Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 14:48
409

Rəşad Mahmudov: Hamılıqla COVID-19-a “yox” deməliyik

Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq, Azərbaycan xalqı bu gün, sadəcə, sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi Vətəni qoruyan əsgəri naminə COVID-19-a “yox” deməlidir. Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Əsgərlərimizi qorumaq, Qarabağın tezliklə azad olunmasını istəyiriksə, birinci özümüzü, öz sağlamlığımızı qorumalıyıq.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Tibb elmləri doktoru diqqətə çatdırıb ki, ikinci cəbhənin açılmasına yol vermək olmaz. Biz özümüzü qorumaqla, ehtiyatlı davranmaqla cəbhədə döyüşənlərə kömək etmiş oluruq: R.Mahmudov bildirib: “Gəlin, ön cəbhədə görünən, arxa cəbhədə isə görünməyən düşmənlə eyni vaxtda mübarizə aparaq. Həkimlərimizin Azərbaycan əsgərinin sağlamlığına yönəltdiyi gücü onlardan almayaq, əksinə, onlara dəstək olaq. səhiyyə işçilərimizi, həkimlərimizi koronavirusla mübarizə ilə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü ruhunu öz əsgərinə, öz Ordusuna, öz haqlı mübarizəsi uğrunda mübarizədə zədələnib, xəsarət alan insanların sağlamlığına həsr edək. Gəlin, Müzəffər Ali Baş Komandanın və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı mübarizəmizdən başqa heç bir yerə ayırmayaq!”.

Rəşad Mahmudov vurğulayıb ki, vətəndaşlarımız virusla bağlı standart qaydalara riayət etməli, ehtiyatlı davranmalıdırlar. Bu gün Vətən üçün canından keçməyə hazır olan hər kəs koronavirusdan qorxmadığını deyə bilər. Amma ehtimal edilən pandemik vəziyyət yaranarsa, bu, bizim ümumi işimizə mane ola bilər.