14 iyun 2019 21:11
448

Qurtuluşdan başlanan inkişaf

28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti müstəqilliyimizin ilk illərində ölkəmizin yaşadığı duruma yönəldərək bildirmişdir ki, 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi:

“1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.”

Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə  yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar göydəndüşmə deyil, böyük  səylərin və qətiyyətin  nəticəsidir. 1993-cü ilin  bu günlərini yada salaq. Həmin dövrdən bizi 26 illik zaman  ayırır. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi xalqın sabaha ümidlərini  heçə endirmişdir. “Olum, ya ölüm” dilemması qarşısında qalan  Azərbaycan xalqı vəziyyətdən çıxış yolu axtarırdı.  Belə çətin məqamda   Azərbaycan xalqı ulu öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışı  tələbi ilə ayağa qalxdı.  İyunun 9-da Bakıya  qayıdışı ilə  Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər  Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.

Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq  onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev  uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı  böyük bəlalardan, dağılmaqdan xilas etdi.  Məhz  onun  xidmətləri sayəsində  Azərbaycanda dövlət müstəqilliyinin  əsasları gücləndirildi.  Azərbaycan  bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Məhz tarixi paralellər 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi  yazılmasını şərtləndirən amillərə işıq salır.  Ulu öndər Heydər Əliyev üçün  ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, süverenliyi idi. Ümummilli  Lider 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir:  “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.” Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzanlanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu.  Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin   imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla  müqavilə, Anlaşma memorandumları Azərbaycanın bu gününə, sabahına olan inamdan qaynaqlanır. Artıq qeyd etdiyimiz kimi, bu gün dünya TAP, TANAP,  Cənub Qaz Dəhlizi layihələrinin  perspektivlərindən bəhs edir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.  

Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyini qarşıya mühüm vəzifə kimi qoyurdu. Azərbaycanın demokratiya yolunda inamlı addımları  dahi şəxsiyyətin  uğurlu islahatlarından qaynaqlanır. Azərbaycanın demokratik inkişafını qəbul etməyən daxili və xarici qüvvələr hər vəchlə  bu yolda böyük maneələr yaratmağa çalışırdılar. Ölkəmizin  Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq yolunda hansı maneələrlə üzləşdiyi hər kəsə məlumdur. Lakin ulu öndər Heydər Əliyev uğurlu addımları ilə bu maneələri dəf etdi, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul olundu, həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı bu mötəbər qurumun qarşısında dalğalandı. Beləliklə, ölkəmiz öz həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün növbəti tribunanı əldə etdi. Bu  uğurumuzu şərtləndirən əsas amillər təbii ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması və s. kimi  sahələrdə uğurların əldə edilməsi idi. Bu addımların nəticəsidir ki, hazırda  Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Dövlətimizin başçısı  Respublika Günü münasibətilə rəsmi qəbulda da bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanda bütün azadlıqlar bundan sonra da  təmin ediləcək  və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir.

Artıq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin  səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlukəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsidir.

Dahi şəxsiyyət Heydər Əliyev  1993-cü ildə keçirilən andiçmə mərasimində bu əsas məqamı da diqqətə çatdırmışdır ki, belə bir yüksək və məsuliyyətli vəzifəsini öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.  Məhz xalq-Heydər Əliyev birliyi, həmrəyliyi bugünkü uğurların təməlində dayanır. Aforizmə çevrilən “Heydər Əliyevin adı çəkiləndə  Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür” fikri də  reallıqlara əsaslanır. Ulu Öndər bildirmişdir: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında  ulu öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaqdır.   Birinci hakimiyyəti illərində  iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı bayraqlar ölkəsinə çevirən   ulu öndər  Heydər Əliyev 1993-cü ildə hakimiyyətə  qayıdışı,  müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz onun hakimiyyətə qayıdışı ilə  başlamışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qüdrəti ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı.

Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu.  Məhz həmin dövrdə ölkəmizə qarşı ədalətsiz 907-ci düzəliş qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Uğurlu daxili və xarici siyasət nəticəsində  erməni yalanları ifşa olundu, dünya Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə çalışdı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı, eyni zamanda Azərbaycan dövlətinin  diplomatik səyləri nəticəsində  “907-ci düzəliş”in ədalətsizliyi təsdiqləndi. Ulu öndər Heydər Əliyevin elə bir ölkəyə səfəri olmazdı ki, aparılan danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltməsin. Xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı  beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapır. Bu təhlillər əsasında mütəmadi səsləndirilən “Qurtuluş Azərbaycana nə verdi” sualana cavablardan biri məhz budur ki,  Azərbaycan beynəlxalq təcriddən informasiya blokadasından çıxa bildi. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.   

Təbii ki, bir yazı çərçivəsində Qurtuluşun ölkəmizə qazandırdığı uğurları əhatə etmək qeyri mümkündür. Ümumiləşdirilmiş şəkildə desək,  Azərbaycan tarixinə qızıl hərflərlə yazılan  Milli Qurtuluş Günü  ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi budur ki,  son 15 ildən artıq dövrdə Heydər Əliyev siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir.

Yeganə Əliyeva, “İki sahil”