KÖŞƏ

Nurəddin Muğanlı

“Ruhlar şəhəri”nə çevrilmiş Qafqazın Xirosiması

27 noyabr 2020 18:15
958

Odlar yurdunda əzəldən od, su, torpaq, hava  müqəddəs sayılıb.  Məqsədimiz bu  nemətlərin müqəddəsliyi, həyatvericilik gücü haqqında çox danışmaq deyil. Yaradanın bu nemətlərinə  Qarabağda 30 ilə yaxın müddət ərzində  ermənilərin vəhşi münasibəti dünyaya  bu millətin iç üzünü  göstərir. Bu gün azad olunmuş ərazilərimizdə  yüzminlərlə  hektar münbit torpaqların sinəsinə vurulan yaraları, minalanmış ərazilərin yararsız hala salınmasını görəndə adam  bir daha əmin olur ki, bəşər tarixində tayı-bərabəri olmayan belə  vəhşilikləri yalnız "böyük Ermənistan" xülyası ilə torpaqlarımıza göz dikən bir millətin hərbçiləri törədə bilərlər.

Erməni işğalının xarabazara çevirldiyi  rayonlarımızdan biri də Ağdamdır. Ən vəhşi mənzərə Cəbrayılda, Füzulidə, Zəngilanda olduğu  kimi, Ağdamda da  məscidlərimizin, qəbiristanlıqlarımızın darmadağın edilməsidir. Türk xalqına, İslam dininə nifrət hissi ermənilərdə  o qədər kin-kidurət yaradıb ki, məscidlərimizi tövlə edib,  məzarlarda yatan ölülərimizi  belə  rahat buraxmayıblar. Məzar daşlarını  gülləbarana tutmaları bir yana,  erməni faşistləri  goreşənlər kimi qəbiristanlıqlarda bütün məzarları  eşərək, cəsədlərin qalıqlarını çıxarıb sümükləri ətrafa yayıblar... Bu, dünya tarixində görünməmiş  erməni murdarlığıdır. Sonu görünməyən bu cür murdarlıqlar nə odda yanar, nə suda təmizlənər.

Erməni işğalının 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurduğu Ağdamın  adını  on  il əvvəl Dağlıq Qarabağ separatçıları  dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində ermənilər qanunsuz olaraq məskunlaşdırılmışdılar. Üstəlik Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar  kimi,  Ağdam da  bu qondarma quruma aid edilmişdi.   Halbuki Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən, kiçik qalalar tikərdilər. Sonralar "Ağdam" kəlməsinin günəş şüaları ilə nurlanmış "işıqlı, ağ bina" anlamı qazandığı da bildirilir. Bunun əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ imarət idi. Cavanşirlər özləri bura İmarət, yəni mülk deyirdilər.  Mənbələrdə yazılanlara görə, Bayat və Şahbulaqdakı qalalar və Şuşada nəhəng bir qalası olsa da,  Panahəli xan geniş çöllərlə əlçatmaz dağların qovşuşuğundakı  Ağdam qərargahını çox sevərmiş. Rus alimlərinin isə  apardıqları araşdırmalara görə, Ağdam-ağ Adəm, ilk insan mənasını verməklə dünyanın ən qədim yaşayış məskənlərindən də biridir. Dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın bu ərazidə tapılması ilk insanın – Adəmin burada yaşamasının sübutu kimi qiymətləndirilir.  Azərbaycanın belə qədim və çox zəngin tarixə malik  olan Ağdamın ərazisində çoxlu memarlıq və incəsənət abidələri vardı. Əfsus ki, işğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış eksponatlar Ermənistana daşınmışdı. Görəsən həmişə zənciri  özgəsinin  əlində olan erməni “alimləri” bu qədim diyarın altını üstünə çevirəndə nəyi və kimi axtarıb tapmaq niyyəti güdüblər?

Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının videogörüntülərində  Ağdamı, Kəlbəcəri  tərk edərkən  ermənilərin tikililəri  necə dağıtdığı, evlərə, ağaclara od vurub  yandırdıqları və digər vandal hərəkətləri  aydın görünür. Bəli, erməni vandalları 30 il ərzində azərbaycanlılara məxsus   ev-eşikləri,  məscidləri – məbədləri  dağıdıb,  şəhər və kəndlərdə  daşı-daş üstündə qoymayıb, meşələri yandırıb,  amma  Azərbaycan ruhunu, birliyini  nə dağıda, nə də sarsıda  bilmədilər... Özünə aid olmayan torpaqlarda Azərbaycan əsgəri  tərəfindən diz çökməsini  həzm etməyən  erməni toplumu  hətta  dünya mediasının gözü qarşısında hər cür əməllərə əl atır.

 Dünya ermənilərin iç üzünü hələ irəlidə çox görəcək.  Bugünlərdə baş qərargahı  Fransanın Lion şəhərində yerləşən “Euronews” kanalı   erməni işğalından azad edilmiş Ağdamdan “Qafqazın Xirosiması” adlı reportaj hazırlayıb, doqquz dildə yayımlanan reportajda bildirilir ki, Ağdam şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, hazırda şəhərin ərazisi minalardan təmizlənir və bunun üçün onilliklər lazımdır.  Burada erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri, insanlığa sığmayan cinayətləri görən hər kəs bu cür vandallığı Xirosima faciəsi ilə müqayisə edir.

Unutmaq olmaz ki, İkinci Dünya müharibəsində alman faşistləri Almaniyasının  işğal etdikləri kəndləri, şəhərləri uzaqbaşı 3-4 il ərzində dağıtmışdı, ona görə də qısa  müddətdə  həmin şəhər və kəndlər bərpa olundular, amma mənfur erməni faşistləri Ağdam, Cərbayıl, Zəngilan  və başqa yurd  yerlərimizi 30 ilə yaxın dağıdıblar.

Şübhəsiz ki, Vətən uğrunda minlərlə şəhid verən, məcburi köçkünlük taleyi yaşayan ağdamlıların torpaq sevgisi, Vətən məhəbbəti çox güclüdür.  Bu  hisslər ağdamlıların, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımızın sakinlərinə xasdır. Elə bu sevgi, Vətən məhəbbəti  də Qarabağımıza  yeni həyat verəcək, işğaldan azad olunmuş şəhər və kəndlərimiz, ocümlədən  Ağdam yenidən  dirçəldəcək…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?