumun üstündə masmavi göy üzü, sapsarı günəş, uçurumun dibində qıvrılan, şahə qalxan, fınxıran, inildəyən ehtiraslı dəniz. Tramplin kimi dənizin üstünə uzanan qaya geniş bir düzəngahdan yol başladığı üçün inamla dayanmışdı - deyəsən dənizin nə ehtirasından çəkinir, nə də qəzəbindən qorxurdu.

Uçurumun üstündə birgə yaşamağa başlayandan qadınla kişinin sözü düz gəlmədi. Qadın hündürə atılmaq istəyirdi, kişi yalnız uzununa tullanmağa icazə verirdi. Hələ sakit-sakit yön-yolaq  öyrədirdi qadına - “daha uzağa tullanmaq üçün geri qayıdıb xeyli uzaqdan qaçmağa başlamalı!” Qadın çılğın dənizi hündürdən və bütün miqyası ilə görmək arzusundaydı. Kişi bu arzuya nifrət edirdi, qadını ehtiraslı dənizə qısqanırdı.

Qadın kişinin dəniz olmasını istəyirdi, onun kimi hər yöndən güclü, ramedilməz, dəfolunmaz, hərdən nəvazişli, hərdən qəddar, qəzəbli olmasını istəyirdi. Kişininsə uçurumun düz kənarına, lap bircə addımlığına qədər yaxınlaşmaqdan başqa əlindən heç nə gəlmirdi. Kişi qadının neçə vaxtdır üstündə dayandığı, neçə illərdir tapdadığı, heç cınqırını çıxarmayan, sakitcə, mətin, susqun qaya olmasını istəyirdi. Qadın qaya ola bilmirdi, kişi isə dəniz...

Neçə müddətdi uçurumun üstündə birgə yaşayırdılar: Kişinin gözü ayağı altındakı qayada, qadının gözü qarşısında, bütün böyüklüyü ilə ayaqları altına sərilən, amma yenə də böyüklüyündən heç nə əskilməyən dənizdə...

Qadın hündürlüyə tullanmaq, sadəcə dənizi bütövlükdə görmək istəyindəydi. Bu arzu onu dənizə qovuşdurmayacaqdı, sadəcə əbədi həsrətini çəkdiyi dənizi görəcəkdi. Kişi isə onun uzununa tullanmasını istəyirdi və daha uzağa düşmək üçün bir az geri qaçıb ordan bəri yüyürməyə çağırırdı. Qadını dənizə qısqanan kişi bilərəkdənmi, bilməyərəkdənmi qadını dənizin qoynuna itələyirdi, anlayırdımı, anlamırdımı bunu, kim bilir?.. Qadının arzusunda dənizə qarışmaq yox idi, kişinin arzusu bütünlüklə dənizə hesablanmışdı - bilsələr də, bilməsələr də.

İkisi də uçurumun kənarındaydı. Qadın artıq dözə bilmirdi. Hündürlüyə atılmaq bu qədərmi əlçatmazdı, bu bəsitcə arzuya çatmaq kimə ziyan verər ki?

Dönüb yanındakı kişiyə baxdı. Qəfil anladı - uçurum üstündə illərlə birgə yaşadığı bu insana mərhəmət duyğusundan başqa heç nə hiss eləmir:  nə qəzəb, nə ikrah, nə də nifrət, sadəcə mərhəmət duyğusu. Zəifliyinə, gücsüzlüyünə, dəniz ola bilmədiyinə görə dənizi qısqanan, amma tərsliyindən də əl çəkməyən, kiçikcə və ziyansız bir arzunu ona çox görən bu aciz və cılız məxluqa yazığı gəldi qadının...Və düşündü ki, qadında mərhəmət duyğusundan başqa heç bir hiss doğurmayan kişi necə də miskin görünür...

Qadın ürəyincə olmasa da neçə illərdi bu uçurumun üstündə yaşadıqlarının xətrinə son şans kimi bir təklif etdi: “Gəl, ikimiz birgə əl-ələ tutub hündürlüyə atılaq. Dənizin böyüklüyünə səninlə birgə baxmaq istəyirəm” (sonuncu cümləni yalan demişdi). Kişi də dediyindən dönmürdü. Kişilik qürurundan  bircə bu inadı qalmışdı, deyəsən...

...Kişi qadının qaya, qadın kişinin dəniz olmasını istəyirdi. Qadın hündürlüyə atılmaq istəyirdi, kişi yalnız uzununa tullanmağa icazə verirdi. Kişiyə hələ uzun illər də bu uçurumun üstündə yaşamaq sərf eləyirdi, qadın ya uçurumdan çəkilmək, ya da həsrətində olduğu özünəbənzər dəlisov dənizə qovuşub dincliyini tapmaq arzusundan vaz keçə bilmirdi...

Qadın uçurumun lap kənarına gəldi, sallağı oturdu, əyilib dənizə baxdı. Qayalıqları cırmaqlayan qəzəbli dənizi süzdü. Deyəsən, dəniz qurban istəyirdi. Elə oturduğu yerdəcə çevrilib kişiyə baxdı. Kişinin isə gözü həmişəki kimi ayağı altındakı qayaya məftun-məftun dikilmişdi. Qadın ayağa qalxdı, qərarını verdi: “Yaxşı, sən deyən olsun, uzununa tullanıram...”

Qadının məlum güzəşti qarşısında kişi daha da irəli getdi: “Və bir daha hündürlüyə atılmaq barədə bircə kəlmə də eşitməyim...”. Sonra da uçurumdan geriyə-düzəngaha qaçıb qadının haradan qaçmağa başlayacağı yeri bəlirləməyə başladı. Əsaslandırdı da: “Bura xətt çəkmişəm, burdan o yana keçmə, yoxsa müvazinətini saxlaya bilməyib dənizə düşərsən...” Qadın diqqətlə kişini izləyirdi. Kişi riyazi dəqiqliklə ölçmüşdü , qadın tullanıb düz uçurumun kənarında bircə qarışlıqda dayanacaqdı - dənizə yıxılmaq təhlükəsi yox idi. Dəfələrlə özünün sevimli əyləncəsi olan bu işi kişi yenə eyni dəqiqliklə yerinə yetirmişdi. Kişini eqoist bir sevinc bürümüşdü, nəhayət, illərdən sonra qadını ram eləyə bilmişdi. Qadının qolundan yapışıb  çəkdiyi cızığın kənarına gətirdi, ürək-dirək verdi - “görəcəksən, çox xoşuna gələcək, özün də bundan sonra o mənasız arzundan əl çəkəcəksən” - dedi. Sonra kişi qaçış zolağının üstündə təkan nöqtəsini də müəyyənləşdirdi: “Bax, mütləq bu nöqtədə uzununa atıl, bundan irəli getmə, sürəti saxlaya bilməyib dənizə düşərsən ha...”

Qadın son dəfə kişiyə baxdı... Aşağıda uğuldayan dənizi cismində, damarlarında, hüceyrələrində hiss elədi... Kişinin çəkdiyi xəttin üstündən qaçmağa başladı, tullanma nöqtəsinə yaxınlaşanda kişinin “dayan, dayan, irəli getmə, elə orda təkan ver, təkan ver, təkan veeer” qışqırığını nədənsə qəzəbli bir sevinc içində eşitdi. Dayanmırdı, qaçırdı, kişinin nəsə anlaşılmaz şeylər söyləyib arxasınca qaçdığını hiss eləyəndə sürəti daha da artırdı. Kişinin müəyyənləşdirdiyi təkan nöqtəsini çoxdan keçmişdi, irəli şığıyırdı. Artıq harada təkan verəcəyini, həm də uzunundan daha artıq hündürlüyə atılacağını hesablamışdı. Təxmini nöqtə vardı gözünün önündə, ordan atlayacaqdı...

Dəli bir sevinclə qaçırdı, gözəyarı müəyyənləşdirdiyi nöqtədə təkan verəcəkdi, təxmini hesablamışdı, illərdi sadəcə görmək arzusunda olduğu dənizin düz qoynuna yuvarlanacaqdı. Təkan verəndə uzunundan daha çox hündürlüyə hesabladı atılışını. Necə bir sıçrayış oldusa, başının üstündə masmavi səma, sapsarı günəş, hüdudsuz dəniz, arxasınca qışqıra-qışqıra gəlib seçdiyi təkan nöqtəsində dayanan və onun sıçrayışına nədənsə məchul bir həsədlə baxan kişi, illərdir tapdadığı qaya - hamısı, hamısı eyni vaxtda gözləri önündən axıb keçdi. Yerin cazibə qüvvəsindən başqa, həm də daha güclü bir qüvvənin dartışı ilə dənizin qoynuna milləndiyini hiss eləyirdi. “Bu, bax, bunu deyirdim... bu, bu, bu...” deyərək sürətlə aşağıya yuvarlandığı anda da illərdir sadəcə hündürlüyə atılıb dənizi görmək arzusunun da indi duyduğu izaholunmaz gözəl hissin qarşısında əslində necə bəsit olduğunu anlamışdı.

Kişi uçurumun kənarından çəkilmişdi, dənizin iniltisi eşidilmirdi,  səma yenə masmavi, günəş yenə sapsarı idi...

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...