Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

Qlobal böhran şəraitində belə regional layihələr uğurla reallaşdırılır

12 avqust 2020 19:36
1258

2020-ci ilin 6 ayı ərzində dünyanın əksər ölkələrində pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi qlobal iqtisadi dinamikanın xeyli aşağı düşməsinə səbəb oldu. Bunun nəticəsində ilin birinci rübündə neftin qiymətində kəskin enmələr müşahidə olundu. Nəticədə əksər ölkələrdə sosial-iqtisadi layihələr təxirə salındı, bir sıra vacib layihələr gündəmdən çıxdı. Təbii ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq pandemiyanın fəsadlarından zərər gördü. Amma hətta belə bir məqamda ölkəmizdə regionların sosial-iqtisadi inkişafına yönələn layihələrin icrası təxirə salınmadı. Bu layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatının və kənd təsərrüfatının inkişafının pandemiya dövründə də prioritet istiqamət olaraq qalmasından xəbər verir.

2020-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında ÜDM-in həcmində 7 faiz azalma qeydə alındı. Digər ölkələrlə müqayisədə bu nəticə məqbul hesab oluna bilər. Avrozonada yarım ilin yekunlarında ÜDM-in həcmindəki azalma ikirəqəmli bir göstərici ilə -12 faizlə ifadə olunub. Bütövlükdə inkişaf etmiş ölkələr üzrə iqtisadi azalma tempi 10 faizə yaxındır. Bu isə ondan xəbər verir ki, Azərbaycanda iqtisadi azalma çox da böyük deyil. Bu da pandemiyanın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarlara, günəmuzd işləyən vətəndaşlarımıza dövlət dəstəyinin verilməsi nəticəsində reallaşdı. Sahibkarlar iqtisadi paket çərçivəsində güzəştli vergi, güzəştli kredit paketlərindən faydalana bildi. Burada söhbət kifayət qədər böyük həcmdə - 500 milyon manatlıq vergi paketindən gedir. Bu da pandemiya dövründə Azərbaycan iqtisadiyyatında ciddi azalmaların qarşısını almaqda mühüm rol oynadı.

Hazırda regionlarda sosial layihələrin gerçəkləşməsi davam etdirilir, Prezident İlham Əliyevin təsdiq etmiş olduğu "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ixtisar edilmədən planlı və ardıcıl surətdə uğurla icra olunur. Son illərdə regional inkişafla bağlı icra olunan 3 dövlət proqramı və hazırda icrası davam edən 4-cü proqram çərçivəsində bölgələrdə yüzlərlə yeni-yeni ictimai-iaşə obyektləri, zavod və fabriklər, aqroparklar, muzeylər, parklar, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilib. Ölkə başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koronavirus xəstələri üçün modul tipli xəstəxanaların, ASAN xidmət mərkəzinin, uşaq incəsənət məktəbinin və digər mühüm obyektlərin açılışlarında iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalaması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi paytaxt Bakı ilə yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır.

Cənab İlham Əliyevin 4 sərəncamı ilə Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrasına (1 milyon manat), Balakəndə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə (700 min manat), Balakənin Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə (1,5 milyon manat), Balakəndə istifadəyə verilmiş "ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlərə (3 milyon manat) ümumilikdə 6,2 milyon manat vəsait ayrıldı. Dövlət başçısı, həmçinin bu rayonlarda yol infrastrukturunun, yeni körpünün inşası üçün əlavə 4 sərəncam imzaladı. Bu sərəncamlara əsasən, İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə (21,8 milyon manat), Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisinə (15 milyon manat), Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisinə (12 milyon manat) və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması üçün (10 milyon manat) ümumilikdə 65 milyon manat vəsait yönləndirildi.

Digər sosial-iaşə obyektlərinin, məktəb binalarının tikintisi üçün imzalanan 6 sərəncama əsasən, İsmayıllı ərazisində "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisinə (500 min manat), İsmayıllının Sumağallı, Qobustanın Təklə Mirzəbaba, Qəbələnin Zarağan kəndlərində (hər biri üçün 1 milyon manat), Şəki şəhərində yeni ümumtəhsil məktəb binasının tikintisinə (2 milyon manat), həmçinin Qəbələdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlərin (700 min manat) icrasına 6,2 milyon manat vəsait ayrıldı.

Dövlət başçısının sərəncamlarına əsasən, adıçəkilən rayonlarda sosial infrastruktur layihələrinin reallaşması üçün ayrılan 71,2 milyon manat vəsait onu deməyə əsas verir ki, cənab İlham Əliyev hətta qlobal böhran şəraitində də regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırır.

Azərbaycan dövləti bütün bu proseləri öz gücünə həyata keçirir. Doğrudur, cənab İlham Əliyev əsas diqqətini daha çox pandemiya ilə mübarizə tədbirlərinə yönəltsə də, digər sosial layihələri, regional inkişafı şərtləndirən proqramların da icrasını uğurla reallaşdırır. Şəkidə modul tipli xəstəxananın açılışı zamanı pandemiya dövründə görülən işləri, həyata keçirilən sosial layihələri dəyərləndirən dövlət başçısı əminliklə vurğuladı ki, bundan sonra da bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki Azərbaycanın çox böyük perspektivləri var: "Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?