08 noyabr 2019 14:21
245

"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur"

"Rossiya-24" telekanalının aparıcısı Leyla Əlnəzərova: "Neft Daşları" yatağında aparılan kəşfiyyat açıq dənizdə neft hasilatının sonrakı inkişafına təkan verdi"

"Neft Daşları" miqyasına görə dünyada analoqu olmayan, açıq dənizdə dayaqlar üzərində qurulmuş ilk şəhərdir".

Bunu "Report"a oktyabr ayında çəkiliş qrupu ilə birlikdə Xəzər dənizində yerləşən "Neft Daşları" adlı şəhərə səfər edən "Rossiya-24" telekanalının jurnalisti və iqtisadi xəbərlərin aparıcısı Leyla Əlnəzərova deyib.

İqtisadiyyat üzrə jurnalist olan L.Əlnəzərova bir çox karbohidrogen yataqlarında olub, lakin onun sözlərinə görə, heç vaxt belə irimiqyaslı yataqla qarşılaşmayıb.“İlk növbədə, yatağın miqyas məni heyrətə gətirdi. Helokipterlə gələrkən miqyası aydın görürsən. Elə "Neft Daşları"nın unikallığı da bundadır, necə deyərlər dünyada analoqu yoxdur", - o bildirib.

"Neft Daşları"nı bir növ akademiya adlandırırlar. Bu, vaxtilə Sovet İttifaqı, indi isə Azərbaycan neftçilərinin Xəzərdəki forpostudur. Müxtəlif millətlərdən olan mühəndislər burada bilik və bacarıqlara yiyələniblər, sonra da ondan öz ölkələrində istifadə ediblər", - teleaparıcı deyib.

Jurnalistin sözlərinə görə, "Neft Daşları"nın heyrətamiz cəhətlərindən biri də orada rahat qalmaq üçün hər cür şəraitin yaradılmasıdır: "Orada park, çay evi, futbol meydançası və bir çox digər şərait var. Orada olarkən, əlbəttə, sahildən uzaq olduğumuzu və ucu-bucağı görünməyən dənizlə qurudan ayrıldığımızı anlayırıq, amma eyni zamanda istehsalatda olduğumuzu da hiss etmirik. Sanki normal yaşamaq üçün hər cür şəraitin olduğu bir şəhərdəsən. Çəkiliş qrupumuz zarafatla buranı "sanatoriya" adlandırırdı".

L.Əlnəzərova vurğulayıb ki, orada yaşayan və işləyən insanların işlərinə inanılmaz isti və sevgi ilə yanaşmaları onun üçün ən diqqətçəkən məqam olub.

"Dərindən düşünsək, onların çoxu ömrünün bir hissəsini bu yerə həsr edib, bu, onların ikinci evidir, buranı elə belə də adlandırırlar. Çox sayda insanla danışdıq, onlar bir-birlərini ailə adlandırırlar. Bu ailə Azərbaycan naminə işləyir, çünki heç kimə sirr deyil ki, neft sektoru respublika iqtisadiyyatının əsas mühərrikidir. İnsanlar bunu həqiqətən başa düşürlər və işə tam məsuliyyətlə yanaşırlar", - "Rossiya-24" telekanalının aparıcısı əlavə edib.

Bundan əlavə, jurnalist şüurlu şəkildə yola "Neft Daşları"ndan başlamaq qərarına gələn gənc neftçi nəsli ilə ünsiyyət də qurub: "Onlar etiraf edirlər ki, dənizdə işləmək quruda olduğundan daha çətindir. Buna baxmayaraq, gənc oğlanlar orada əvəzolunmaz təcrübə əldə edə biləcəklərini başa düşürlər. Bu, mənim üçün də əvəzolunmaz təcrübə oldu. Hesab edirəm ki, "Neft Daşları"na baş çəkmək və bütün bunları öz gözlərinlə görmək jurnalist uğurudur. Mən rusiyalı jurnalistəm, amma əslən azərbaycanlıyam, Ona görə də Azərbaycanda 70 illik tarixə malik, haqqında bütün dünyada bəhs edilən belə obyektin olmasına görə fəxr hissi keçirirəm".

Bu gün "Neft Daşları"nın rolu barədə danışan L.Əlnəzərova bildirib ki, bu obyektin əhəmiyyəti və funksionallığı dəfələrlə artıb: "Neft Daşları"nın bu gün Azərbaycan üçün rolu barədə qlobal mənada danışarkən qeyd etmək lazımdır ki, bu, sadəcə karbohidrogenlərin çıxarıldığı yataq deyil, mahiyyət etibarilə bir növ nəqliyyat qovşağı, qonşu yataqlar, məsələn "Günəşli"nin dayaz hissəsi ilə rabitə və boru kəmərlərinin kəsişmə mərkəzidir. Yəni "Neft Daşları"nın infrastrukturu hələ uzun müddət bu məqsədlə istifadə olunacaq".

Qeyd edək ki, "Neft Daşları" sənaye qəsəbəsi Xəzər dənizində, Bakıdan 110 km şərqdə yerləşir. "Neft Daşları" ən qədim dəniz neft platforması kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.