04 sentyabr 2019 11:42
615

QRANT GƏMİRİCİLƏRİ

Antimilli ünsürlər bu adı xəyanətləri ilə qazanıblar

Dövlətimizin başçısı İlham Əliyevin “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır” fikirləri Azərbaycanın demokratik inkişafının aydın mənzərəsini yaratmaqla yanaşı, xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən daxili bədxahlarımıza tutarlı cavabdır.

Daim qeyd etdiyimiz kimi, xarici himayədarlarının sifarişləri əsasında hərəkət edən, qul psixologiyalarından yaranan erməni sevgilərini fürsət düşdükcə açıq-aşkar nümayiş etdirməkdən belə utanmayan dağıdıcı ünsürlər ictimai qınağın ən böyük cəza olduğunu unudurlar. Reallıqların içərisində olan xalq ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin mövcudluğunu görməklə yanaşı, onların təkmilləşdirilməsi istiqamətində atılan addımların iştirakçılarıdır. Bu baxımdan ki, yaxınlaşmaqda olan bələdiyyə seçkiləri ilə bağlı münəccimlik edib, indidən kampaniyaya qeyri-demokratik don geyindirməyə çalışan bu qüvvələr məğlubiyyətlərinin, sosial bazalarının yoxluğunun səbəbini özlərində axtarmaq əvəzinə, ənənələrinə uyğun olaraq seçkilərlə bağlı qərəzli fikirlər səsləndirmələri onların nə qədər cılız hisslərlə yaşadıqlarına, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutduqlarına bir daha işıq salırlar. Azərbaycanın uğurlarına qara eynəkdən baxan ünsürlərin davasının qrant davası olduğu çox yaxşı bəllidir. “Qrantyeyənlər” sinfinin fəal oyunçuları atdıqları addımların Vətənə xəyanətdən başqa bir şey olmadığının fərqində olsalar da, bundan zərrə qədər utanmır, əksinə daha da qərəzli təbliğatlarını davam etdirirlər. Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində mühacir müxalifətin kimliyini bir daha açıqlayaraq bildirir ki, müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir.

Son zamanlar xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin genişlənən qərəzli təbliğatı da  deyilənlərin təsdiqidir. Açıqlamalar göstərir ki, özlərini “demokratiya carçısı” və “ədalət tərəfdarı” kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrin təsiri altında olaraq onlardan maliyyə dəstəyi aldıqları üçün çaldıqları hava ilə oynamaq məcburiyyətində qalanlardır. Amma unudurlar ki, Vətənə, xalqa xəyanət heç kimə başucalığı gətirə bilməz. Ən əsası itirilmiş mənəviyyatlarını milyonlar xərcləsələr də bərpa etmək imkanında deyillər. Qeyd etdiyimiz kimi, onların əsas məqsədi daha çox qrant almaq və mənimsəməkdən başqa bir şey deyil.

Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Ən əsası müasir şəraitdə, internet dövründə nəyisə gizlətməyin mümkünsüzlüyünü geniş şəkildə şərh etməyə ehtiyac yoxdur. Metodologiyanın çox bəsit, sadə olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir: “Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır.”

Avropa küçələrində müxtəlif “aksiyalarla” Azərbaycanın dövlət maraqlarına və atributlarına qarşı hörmətsizlik edən “siyasi mühacirlərin” “sosial və siyasi ədalət” axtarışına çıxmaları onlar barədə araşdırmaların aparılması zərurətini ortaya çıxarsa da, ümumi təhlillər bu qənaətə əsas yaradır ki, bu ünsürlər öz şəxsi ambisiyalarını həyata keçirmək üçün müəyyən dairələrin nökərlərinə çevrilməklə kimliklərini heç bir araşdırmaya ehtiyac olmadan ortaya qoyurlar.

Hər bir hadisədən öz maraqları baxımından bəhrələnən AXCP sədri Əli Kərimli həmişə olduğu kimi, bu gün də baş verən olayların əsas fiqurudur. Onun mühacir biznesi ilə məşğul olduğu inkaredilməzdir.  Öz əli ilə xaricə göndərdiyi şəxslər bu gün Azərbaycanın əleyhinə təbliğat aparan qruplara başçılıq edir. Mənəviyyatlarını itirmiş belə ünsürlərə ad verməkdə çətinlik çəkirik desək, düzgün olmaz. Sadəcə belələri sağ ikən ölülər sırasındadırlar.

Əli kərimlilərin, cəmil həsənlilərin erməni sevgisindən doğan açıqlamaları, sosial şəbəkələrdə ictimai diqqəti özlərinə çəkən təxribat xarakterli şərhləri düşmən dəyirmanına necə su tökdüklərini nümayiş etdirir. Əli kərimlilər hələ bir qədər də irəli gedərək silahlı dəstələrin yaradılmasından, qarşıdurmaya gedilməkdən bəhs edirlər. Gülünc və ikrah doğuran addımlardır, deyilmi? Bu ünsürlər 27 il bundan öncənin nostalji hissləri ilə yaşasalar da nə Azərbaycanın, nə də xalqımızın həmin dövrün Azərbaycanı, xalqı olmadığının fərqindədirlər. Bu gün Azərbaycan inkişafın ən yüksək səviyyəsindədir. Ən islahatçı ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Ölkədə demokratikləşmə prosesi intensiv xarakter alıb. Dünya birliyində yeri və rolunu möhkəmləndirən Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Düşünürük ki, bu reallıqlar “sapı özümüzdən olan baltalar”a - əli kərimlilərə, cəmil həsənlilərə çox yaxşı bəllidir.    Ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin, xüsusilə ermənilərin və ermənipərəst qüvvələrin ünvanına xoş sözlər söyləməkdən zövq alaraq belə təxribat xarakterli fikirlər səsləndirməkdən çəkinməyən əlilərdən, cəmillərdən  Azərbaycan gənci hansı tərbiyəni alacaq?  Mənliyini, vicdanını itirən, xalqına, dövlətinə xəyanət yolunu seçib, özünü təhqirlərin və tənqidlərin ünvanladığı “məkana” çevirən, damarlarından azərbaycanlı yox, erməni qanı axan belə ünsürlərə xalqın nifrəti tükənən deyil. YAP Sədrinin müavini-icra katibi Əli Əhmədovun şərhində də qeyd olunduğu kimi, nə qədər pərdələməyə, “Vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, antimilli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur.

Dövlət maraqlarını arxa plana keçirib, öz şəxsi ambisiyalarını müdafiə edənlər unudurlar ki, gələcəyə keçmişimiz və bu günümüzlə addımlayırıq. Eyni zamanda, zamanın hakimliyi, tarixin yaddaşlığı fonunda düşmən dəyirmanına su tökən belə ünsürlər daim qınaq obyektinə çevriləcək, tarixin zibilxanasının sakinləri kimi xatırlanacaqlar.

Yeganə Cəlilqızı,

“İki sahil”