11 iyun 2019 10:20
259

Qurtuluşa gedən yol və Heydər Əliyevin xilaskarlıq missiyası

Tarixi faktlar sübut edir ki, hər bir qəhrəman, dövlət xadimi öz xalqının təcəssümü, gedənlərlə yeni gələnlər arasında sınaq xəttidir. Siyasi fəaliyyəti dövründə iki dəfə-”Azərbaycan iri addımlarla irəliləyir” şüarının zərb- məsələyə çevrildiyi 1969- 1982-ci illərdə və 1993-2003-cü dövrü əhatə edən müddətdə Azərbaycan xalqına əsl lider kimi bələdçilik etmiş ulu öndər Heydər Əliyev birinci müddətdə sovet Azərbaycanına, ikinci müddətdə isə canından artıq sevdiyi müstəqil respublikamıza başçılıq etmişdir.

Dünya təcrübəsi göstərir ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər. Cəmiyyətə və dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik ümummilli lider Heydər Əliyev isə müdriklərə , uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ölkə iqtisadiyyatını, neft sənayesini və aqrar sahəni inkişaf etdirərək, liderliyə xas olan səbr, dözüm və qətiyyət kimi keyfiyyətləri özündə birləşdirərək bütün çətinliklərə qalib gəldi. Tanınmış siyasətçi Uinston Çörçilin söylədiyi sözlər sanki ulu öndər Heydər Əliyev şəxsiyyətinin formulu, məntiqi ifadəsi idi: “ Heç vaxt təslim olma...Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın. Vicdanın hökmündən və yaxşı zövqdən başqa.”

Ulu öndər Heydər Əliyev liderlik kapitalını şərtləndirən formulu görmək ustadlığını, müdrikliyi, cəsarəti, inam qazanmaq qabiliyyətini, səmərəli ünsiyyət yaratmaq bacarığını və dəyərlər sistemini şəxsiyyətində birləşdirərək ən ağır zamanlarda belə canından artıq sevdiyi Azərbaycanı bütün bəlalardan, bölünmək təhlükəsindən xilas etməyi bacardı. Mahir idarəetmə bacarığını tamamlayan onun xalqına, Vətəninə, torpağının hər qarışına, milli adət- ənənələrimizə və mənəvi dəyərlərimizə bağlılığı idi.

Kremlin məkrli oyunlarından sonra Vətəni Azərbaycana dönən ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətini , hörmətini özlərinin süqutu hesab edənlər, onun Bakı küçələrində görünməsindən belə xoflananlar bu müdrik insanın paytaxtdan uzaqlaşdırılması üçün hər cür rəzilliyə əl atdılar. Böyüyüb boya-başa çatdığı Naxçıvanda yaşadığı dövrdə belə Ulu Öndərə qarşı təxribatlarından əl çəkməyən səbatsızlar Ermənistan tərəfindən blokadaya alınan naxçıvanlıların ərzaq və yanacaqla təminatına da əngəl törədirdilər. Blokadanın vurduğu ziyan çox olsa da, Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin nüfuzu sayəsində qonşu İran və Türkiyədən ayrılan yardımlar hesabına muxtar respublikanın üzləşdiyi çətinliklər aradan qaldırıldı. “Ümid körpüsü” salındı. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi bərpa olundu, həmyerlilərimizin birliyinə hesablanmış 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Naxçıvan şəhərində bir neçə müddətdən bəri fəaliyyətsiz qalmış təyyarə limanının “donu” açıldı. İnsanları bir məqsəd, amal naminə ətrafına toplayan Yeni Azərbaycan Partiyası təsis olundu.

AXC-Müsavat iqtidarı dövründə səriştəsiz rəhbərlərlə danışıqlara əhəmiyyət verməyən xarici qonaqların, jurnalistlərin Azərbaycanda baş verən hadisələrin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutmaları, o zaman muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etmələri, insanların Ulu Öndərə böyük ümid bəsləmələri Prezident Elçibəy başda olmaqla Əli Kərimli , İsa Qəmbər komandasında təmsil olunan səriştəsiz rəhbərləri qısqandırırdı. Belə güclü, qətiyyətli , zəngin dövlətçilik təcrübəsinə malik bir siyasi xadimlə müqayisədə gücsüzlüklərini etiraf etməyə cəsarətləri çatmasa da, dolayı yollarla Ulu Öndərin getdikcə artan nüfuzundan qorxan iqtidarsız iqtidarlar hər addımda dövləti idarəetmə işində səriştəsizliklərini ortaya qoydular. Naxçıvanda siyasi sabitliyi pozmağa çalışır, təxribatlar törədirdilər. 1992-ci ildə insanların ümid yeri olan Heydər Əliyevi devirmək üçün qiyam təşkil edən xalq cəbhəsinin silahlı adamlari zorla muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Radio və Televiziya Verilişləri Komitəsinin binasını zəbt edərək Ali Məclisin binasına doğru hərəkət etdilər. Məqsəd isə müdrik siyasətçi Heydər Əliyevin həyatına sui-qəsd təşkil etmək idi. Lakin AXC-Müsavat cütlüyünün hakimiyyətdə təmsil olunan səriştəsizləri unudurdular ki, onlardan fərqli olaraq ulu öndər Heydər Əliyevin arxasında xilaskarlarını hər cür təhlükələrdən qorumağı bacaran xalq dayanırdı. Belə ki, Bakıdan Naxçıvana göndərilən, çevrilişə cəhd edən silahlıların köməyinə gələn xüsusi təyinatlıları gətirən təyyarələr də xalqın iradəsinə güc gələ bilmədi. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının gücləndiyi bir zamanda -1993-cü ilin yazında bir neçə kəndi birləşdirməklə qondarma “Ləzgistan” yaratmaq barədəki təxribatlar, Lənkəranda qarajda adi bir işdə çalışan, AXC-Müsavat iqtidarının yetirdiyi “polkovnik” Əlikram Hümbətovun “Talış-Muğan Respublikası” təşkil etmək iddiası Azərbaycanın suverenliyi üçün real təhlükə idi.

Azərbaycanda müstəqilliyin təhlükədə olduğu məqamlar çox olsa da, 4 iyun Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoyan Gəncə hadisələri, şəhərdəki 709 və 130 saylı hərbi hissələrdə başlanan qiyam isə vəziyyəti daha da ağırlaşdırmaqla, müstəqilliyimizin növbəti dəfə itirilməsi təhlükəsini yaratdı . Gəncədə ipək fabrikində adi mühəndis işləyən daha bir “polkovnik”, hətta Milli Qəhrəman adını almış Surət Hüseynovun qiyamçıları mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular.

O günlərdə Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan MR Ali Məclisi ilə muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında hadisələr geniş təhlil olundu. Qarşıdurmalardan ən çox narahat olan, Azərbaycanı canından artıq sevən Heydər Əliyev aydın başa düşürdü ki, paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Muxtar respublika ictimaiyyətinin narahatlığı həmin iclasda qəbul olunan və ulu öndər Heydər Əliyevin siyasi əhəmiyyətli sənəd hesab etdiyi bəyanatda da əksini tapırdı: “ İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və kəşməkəşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik.”

Hakimiyyət hərislərinin kreslo uğrunda mübarizəsi xalqa ağır məşəqqətlər yaşatdı. O dövrdə “mənəm-mənəm” deyənlərin özbaşınalığı, AXC-Müsavat hakimiyyətinin düzgün parametrlərə əsaslanan dövlət idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına təhlükə yaratmışdı. İqtisadiyyatın bütün sahələrini böhran bürümüşdü.

O dövrdə hakimiyyətdə təmsil olunanlara diqqət yetirək. Parlamentin sədri 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməyən kiçik elmi işçi idi. Əvvəllər kiçik mövsümi ticarətlə məşğul olan “baş nazir” postu bazar təfəkkürlü şəxs üçün olduqca ağır idi. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC-Müsavat hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda “bəylər” tərəfindən məşuqələrinə “ərməğan” edilmişdi. Adi fizika müəllimi, Şuşanın itirilməsində bilavasitə əli olan, ordunu iflic vəziyyətinə salan “müdafiə naziri” müstəqil tərəf kimi səbatsız parlament sədrinə və prezidentə meydan oxuyurdu. “Daxili işlər naziri” qoçuluq edərək canlı efirdə belə müxalifət nümayəndəsini döysə də, buna görə heç bir məsuliyyət daşımamışdır. Üstəlik Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC-Müsavat hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi.

Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində reketliklə məşğul idilər. Ən təhlükəli isə cinayətkarların, kriminal düşüncəli adamların dövlət vəzifələrinə təyinatı idi. Ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı. Fizika İnstitutunun diplomatik təcrübəsi olmayan kiçik elmi işçisi xarici işlər naziri idi. Vəzifəyə təyinat üçün kriteriya cəbhəçi və ya müsavatçı olmaq idi. Hakimiyyət daxilində yaranan Müsavat, “Yurd”, “Boz qurd”, “boz pencəklilər” arasında birincilik uğrunda mübarizə gedirdi;

İqtidarda təmsil olunan Əli Kərimlinin nəzarətindəki media qurumları baş nazir və spikeri ələ salır, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Belə daxili didişmələr, başıpozuqluq, xalq tərəfindən inamsızlıq nəticəsində cəmi 1 il hakimiyyətdə qalan qara qüvvələrin iqtidarlığı Azərbaycanın yeni tarixinin ən faciəli dövrü idi. Ən acınacaqlısı isə Prezident, Ali Baş Komandan olduğunu unudan birinci şəxs ölkədə real vəziyyətdən, cəbhədəki durumdan xəbərsiz idi.

Sonradan özlərinin də etiraf etdikləri kimi, prezident seçkilərində Ə. Elçibəyə etimad göstəricisi 33 faizi ötməmişdi. Yəni “xalqın etimadı ilə hakimiyyətə gəldiklərini” bildirən AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Xalq xilas yolunu axtardı. Bu yolun bələdçisi isə ulu öndər Heydər Əliyev idi.

Xalqın haqlı tələbinə diqqətlə yanaşan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. Gəncə hadisələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncəyə gedən Ulu Öndər Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək, siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu.

Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verən ulu öndər Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: “ Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə , qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır.”

Bu sessiya Gəncə hadisələrinin geniş miqyas almasına mane olmaqla başqa bir məqamla da Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Həmin gün deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin gün Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü, əbədiyyət rəmzi kimi yazıldı.

Xuraman İsmayılqızı, “İki sahil”