24 aprel 2019 10:29
176

Qondarma “soyqırımı” erməni ideologiyasının “məhsuludur”

Ermənilər və onları dəstəkləyən havadarları artıq bir əsrdir ki, öz məkrli niyyətləri ilə dünyanı çaşdırmaqda davam edirlər. Tarixdə heç vaxt baş verməmiş uydurma “soyqırımı” ilə siyasi alver etməkdə davam edirlər. Narahatedici məqam da  ondan ibarətdir ki, ayrı-ayrı ölkələrin parlamentlərində tarix kitabının bir səhifəsini oxumayan, qərəzli  “siyasilər” heç bir zaman olmayan uydurma “soyqırımı”nın guya baş verməsi barədə sənədlər qəbul edirlər.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı İkisahil.TV-yə açıqlamasında bildirdi ki, 24 aprelin ermənilərin uydurma  “soyqırımı” günü elan edilməsinin heç bir tarixi, faktoloji əsası yoxdur. Bu, sırf siyasi məqsədlər üçün uydurulub. Həmin dövrün siyasi mənzərəsi bir  çox ölkələrin məxfi sənədlərində var. Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan arxivlərində olan sənədlər birmənalı olaraq sübut edir ki, “erməni soyqırımı” heç bir zaman baş verməyib. Araşdırmalar nəticəsində məlum olub ki, həmin ərazilərdə soyqırım hadisələri ermənilərə qarşı deyil, türklərə qarşı olub.  Çar Rusiyasının İstanbuldakı səfiri Girzə  yazılan teleqramlar da bunu təsdiqləyir.

 Osmanlı dövləti Birinci Dünya müharibəsində bir neçə cəbhədə hərbi əməliyyatlar aparırdı. Birinci Dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar. Çar hökumətinin bu iyrənc siyasətinin ilkin nəticələri Birinci Dünya müharibəsinin başlanması ilə özünü göstərdi. Belə ki, 1914-cü il noyabrın 1-də Qafqaz istiqamətində rus ordusunun Osmanlı sərhədlərini keçməsi Osmanlı ərazilərində yaşayan erməniləri hərəkətə gətirdi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan 100 minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış rus qoşunları tərəfindən ələ keçirildikdən sonra kütləvi qırğınların miqyası daha da genişlənmişdi. Beləliklə, araşdırmalar göstərir ki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, Osmanlı dövlətinin tərkibində yaşayan erməniləri də Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Erməni silahlı dəstələri maliyyə və təşkilati yardımlarla yaradıldı. Erməni silahlı terror dəstələri  müharibə aparan Osmanlı hökumətini arxadan vurdular. Erməni silahlıları dinc türkləri, müsəlmanları vəhşicəsinə qətlə yetirib,   hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırdılar. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də qəbul edilən qanuna əsasən dövlətə qarşı qiyam qaldıran ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsinə başlanıldı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalı idi. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Hətta onların sağlamlıqlarının qoruması üçün həkimlər də  ayrılmışdı. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə getməsinə baxmayaraq, Osmanlı hökuməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin “soyqırımı” kimi tanınmasının “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər erməninin qırıldığını söyləyirlər. Bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Əslində, hər zaman yalan və böhtan yazan ermənilərdən həqiqəti gözləmək olmaz. Əvvəla, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 300 min, sonra 600 min, sonra isə 1 milyon 500 min nəfər göstərilir. Tarixi faktar göstərir ki, qondarma “soyqırımı” erməni ideologiyasının məhsuludur. Bütün tarixi sənədlərdə aydın şəkildə görünür ki, ermənilərin “soyqırımı” ilə bağlı söylədiklərinin  heç bir tarixi əsası yoxdur. “Soyqırımı”nı onlar alver predmetinə çeviriblər. Əlləri türklərin qanına batan imperialist dövlətlər günahlarını ört-basdır etmək üçün  onlara bu yalanlarında kömək ediblər.

Şəmsiyyə Əliqızı, “İki sahil”