Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Vəli İlyasov

“Qurd qapısı”ndan Bakı üzərinə başlanan hücum

31 avqust 2020 17:56
1795

1918-ci ilin mart ayında Bakıda başlanmış azərbaycanlıların soyqırımı bölgələrdə hələ də davam edirdi. Qarabağda, Zəngəzurda, Göyçədə, Naxçıvanda erməni silahlı dəstələrinin hücumları səngimək bilmirdi. Onlar kəndləri yandırır, əliyalın günahsız soydaşlarımızı barbar üsullarla, dözülməz işgəncələrlə qətlə yetirirdilər. Bolşevik-daşnak  hakimiyyətinin istibdadından səbr kasası daşmış Azərbaycan xalqı ayağa qalxaraq azadlıq tələb edirdi. Bir qrup ictimai-siyasi xadim başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Tiflisdəki Zaqafqaziya Seymində iştirak edərək Azərbaycanın  “İstiqlal bəyannaməsi”ni elan etdi. Ancaq vəziyyət son dərəcə gərgin idi və bu məramın həyata keçirilməsi üçün böyük hərbi qüvvə tələb olunurdu.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğuna görə milli hökumət müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdi. Ancaq müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin əsas vəzifəsi ilk növbədə Bakını işğaldan azad etmək idi. Ancaq milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik yaxşı silahlandırılmış qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Bunu nəzərə alaraq cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək qardaş Türkiyə dövlətindən kömək istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti götür-qoy edərək kiçik qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi.

1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Lakin quldur yuvası olan Bakı Sovetinin bolşevik-daşnak ordusu milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma keçmişdi.

Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhalisi talanlara və soyqırıma məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz Türk İslam Ordusu Bakı istiqamətində əks- hücuma başladı. Daşnak-bolşevik qoşunu məğlub edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı. 

Həmin vaxt bolşeviklərə qarşı olan və çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak  diviziyasının komandiri, polkovnik Lazar Biçeraxovun qoşunu da Bakıda idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyi tutmuşdu. 

Bakıda gərginlik gündən-günə artırdı. Xalq Komissarları Sovetinin anti-Azərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxardı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq “Sentrokaspi” diktaturası  yaratdılar. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmağı və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etməyi planlaşdırdı. Avqustun 4-də Ənzəlidə toplanmış 300 zabit və əsgərdən ibarət ilk ingilis batalyonu gəmi ilə Bakıya gəldi. Şəhərin azad edilməsi üçün ilk cəhd  avqustun 5-də göstərildi. Həmin gün Qafqaz Türk İslam Ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə “Qurd qapısı” istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu. Petrovun komandanlığı altında sərt mövqelərdə səngərlənmiş bolşevik qüvvələri güclü müqavimət göstərdilər və ilk hücum uğursuz nəticələndi. 

Bu arada-avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası) otelində, ordunun digər zabitləri isə "Metropol" (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası) otelində yerləşdirilmişdilər. Denstervilə Bakı neftinə sahib olmaq üçün  Qafqaz Türk İslam Ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi. 

Fikir və planlarında sabit olmayan və tez-tez dəyişiklik edən polkovnik Biçeraxov general Denstervillə gizli razılığa gələrək türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Lakin sonrakı günlərdə Biçeraxov Qafqaz İslam Ordusu qarşısında məğlubiyyətin labüd olduğunu görərək iyulun 30-da diviziyasını cəbhə xəttindən çıxarıb geriyə-  Mahaçqala istiqamətində şimala çəkildi.

Paytaxt dövrələmə mühasirəyə alındı və Qafqaz Türk İslam Ordusunun sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumu ilə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Çəmbərəkənd uğrunda döyüşlərdə hər iki tərəf böyük itkilər versə də sonda bolşevik qoşunları ağır məğlubiyyətə uğradılar. Elə həmin günün axşamı general Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün “Sentrokaspi” diktaturası süquta uğradı, onun rəhbərləri isə gəmilərə doluşaraq qaçdılar. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları ikigünlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. 

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı milyonçuları və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Əslində bu, parad deyil, ümumxalq bayramı idi.  Neftxuda Hacı Zeynalabdin Tağıyev Filarmoniya binasında keçirilən təntənəli yığıncaqda  Nuru Paşaya və hərbi hissələrin komandirlərinə qiymətli hədiyyələr bağışladı.

Möhtəşəm  tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başlandı.

Xatırlatmaq lazımdır ki, Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdir. Ümumiyyətlə, xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrin hər birində onlarca şəhid qəbirləri mövcuddur. 

1919-cu ilin sentyabrında o zamankı Çəmbərəkənddə- indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Qaniçən bolşevik hakimiyyəti oradakı türk döyüşçülərinin qəbirlərini dağıdaraq yerində dağüstü park saldı və Azərbaycan xalqına zülm etmiş Sergey Kirovun heykəlini qondardı.  Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad etmişdir. 

Keçən əsrin sonlarında Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra, 1999-cu ildə Qafqaz Türk İslam Ordusunun şərəfinə Şəhidlər Xiyabanında abidə ucaldıldı. İndi biz daim bu müqəddəs yeri sonsuz ehtiramla ziyarət edirik.

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir. Biz o günü həmişə dərin minnətdarlıqla yad edirik.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?