16 avqust 2019 19:16
262

Radikal müxalifət hakimiyyətə qarşı olanlarla iş birliyindədir

Son günlər radikal müxalifət düşərgəsində təmsil olunan dağıdıcı siyasi qurumlar arasında kəskin qarşıdurmalar müşahidə olunmaqdadır. Məlum olduğu kimi, bu günlərdə “Sosial şəbəkə müxalifəti” daxilində yeni, lakin cavabı hər kəs üçün maraqlı olan mövzunun müzakirəsi başlayıb. Bu da “qrant müxalifəti”nin hansı qanadının ermənilərə işləməsi ilə bağlıdır.

Belə ki, ötən gün REAL sədri İlqar Məmmədov status paylaşaraq yazıb ki, “seçkimizin yolunda kim hansı pozada dursa erməni işğalçısının əlaltısıdır. İstər şikayətçi-boykotçu pozasında, istər saxtakar pozasında”. Şübhəsiz ki, İlqar Məmmədovun bu sözlərinin birbaşa seçkiləri boykot yolunu tutan AXCP, “Milli Şura” və Müsavata aid olduğunu anlayanlar REAL sədrinə cavablarını belə gecikdirmədilər.

“Milli Şura”nın Koordinasiya Mərkəzinin və Müsavatın Divan üzvü Tofiq Yaqublu “Azadlıq” qəzetinin “youtube” kanalına müsahibəsində deyib ki, Azərbaycanda indiki şəraitdə seçki keçirilərsə, müxalifət olaraq bu seçkidə nə Müsavat, nə “Milli Şura” iştirak edəcək. “REAL sədri İlqar Məmmədov seçkini boykot edənləri erməni işğalçılarının əlaltısı adlandırır. Mən isə deyirəm ki, bu şəraitdə seçkiyə getmək özü erməni marağına xidmətdir”.

Gültəkin Hacıbəyli də REAL sədri İlqar Məmmədovun açıqlamasına münasibət bildirərək yazıb ki, bir siyasətçiyə 10 milyonluq xalqı aşağılamaq haqqını kim verib görəsən?!: “İlqar Məmmədov “erməni əlaltısı” deyib təhqir etdiyi insanlardan səs almaq üçünmü seçkilərə gedir?!”.

Göründüyü kimi, İlqar Məmmədovun seçkini boykot edənləri hədəfə alması, onları “siyasi poza” diskussiyasına çəkməsi “Sosial şəbəkə müxalifəti” daxilində vəziyyəti gərginləşdirib.

Siyasi ekspert Azər Həsrət sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ümumilikdə hamını emənilərə işləməkdə ittiham etmək doğru olmazdı: “Amma konkret situasiyalarda adlarını çəkdiyiniz bir sıra siyasi qurumların bəzi qanadları və yaxud da bəzi hissələri doğrudan da ermənilərlə həmahəng hərəkət edirlər. Yəni, Azərbaycan hakimiyyətinə qarşı olanlarla iş birliyi qururlar. Sözsüz ki, xaricdə Azərbaycan hakimiyyətinə qarşı olan əsas qüvvələrdən biri də Ermənistan hakimiyyəti və ermənilərə bağlı çevrələrdir. Əlbəttə ki, ermənilərə bağlı çevrələrin Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı olması hardasa anlaşılandır. Amma onlarla bərabər hərəkət edən Azərbaycan müxalifətini anlamaq çətindir. Çünki əgər düşmən sənin dövlətinə, hakimiyyətinə qarşıdırsa deməli sənin ölkəndə olan inkişaf onları narahat edir. Amma təəssüflər olsun ki, ölkəmizdə müəyyən qüvvələr var ki, ermənilərlə bir sırada durur və onların tapşırıqlarına əsasən hərəkət edirlər. Göründüyü kimi, onlar üçün Azərbaycan hakimiyyəti, dövləti, xalqı önəmli deyil. Onların bu işləri görməkdə məqsədləri üç-beş qəpik qrantların olmasıdır. Biz də Azərbaycan vətəndaşları olaraq o, adamların bu cür əməllərini görür və onlara layiqli cavablarını hər zaman veririk. Qaldı ki, REAL sədri İlqar Məmmədovun məlum açıqlamasına radikal müxalifət düşərgəsinin verdiyi cavablar sadəcə olaraq onlar bu cür açıqlamalarla özlərini gülüş obyektinə çevirmiş olurlar”.

Mənsumə Babayeva, “İki sahil”