KÖŞƏ

Müşfiq Ələsgərli
Jurnalist Həmkarlar İttifaqının sədri

Qulu Məhərrəmlinin “peşıkarlıq” və “dürüstlük” formulunun təzadları

04 avqust 2019 22:25
786

GünAz TV (Güney Azərbaycan Televiziyası)  siyasi mühacir həyatı yaşayan cənublu soydaşlarımız tərəfindən yaradılıb. ABŞ-da mənzillənən,  Çikaqo şəhərindən yayımlanan TV-nin veb səhifəsində, "Hədəflər" kateqoriyasında göstərilir ki, "İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşıdır, Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımına,  dil asimilasyonuna qarşı mübarizə aparır".

İnsafən desək, GünAz TV Güney Azərbaycan türklərinin hüquqlarının tanınması, dillərinin status alması yolunda  önəmli  işlər görüb; ən azı, Güney azərbaycanlıların problemləri barədə rəqəmsal məzmun yaradıb, internetdə  Güney Azərbaycan mövzusunda  axtarış aparanlar üçün əlçatımlı mənbəyə çevrilib. Məsələn, 30 iyul 2019 tarixdə İran parlamentində çıxış edən Üskünlü  (Üşkaya) millət vəkili  Zəhra Sainin  ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlərlərini bir neçə xarici dilə çevirərək, yayımlayıb.  "Biz nə üçün Azərbaycan türkcəsində yazıb oxumamalıyıq?!" başlığı ilə yayımlanan məqalədə ilk andan təəssürat yaradılır ki, Güney Azərbaycanda (İran Azərbaycanında) Azərbaycan Türkcəsinin işlədilməsi  qanunsuz olaraq məhdudlaşdırılır və  bu ədalətsizlik aradan qaldırılmalıdır ( https://www.gunaz.tv/az/xeberler/guney-azerbaycan-1/tebrizin-millet-vekili-biz-ne-ucun-azerbaycanda-turkce-yazib-oxumamaliyiq-video-118486 ). Bu tip materiallara əsaslanıb düşünmək olar ki,  GünAzTV  Güney azərbaycanlıların oyanış hərəkatının ruporu kimi çıxış edir.  Amma Güney Azərbaycan problemi, Bütöv  Azərbaycançılıq məfkurəsi kimi mövzular üzrə ixtisaslaşmış istənilən şəxsi danışdırsanız, deyəcəklər ki, GünAz TV-nin fəaliyyəti birmənalı deyil, Azərbaycan mövzusuna yanaşması ziddiyyətlidir.  İrəli gedib GünAz TV-ni  İran rejiminin əlaltısı  kimi dəyərləndirənlər, yaxud əksinə, ABŞ   kəşfiyyat strukturlarına  bağlayanlar az deyil. Bir sözlə, GünAz TV-ni Güney Azərbaycanın oyanış hərəkatına xidmətdən daha çox, fərqli məqsədlərin xidmətçisi kimi təqdim edirlər. Belə  yanaşmanın hansı səbəblərdən qaynaqlanmasını, iddiaların nə dərəcədə obyektiv olmasını müəyyənləşdirmək asan deyil. Amma qəribə gəlməsin, çünki, işin içində professor Qulu Məhərrəmli var.

İyulun 30-da  GünAz TV-nin veb səhifəsində Zəhra Sainin  çıxışını əks etdirən videomaterialla  paralel şəkildə başqa bir veriliş da yayımlanıb: professor Qulu Məhərrəmlinin "Mətbuat aynası" proqramı.  Debat formasında qurulmuş bu veriliş, normal məntiqlə, əslində  Güney Azərbaycan mediasının durumuna  həsr edilməli, İranda azərbaycandilli medianın problemlərini müzakirə etməli, Zəhra Sainin  tezislərini qüvvətləndirməli, ona dəstək olmalı idi. Amma  Qulu Məhərrəmlinin moderatorluq etdiyi  proqramın hədəfi Güney Azərbaycanda anadilli media problemi deyil, Quzey Azərbaycandır,  Azərbaycan Respublikasıdır. Veriliş boyunca müzakirə edilən mövzu isə, Azərbaycan Respublikasında   "medianın problemləri", "demokratiyanın boğulması", "fikir plüralizminin məhdudlaşdırılması", "siyasi partiyaların küncə sıxışdırılması", "vicdan azadlığının yoxluğu, inanclı insanların təqib edilməsi, "etnik topluluqların hüquqlarının yalnız sözdə, azərbaycançılıq ideologiyasında tanınması, gerçəkdə isə əksinin olması"dır. Bir sözlə, dünya ictimaiyyətinin  İran haqqında düşüncələrində nə qədər neqativ varsa, Qulu Məhərrəmli onları "kopyalayıb" yığır Azərbaycan Respublikasının adının qarşısına. Paradoksal deyilmi?  İran mövzusu  dünyanın diqqət mərkəzində olduğu,  Güney Azərbaycan mövzusunun masalara oturdulduğu  bir vaxtda  mövzunu dəyişib "Azərbaycan Respublikasındakı problemləri" qabartmaq, gündəmə çevirmək kimə lazımdır? Həm də bu proses Güney azərbaycanlıların haqq səsinin təmsilçisi olduğunu iddia edən bir TV-də baş verir. Təqdim olunan linki tıklayıb diqqətlə qulaq assanız, duyacaqsınız ki, sanki professor  Güney azərbaycanlılara  gizli ismarıc çatdırır, diqtə edir ki,  "Azərbaycanlı zehniyyəti müstəqil, güclü, demokratik dövlət qurmağa qadir deyil"  (https://www.gunaz.tv/az/xeberler/guney-azerbaycan-1/video-gunaztv-iyul-30-2019-metbuat-aynasinda-115-ci-bolum-siyasi-medeniyyet-118480 ).   

Professor bu şüuraltı mesajı çatdırmaq üçün bütün vasitələrdən istifadə edir, 1918-ci ildə qurulmuş AXC ilə 3-cü respublika arasında paralellər aparır. GünAzTV-nin saytına daxil olun, orada Qulu Məhərrəmlinin çıxışlarına baxın. Mən yalnız bir  linki təqdim etmişəm, bənzər motivli verilişlər "n" qədərdir.  İzlədikcə bəlli olur ki, "Azərbaycanlı zehniyyətinin aşağılanması, azərbaycanlıların  müstəqil, güclü, demokratik dövlət qurmağa qadir olmaması" və bütün bunların "Azərbaycan Respublikasının simasında təcəlli etməsi"   barədə düşüncələr  Qulu Məhərrəmli yaradıcılığında bir xətt kimi keçir. Güney azərbaycanlıların diqqətlə izlədikləri bir  TV-də, Güney azərbaycanlıların  idealına çevrilmiş Azərbaycan Respublikası barədə neqativ təbliğat aparmaq, onu "imitasiya xarakterli dövlət"  kimi təqdim etmək, "Azərbaycanlıların qurduğu dövlət belə bərbad olur" təəssüratı yaratmaq  çoxmu zəruridir? Belə yanaşma  Qulu Məhərrəmlinin simasında GünAzTV-nin təkcə  Güney Azərbycan siyasətinə  deyil, elə  Quzey Azərbaycan siyasətinə də kölgə salmırmı? ...

Qulu Məhərrəmli və GünAzTV  Prezidentin mesajlarını şübhəyə alır

Azərbaycanlı obrazını və Azərbaycan dövlətinin simasını  dünyaya tanıtmaq üçün Azərbaycan Prezidentinin  beynəlxalq ictimaiyyətə ünvanladığı modern mesajlar var: "Azərbaycan multikulturalizm beşiyidir", "Azərbaycan dinlərarası dioloq üçün ən layiqli məkandır, tolerantlıq nümunəsidir", "Azərbaycan sabitliyin və demokratiyanın vəhdətdə olduğu ölkədir", "Azərbaycan gənc, inkişaf edən  dövlətdir" və sair. Bunlar təkcə tezis, şüar deyil, dövlət başçısı bu fikirlərin həyatda reallığa çevrildiyini isbatlayan tədbirlər keçirilməsinə imza atır.  Amma bu şüarlar hamısı  "Mətbuat aynası"da şübhəyə alınır, yalanlanır, əksi barədə təəssürat formalaşdırılır. Proqramı izlədikcə düşünürsən ki,  Qulu Məhərrəmli Prezidentin bütün çıxışlarını diqqətlə dinləyib, onun beynəlxalq ictimaiyyətə ünvanladığı  mesajlardan, tezislərindən ibarət "konspekt" hazırlayıb, tutub əlində və dəqiq sıralama ilə hər birinin əksini sübut etməyə çalışır: Azərbaycan Respublikasında   "media azadlığı yoxdur", "demokratiya boğulub", "fikir plüralizmi  məhdudlaşdırılıb", "siyasi partiyalara fəaliyyət üçün imkan verilmir" və sair, və ilaxır. Düzdür, Qulu müəllim "peşəkar" olduğundan  burada özü üçün manevr imkanları yaradır, qeyd edilən fikirləri şəxsi dilindən deyil, müsahibinin dilindən səsləndirir. Amma ölkədə peşəkar təkcə Qulu Məhərrəmli deyil ki. Başqa peşəkarlar da deyirlər ki, efirə dəvət edilən müsahibin kimliyini nəzərə almaqla, onun  nələr deyə biləcəyi təqribi də olsa,  öncədən bilinir. 

Aparılan xətt GünAzTV-nin siyasətinin göstəricisidir, yoxsa Qulu Məhərrəmlinin özfəaliyyətinin nəticəsi?  Suallar çoxdur. Cavablar barədə isə hərə bir ehtimal deyir. Səbəbi Qulu Məhərrəmlinin Fətullah Gülənlə bağlarında axtaranlar var. Ehtimal edirlər ki, professor Gülən komandası ilə əlaqəni kəsməyib, indiki şübhəli davranışları da  Pensilvaniyadan gələn tapşırıqların nəticəsidir. Qisasçılıq hissini ortaya çəkənlər də var. Bunlarla işim yox. Həqiqət yükü çox olsa da, işimizi ehtimallar deyil,  əldə olan materillar üzərində quraq.

Mediada dərc edilmiş, yayımlanmış materiallar   isbat edirlər ki, professorun davranışlarında anlaşılmayan  məqamlar çoxdur.

Yazıçı Əkrəm Əylislinin mediada varisi    

Qulu Məhərrəmli Azərbaycan mövzusuna yanaşmada anlaşmaz mövqe sərgiləyən yeganə şəxs deyil. Diqqətli oxucular yazıçı Əkrəm  Əylislinin 2012-ci ildə  Rusiyanın "Drujba narodov" jurnalında rusca çap edilən və  Azərbaycanda böyük səs-küyə səbəb olan "Daş yuxular" romanını xatırlayırlar. Həmin roman çox qısa müddətdə  Ermənistanda "Nork" nəşriyyatı tərəfindən  erməni dilinə çevrilərək nəşr olunmuş, "Ermənilərin haqq işinə bəraət qazandıran arqument" kimi geniş təqdimatı keçirilmişdi. Azərbaycan ictimaiyyəti  haqlı olaraq  yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda,

ermənilərə rəğbət göstərməkdə, tarixi təhrif etməkdə ittiham edirdi. Əylisli isə bütün bunları "azad yazıçı təxəyyülünə qarşı terror" kimi dəyərləndirmişdi. Prosesin davamı göstərdi ki, "Azərbaycanın və azərbaycançılığın" aşağılanması, ermənilər yanında əskik tutulması, dünyaya yanlış simada təqdim edilməsi vahid  proqram halında hazırlanmış, bütün platformalarda gerçəkləşdirilməsi üçün planlar qurulmuşdur. Əkrəm Əylislinin bədii ədəbiyyat platformasında etdiklərini, "psixoloq" Nərmin Şahmarzadə sosial şəbəkələr platformasında təkrarladı. Onun 2018-ci ildə qəhrəman  Mübariz İbrahimov barədə sosial şəbəkələrdə apardığı aşağılayıcı kampaniyanı, yəqin ki, hər kəs xatırlayır. "Qaniçən"  Mübariz İbrahimov "məzlum erməniləri" öldürməkdə ittiham olunurdu.  Arqumentləri uzlaşdıranda nəticə çıxır ki, professor Qulu Məhərrəmlinin indi media platformasında etdikləri, Əkrəm Əylislinin bədii ədəbiyyat, Nərmin Şahmarzadənin sosial şəbəkələr platformasında etdiklərinin davamıdır. Qulu Məhərrəmli və onun təmsil olunduğu qrup gecə-gündüz təbliğat aparır ki, "Azərbaycan mediası regionda Ermənistandan və Gürcüstandan çox geri qalır". Səbəbini isə, media azadlığının boğulması, yəni demokratik mühitin olmaması ilə izah edirlər. Mən medianın problemsiz olması iddiasında deyiləm, inkişaf da var, problemlər də. Amma media azadlığının ölçü meyarı kimi hər dəfə Ermənistanın göstərilməsi, Ermənistanın Azərbaycandan öndə olmasının iddia edilməsi fərqli yanaşmadır. Burada vurğu  Azərbaycan mediasının problemlərinin üzərinə deyil,  Ermənistanın demokratik göstəricilərə, media azadlığı mühitinə görə Azərbaycandan öndə olması üzərinə qoyulur.  Məsələ bu ki, Azərbaycanın domokratik göstəricilərə görə (o cümlədən, media azadlığı mühitinə görə) Ermənistandan geri qalması bir siyasi xətt olaraq beynəlxalq güc mərkəzləri  tərəfindən ictimai rəyə yeridilir və bunun üçün "yerli ekspertlərə" istinad olunur. Həmin "yerli eksperlər" sırasında ən çox istinad edilənlərdən biri də, professor Qulu Məhərrəmlinin təmsil olunduğu çevrədir. Onlar həm mediadakı çıxışlarında, həm də hazırlayıb xaricə ötürdükləri hesabatlarda bu xətti çox dürüst şəkildə davam etdirirlər.  Ötən yazımda bu məqama toxunduğum üçün, təkrarlamıram. Linki tədim edirəm, maraqlananlar tanış olsun. Linkdə kifayət qədər dəlil-sübut var  (https://news.milli.az/politics/772570.html?fbclid=IwAR2f96ZWvU3DSjo7ZFF2zxh5__ebrnsAbsmH7_SDUeuWYRC60roxjNccEgc ) . Amma materialda bir məqama diqqət yetirilməsini tövsiyyə edərdim: öncələr insan haqları üzrə hazırlanmış bütün beynxalq hesabatlarda, adətən, Azərbaycan Ermənistanla qoşa tutular, eyni rəngdə göstərilər və ölkəmizdə haqlı narazılıq doğurardı. 2011-ci ildən etibarən bu tentensiya dəyişdi. Azərbaycan nəinki Ermənistanla qoşa tutuldu, hətta Erməistandan bir pillə geri çəkildi. "Freedom House"  və "Sərhədsiz reportyorlar"ın  saytlarında arxivə baxsanız, özünüz də görərsiniz.  Həmin geriçəkmə oyunu bu gün də davam edir, məsafə sünii şəkildə böyüdülür. Maraqlı məqamlardan biri  isə, Əkrəm  Əylislinin "Daş yuxular" romanının  məhz həmin ərəfədə çap edilməsidir. Əylisli, insani münasibətlərə görə ermənilərin azərbaycanlılardan öndə olduqlarını bədii müstəvidə əsaslandırmağa çalışdı. Bundan daha çox qəribə  olan isə,  "Yeni Nəsil" JB-nin (Qulu Məhərrəmlinin təmsil olunduğu çevrə) sinxron xarakterli hesabatlarıdır.  "Yeni Nəsil" JB  2013 ildə  Avropa İttifaqından dəstəklənən "Avropa qonşuluq siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi" layihəsi çərçivəsində media azadlığı indeksini açıqlayıb. İlk dəfə həmin hesabatda Azərbycanın adı Ermənistandan geri çəkilib.  "Yeni Nəsil" JB -nin 2013-cü il hesabatı:  

Ölkə           Reytinq    İndeks

Gürcüstan  1222           6

Moldova    1111           5

Ermənistan 912            4

Ukrayna     797            4

Azərbaycan 523           3

Belarus        414           2

Tarixlər təsadüfənmi üst-üstə düşüb? Əkrəm Əylisli və   "Yeni Nəsil" JB təsadüfənmi eyni ildə ermənilərin azərbaycanlılardan üstünlüyü "həqiqətini" dərk ediblər?  Yoxsa professor Qulu Məhərrəmlinin çevrəsi ilə Əkrəm Əylisli eyni proqramın tərkib hissəsi olublar? Bilmirəm, hökm verə bilmərəm. Suallar çoxdur, cavabı professor özü versə yaxşıdır. Mən ona debat təklif etmişəm, oturaq, danışaq.

"Peşəkarlıq" nəzəriyyəsi, yoxsa taftalogiya?

Məsələ ondadır ki, Qulu Məhərrəmli  ona ünvanlanan suallara qəribə reaksiya verir. Sual verənlərin birini "İT", digərini "pişik" adlandırıb. Son müsahibələrinə baxsaq görərik ki,  o özünün  paradoksal görünən fikirlərini medianın "peşəkarlıq və dürüstlük" prinsipinə inanması ilə əlaqələndirir.  Professor deyir ki, "həqiqət olanı" de;  vətən, millət, dövlət qayğısı çəkmək jurnalistin vəzifəsi  deyil. Əlavə olaraq ona sual ünvanlayan, milləti aşağılayan  təzadlı fikirlərinə görə hesabat soran şəxsləri aşağılayıb, onları   jurnalistika peşəkarlığından xəbərləri olmayanlar kimi təsnif edib: "Jurnalist əgər təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa, əxlaqdan məhrumdursa, peşəkar deyilsə,  bu cəmiyyətə heç nə verə bilməz. Yəni artıq o jurnalistlikdən çıxıb tamamilə mənfi bir  tipə çevrilir".

Qulu Məhərrəmlinin işlətdiyi bu fikirlər  öz yaradıcılığının məhsulu deyil, jurnalistika üçün hazırlanmış beynəlxalq kodekslərdən götürülmüş, "milliləşdirilərək" fərqli formaya salınmış ifadələrdir.  Professor onları sadəcə uyğunsuz  yerdə və uyğunsuz zamanda təkrarlayıb. Problem  həm də budur  ki, həmin kodeksləri hazırlayanlar, artıq öz prinsiplərindən dönüblər, yaxud dildə bir söz deyirlər, əməldə fərqli davranırlar. "Media təbliğat, təşviqat vasitəsi deyil" deyənlər, bunu medianın etik kodeksinə yazanlar indi medianı tam gücü ilə təbliğat vasitəsi kimi istifadə edirlər, onu informasiya savaşına alət edirlər. İndi  medianın funksiyası  maarifləndirmək deyil, daha çox informasiya savaşında alət olmaqdır. BBC-nin, "The washington post" un,  "The Guardian"nın və digər 10-larca transmilli KİV-lərin  Suriya, İraq, Əfqanıstan,  Liviyada oynadıqları rolu hamımız gördük. Dövrümüzdə media silahdır və bu silah böyük güclərin əlindədir, savaşı da onlar başladıblar. Bizlər, Türklər demiş, mağdur olanlarıq.  Güclü baş, güclü nəzəriyyəçi lazımdır ki, belə keçid dövründə   həm media mühitini qoruyacaq, həm də informasiya savaşında qalibiyyətimizi təmin edəcək düsturun sintezini yaratsın.   Əslində, keçid dövründə bir professordan, media nəzəriyyəçisindən gözlənən budur. Amma əgər professor özü oyunlara alət olursa və ya özü oyunçuya çevrilirsə...

Qulu Məhərrəmli media nəzəriyyəsini, mediaya baxış sistemini "dəyişmək üçün" öz şərtlərini irəli sürüb. Bu şərtlərə əsasən, indi mediada üzdə olanlar getməli, media müstəvisi onun  kimilərin ixtiyarına buraxılmalıdır. Bir anlıq hesab edək ki, bu baş verib:  bədii ədəbiyyat müstəvisi Əkrəm Əylislinin, sosial şəbəkələr Nərmin Şahmarzadənin,  media müstəvisi də Qulu Məhərrəmli və onun çevrəsinin  təsir zonasındadır. Nələr olacaq?

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...