Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
10 iyul 2020 14:26
440

Ramil Həsən: İslahatların əsas qolu qanunvericilikdir

“Parlamentdə çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsi, siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşdırılması və bu mühitin dövlətin daha da güclənməsi və inkişafı naminə ortaq şəkildə fəaliyyəti ilə bağlı atılan addımlar əlbəttə ki, bilavasitə Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi sayəsində mümkün olmuşdur. Bu istiqamətdə atılan müsbət addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasıdır. Bu, ölkə başçısının bütün sahələri əhatə edən önəmli addımlarından biri kimi qiymətləndirilməlidir.”

İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan partiya təmsilçilərinin ötən gün baş tutan görüşünü şərh edərkən deyib.

R.Həsən bildirib ki, Azərbaycanda aparılan islahatlar çərçivəsində parlamentdə çoxpartiyalı sistemin daha da möhkələndirilməsi, qurulmuş sistemin daha da gücləndirilməsi, siyasi partiyalar arasında sağlam dialoqun formalaşdırılması ilə bağlı atılan addımlar bilavasitə ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü və iradəsi əsasında mümkün olub: “Məhz bu istiqamətdə atılan addımların müsbət nəticəsidir ki, qanunvericilik orqanları ilə siyasi partiyalar arasında işi inteqrasiya edən şöbə yardıldı. Ədalət Vəliyevin təşəbbüsü ilə bu günə kimi bir neçə dəfə Azərbaycanın inkişafı istiqamətdə daim fəaliyyət göstərən və müxalifətdə olan partiya rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərin hər biri qeyd-şərtsiz keçirilib. Təəssüf ki, “5-ci kalon”un nümayəndələri, Azərbaycan dövlətinə, xalqına müxalifət olan, havadarlarının tapşırığı ilə hərəkət edən şəxslər digər proseslərdə olduğu kimi, dövlətin dialoq çağırışına da neqativ cavab verərək müxtəlif şərtlər irəli sürməklə danışıqlardan boyun qaçırıblar.”

Deputat qeyd edib ki, iyulun 7-də baş tutan müxalifət partiyalarının parlamentdə təmsil olunan nümayəndələri ilə görüş də bu dialoqun pandemiya dövründə mövcud çətinliklərə baxmayaraq yeni mərhələyə qədəm qoyduğunu bir daha sübut etdi: “Bu gün parlamentdə cənab Prezidentin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının nümayəndələrinin çoxluq təşkil etməsi ilə yanaşı, digər partiyalar da təmsil olunurlar. Hörmətli Milli Məclisin Sədri Sahibə Qafarovanın da qeyd etdiyi kimi, parlamentin rəhbər orqanlarının tam dəyişməsi, ilk dəfə müxalifət nümayəndələrinin sədr müavini vəzifəsinə seçilməsi, eyni zamanda, komitələrə sədrlik etməsi də Azərbaycanda yeni sistemə yol açmaqla yanaşı, həm də parlamentin işinə çox müsbət təsirləri oacaq. Ədalət Vəliyevin də qeyd etdiyi kimi, ilk dəfədir ki, Prezidentin Administrasiyasında belə bir struktur yaradılıb. Düşünürəm ki, Prezidentin Administrasiyasında bu şöbənin yaradılması aparılan islahatların ən mühüm tərkib hissəsidir. Bilirsiniz ki, islahatalar təkcə iqtisadiyyatda, mədəniyyətdə, turizmdə getmir. İslahatların əsas qolu qanunvericilikdir.”

R.Həsən vurğulayıb ki, qanunvericilik bazasının təkminləşdirilməsi, modernləşdirilməsi üçün Milli Məclisdə islahatların aparılması vacib idi: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi müxalifət partiyaları ilə dialoqun uğurlu qurulmasında körpü rolunu oynayacaq. Bu da əlbəttə, hər birimizi sevindirir. İnanırıq ki, müxalifət partiyaları ilə baş tutan dialoq görüşü də Azərbaycanda yeni siyasi mədəniyyətin yaranmasına və sağlam əməkdaşlığın güclənməsinə kömək edəcək.”

Orxan Vahidoğlu, “İki sahil”