04 dekabr 2020 19:27
369

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

Dekabrın 4-də “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.

Mərasim COVID-19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub.

Dekabrın 6-dək davam edəcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin və “NewSpace” şirkətinin təşkilatçılığı ilə keçirilir. Tədbir, eyni zamanda, “İDRAK Texnoloji Transfer” MMC-nin, “PAŞA Bank”ın və “Pavotek” şirkətinin sponsorluğu ilə reallaşdırılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlayn formada təşkil olunacaq Hakatonda mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.