06 dekabr 2019 19:41
688

Qüdrətli Azərbaycan naminə aparılan islahatlar

Yerli icra, idarəetmə orqanlarında aparılan kadr islahatları, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezident Sərəncamı qüdrətli Azərbaycan naminə qarşıya qoyulan hədəfə çağırışdır

Azərbaycana rəhbərliyə başladığı andan ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirən, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edən, əhalinin rifah halının yüksəlməsinə nail olan Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində əsas inkişaf parametrlərindən olan iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası sürətlənmiş, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənmişdir. Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət yeridən və düzgün mövqe seçən Azərbaycan reallaşan enerji və nəqliyyat- kommunikasiya layihələrində iştirak edən tərəfdaşlarının da inkişafına şərait yaratmışdır.

Cari ilin birinci rübündən başlayaraq həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar 4 milyondan artıq vətəndaşın rifahına dəstək oldu. Minimum əməkhaqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, başa çatmaqda olan 2019-cu ildə şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil verilib. Bütövlükdə, isə bu günədək 6500-dən çox şəhid ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb Qarabağ müharibəsi əlillərinə 600 minik avtomobili verilib. Bir neçə reabilitasiya və sosial xidmət müəssisəsi açılıb.

Azərbaycan brendi olan, dünya dövlətləri , BMT rəsmiləri tərəfindən maraqla qarşılanan “ASAN xidmət” layihəsi ölkədə şəffaflığın təminatı, korrupsiya hallarına qarşı mübarizənin ən səmərəli təcrübəsi kimi təbliğ olunur. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanının tətbiqi ilə ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyəti genişlənib, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdıran, əhalinin məşğulluğunu artıran əlavə imkanlar yaranıb. Əhaliyə göstərilən sosial qayğı olan özünüməşğulluq proqramı 7267 ailəni əhatə edir. Qarşıdakı illərdə 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur. “ABAD”ın yaratdığı əməkdaşlıq nəticəsində Azərbaycanın qədim el sənətkarlığının nümunələri xarici ölkələrdə də tanınır. Qurum MDB məkanında, Avropa İttifaqının layihələrində iştirak, BMT-nin Ərzaq Təşkilatı, Bp şirkəti ilə əməkdaşlıq edir. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə bağlı görülən işlərin intensivləşməsi daha səmərəli layihələrin tətbiqinə tələbat yaradır.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “ Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi sosial xidmətlər sisteminin şəffaflaşdırılması istiqamətində aparılan islahatların bariz nümunəsidir. Gün ərzində 350 vətəndaşı qəbul edən, “bir pəncərə” sistemi ilə fəaliyyət göstərən DOST Mərkəzi artıq 50 mininci vətəndaşa xidmət göstərib. DOST Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

“Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir...

Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin” söyləyən Prezident İlham Əliyevin cari ilin əvvəlindən imzaladığı sərəncamlara əsasən həyata keçirilən sosial paketin əsas istiqaməti ölkə vətəndaşlarının həyat tərzini, rifahını yaxşılaşdırmaqdır.

Amma dünya birliyində sürətlə biri-birini əvəz edən yeniliklərlə ayaqlaşmaq üçün daha mükəmməl islahatlara ehtiyac duyulur.

Müstəqilliyini yenilik , müasirlik yolu ilə davam etdirən Azərbaycanın sosial-iqtisadi inkişafının beynəlxalq standartlara uyğunlaşması başlıca hədəfdir. “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdı, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır” söyləyən Prezident cənab İlham Əliyevin siyasətinə uyğun aparılan yeniliklərin nümünəsi 4 milyona yaxın insanı əhatə edən sosial islahatların tətbiqi və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı imzalanan 3 aprel tarixli Fərmanın həyata keçirilməsidir.

Başqa sözlə deyilsə, islahatların kompleks şəkildə aparılması ciddi tələb kimi qarşıya qoyulur. Son aylarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlən Kabinetində, yerli icra və idarəetmə orqanlarında, cəmiyyətin bütün sahələrində aparılan struktur dəyişiklikləri, kadr islahatları bir məqsədə yönəlib: Müasir Azərbaycanı daha qüdrətli dövlətə çevirək.

Qanunvericilik hakimiyyəti olan Milli Məclis üzvlərinin yeniliyə çağırış islahatlarından kənarda qalmaması da təbiidir. Dərinləşən çoxşaxəli islahatlara paralel olaraq siyasi islahatların Milli Məclisdə də tətbiqi dövlətçiliyə xidmət nümunəsi kimi vətəndaşlar tərəfindən razılıqla qarşılandı.

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan müraciət demokratiyanın tələblərinə uyğundur. Müraciətdə qeyd olunur: “Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geridə qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.”

Dekabrın 4-də Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli “ Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub -olmamasına dair sorğusuna baxılıb. Bununla bağlı Konstitusiya Məhkəməsində keçirilən iclasda edilən mütəxəssis çıxışlarına əsasən qəbul olunan Qərarda bildirilir: “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 98-I-ci maddəsinin I hissəsinə uyğundur.”

Beləliklə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılır. Milli Məclisə növbədənkənar seçkilərin 9 fevral 2020-ildə keçirilməsi qərara alınır.

Bu Sərəncam, eyni zamanda, dövlət strukturlarında , Milli Məclisdə gənc kadrların yerləşdirilməsi baxımından daha əhəmiyyətlidir. “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər” söyləyən cənab İlham Əliyevin əsas çağırışı, tövsiyəsi budur ki, gənclər peşəkar olmalı, milli, vətənpərvərlik ruhunda tərbiyə almalı, dövlətin mənafeyini, xalqımızın milli maraqlarını layiqincə qorumalıdırlar.

Şamaxıya səfəri çərçivəsində “ASAN Həyat” mərkəzinin açılışında gənclərlə görüşündə “ Bilikli , savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır” söyləyən cənab İlham Əliyev həmişə gəncliyi yenilikçi, tükənməz qüvvə, “könüllülük hərəkatı”nın ilk təşəbbüskarları adlandırmışdır.

“Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır” söyləyən dövlət başçımız yeni vəzifələrə təyin olunan kadrları qəbul edərkən tövsiyə və tapşırıqlarını da bildirir. “ Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud olan bütün problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutmalısınız” söyləyən cənab İlham Əliyev ciddi tələblərini də bildirir. “ İndiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar,- atalar sözü var: “Xalqın gözü tərəzidir”,- mən də razı qalacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər etimadımı doğrultmasanız onda sizi çox çiddi cəza gözləyir.”

Göründüyü kimi qarşıya qoyulan vəzifələr çoxşaxəli, məsuliyyət ciddi, tələbkarlıq qəti və aydındır. Hər bir vətəndaşın istəyi budur ki, yeniləşən Azərbaycan daha qüdrətli olsun, vətəndaşlar yaşadıqları ölkələri ilə qürur duysunlar. Bu istəyin gerçəkləşməsi bu gün ölkədə aparılan kadr islahatları ilə bilavasitə bağlıdır. İstənilən nəticəyə nail olmaq üçün tapşırılan işə, vətəndaş rəyinə, ictimai nəzarətə hörmətlə yanaşmaq, vəzifə borcunu vicdanla yerinə yetirmək, ən başlıcası isə Azərbaycanın daha qüdrətli olması naminə hər kəs töhfə verməlidir.

Xuraman İsmayılqızı, “İki sahil”