KÖŞƏ

Nigar Orucova

Qlobal çağırışlara çevik və adekvat reaksiya

18 may 2020 10:04
647

Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu rol sahibidir. Beynəlxalq arenada təşəbbüskar dövlət kimi çıxış edən ölkəmiz Prezident İlham Əliyev tərəfindən aparılan balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzində dayanır. Azərbaycan beynəlxalq aləmin bir üzvü kimi daim qlobal miqyasda baş verən bu və ya digər proseslərə dəstək verməkdə, müəyyən təşəbbüslər irəli sürməkdə maraqlı olub.

Məhz bu səbəbdən də ölkəmiz sülh və əmin-amanlıq, beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulmuş, beynəlxalq hüquq normalarına cavab verən çevik, dinamik və adekvat xarici siyasət reallaşdırmaqdadır. Xüsusilə bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə Azərbaycan qlobal miqyasda təşəbbüskarlığı ilə diqqəti cəlb edir. Məhz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusla mübarizəyə həsr edilmiş fövqəladə və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı mübarizədə birlikdəyik” adlı Zirvə görüşləri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə baş tutmuşdur. İştirakçılar arasında BMT Baş Assambleyasının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqının Komissiyasının sədrinin, müxtəlif regionları təmsil edən ölkə rəhbərlərinin olması, eyni zamanda, BMT Baş katibinin və Avropa İttifaqının Ali nümayəndəsinin videomüraciətləri həm qlobal çağırışlara qarşı Azərbaycanın sədrliyi ilə həmrəyliyin sərgiləməsinin, eyni zamanda, cənab İlham Əliyevin qlobal çətinliklərə qlobal yanaşmasının bariz göstəricisidir. Azərbaycan vətəndaşlarının sağlamlığını və onların sosial müdafiəsini prioritet istiqamət elan edən ölkə rəhbəri daha genişmiqyaslı təşəbbüslərlə dünya ictimaiyyətinə müraciət etmişdir. Belə ki, 9 aprel tarixində Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı bəyanatını xüsusi qeyd etmək lazımdır.

Digər mühüm uğur Azərbaycanın təklifi əsasında tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi məqsədi ilə Qoşulmama Hərəkatının İşçi Qrupunun, üzv ölkələrin humanitar və tibbi ehtiyaclarının vahid məlumat bazasının yaradılmasıdır. Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi bir daha dövlətimizin başçısının böyük beynəlxalq nüfuza malik olduğunu göstərdi. Təsadüfi deyil ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Bu vəsait Azərbaycanla razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan Qoşulmama Hərəkatının üzv ölkələri üçün nəzərdə tutulur. Həmçinin Azərbaycan həkimlərinin peşəkarlıqlarını, koronavirus xəstələrinin müalicəsi sahəsində təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa da hazır olduğunu nümayiş etdirir. Bütün bunlarla yanaşı, ölkəmiz pandemiya şəraitində dövlətlər arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində ön cərgədə dayanıb.

Görünən odur ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin beynəlxalq çağırışlara çevik və faydalı reaksiya verməsi, qlobal məsələlərin həlli ilə bağlı səmərəli tövsiyələri, humanitar fəlakətlər zamanı yeni-yeni təşəbbüslə çıxış etməsi ölkəmizi beynəlxalq aləmdə söz sahibinə çevirib.

 

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?