05 dekabr 2019 20:07
648

Radikal müxalifətin pozuculuq əməlləri iflasa məhkumdur

Azərbaycan əleyhdarları olan xarici dairələrin maliyyəsi və sifarişləri ilə fəaliyyət göstərən, hakimiyyət uğrunda mübarizədə ən iyrənc, normal siyasətçiyə yaraşmayan, qəbuledilməz vasitələrdən istifadə edən AXCP sədri Əli Kərimli, onun marionetkası olan “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Şurasının üzvlərindən olan Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Müsavat Partiyasının başqanı Arif Hacılı, onun sələfi İsa Qəmbər və digərləri son zamanlar dövlətçiliyə, milli maraq və mənafelərə qarşı olan çıxışları, zərərli ritorikaları ilə cəmiyyətdə gərginlik yaratmaq üçün yenə də dəridən-qabıqdan çıxır, necə deyərlər, dil qəfəsə qoymurlar.

Xarici ölkələrdə məskunlaşaraq pərdə arxasından idarə olunan, erməni lobbisi ilə sıx işbirliyində olan qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən bəzi “azərbaycanlı” “siyasi mühacirlərin” internet TV-lərində uzun-uzadı yorucu monoloqlar söyləyən, isterik bəyanatlar səsləndirən məlun dəstənin üzvlərinin atdığı hər addımdan aydın olur ki, bu həşəmətli “demokratlar” xarici antiAzərbaycan şəbəkənin tezisləri ilə silahlanaraq onların tapşırıqlarını yerinə yetirmək, qrantlarını yemək üçün demək olar ki, yarışa giriblər.

AntiAzərbaycan dairələrin və ermənipərəst qüvvələrin maliyyəsi ilə yemlənənlər, onların çirkli pulları ilə səhər-axşam Azərbaycan əleyhinə zingildəşənlər “demokrat” mantiyasına bürünüb, müxalifət maskası taxıb yenə sosial şəbəkələrdə “meydan sulayırlar”. Azərbaycan əlhydarı olan qüvvələrin kuklasına çevrilən, onların beş-üç qəpik tula payına görə Vətəni, xalqı hər an satmağa hazır olan bu marginalların hədəfi yenə ölkəmizdir.

Erməni lobbisinin inhisarında olan bəzi xarici təşkilatların direktivləri ilə hərəkət edən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavatın “lideri” İsa Qəmbər və onların tör-töküntüləri olan Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Qənimət Zahid, Sevinc Osmanqızı və başqaları əvvəllər olduğu kimi, bu gün də xaricdəki ağalarının gözünə girmək üçün çörəyini yeyib, havasını udduqları Azərbaycanın əleyhinə təbliğat kampaniyasının dozasını bir qədər də artırıblar. Bu marionetkalar son illərdə respublikamızdakı inkişafı, onun beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu görməzdən gəlirlər, daha doğrusu, görmək istəmirlər.

Bu xəyanətkarların son zamanlar xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyası cəmiyyətimiz tərəfindən etirazla qarşılanır.

Şübhəsiz, “beşinci kolon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdıran bu müxalifətçilərin əsas məqsədi Azərbaycanın davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir.

Doğrudan da, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan İ. Qəmbər, A.Hacılı, Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz bəd əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, parlament seçkiləri deyil. Bu antimilli ünsürlərin əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Amma çifayda. Onlar əsla və əsla bu çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır. Təəssüf ki, bütün bu nailiyyətləri hər şeyə qara yaxan “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifət başbilənləri görmək istəmirlər.

Bu uğursuz, odioz tiplər, Azərbaycan əleyhdarlarının vitrinə çıxardıqları savadsızlar sanki dünyada, eləcə də regionda nələrin baş verdiyindən xəbərsizdirlər. Od içində yanan Yaxın Şərqdə, Avropada, eləcə də Şimal hüdudlarımızda olub bitənlər ya onların paslanmış beyinlərinə təsir etmir, ya da ki, bu gerizəkalılarda hissiyyat hissləri tamamilə ölüb.

Təbii ki, ötən iyirmi altı illik müxalifətçilikləri dövründə öz şəxsi mənafeləri və cılız ambisiyaları naminə milli və dövlət maraqlarını hər addımbaşı ayaqlar altına atmağa hazır olduqlarını nümayiş etdirən, pozuculuğu, inlkarçılığı ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan dağıdıcı müxalifət təmsilçiləri və onların havadarları öz məqsədlərinə güc, təzyiq vasitəsi ilə nail olmağa cəhd etsələr də heç nəyə nail ola bilməyəcəklər.

Zahid Rza, “İki sahil”