15 mart 2019 19:40
109

Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq aləmə verdiyi böyük töhfə kimi qiymətləndirilir

Azərbaycan paytaxtında növbəti – VII Qlobal Bakı Forumunun keçirilməsi ilk növbədə ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin göstəricisidir.

Bunu Trend-ə açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq ənənə halını almış forumda 55 ölkədən 500-dən artıq nümayəndənin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı da bu reallığı kifayət qədər sübuta yetirir:

"Dünyanın xarici siyasətində yeniliklər baş verir və cərəyan edən hadisələrin müzakirəsi üçün Qlobal Bakı Forumunun müstəsna rolu var. Həqiqətən də bu gün belə irimiqyaslı tədbirlərin keçirilməsinə ehtiyac var. Əlbəttə, məhz Azərbaycanın dünyanın siyasi arenasındakı yeri və rolunu nəzərə alsaq, bu forum ölkəmizin beynəlxalq aləmə verdiyi böyük töhfə kimi qiymətləndirilir. Bu gün Azərbaycanda olan sabitlik və təhlükəsizlik dünya ölkələri tərəfindən qəbul edilir və dövlətimizin bu istiqamətdəki siyasi modeli nümunə kimi təqdim olunur. Dünyanın aparıcı intellektual şəxsləri bu gün Bakıdakı müzakirələrə qatılır, qarşıda dayanan vəzifələrin, görüləcək işlərin ətrafında zəngin təcrübələrini bölüşür, proqnozlarını irəli sürürlər. Bu gerçəklik isə eyni zamanda sübut edir ki, hər kəs Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”.

Siyasi ekspert xatırladıb ki, dövlətimizin başçısı daim öz nitqində Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini vurğulayır: "Bu o deməkdir ki, dövlətimiz bütün hallarda bu amili prioritet olaraq götürür. Bu, çox mühüm bir mesajdır və cənab İlham Əliyevin də qeyd etdiyi kimi, həmin faktor proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara, tərəfdaşlığa, qarşılıqlı əməkdaşlığa əsaslanan, regionda sabitliyə yönələn siyasətdir. Müstəqil və milli maraqlara söykənən xarici siyasət çərçivəsində tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsi, yeni münasibətlərin qurulması həm də o deməkdir ki, Azərbaycanla əməkdaşlıq, tərəfdaşlıq edən dövlətlər bizim bu siyasətimizi qəbul edir və dəstəkləyirlər. Belə ki, istər enerji təhlükəsizliyi, istər investisiyaların qoyuluşu, istər nəqliyyat, istərsə də ticarət və s. kimi sahələrdə ölkəmizin yürütdüyü siyasətə, maraqlarına hörmətlə yanaşılır”.

B.Quliyev forumda Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri ilə bağlı fikirlərinə də münasibət bildirərək deyib ki, Ermənistanın danışıqlar prosesindən yayınma cəhdləri işğalçılara heç bir səmərə vermir, əksinə, düşdükləri ağır və böhranlı vəziyyəti daha da ağırlaşdırır:

“Görünən budur ki, Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qınanılır. İşğal faktı beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvonun qəbuledilməzliyi beynəlxalq təşkilatlar tərəfindən də vurğulanır. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdəki xarici siyasətinin, habelə güclü diplomatiyasının göstəricisidir. Təbii ki, dünyaya yalnız təhlükəsizlik baxımından deyil, həm də multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından töhfələr verən Azərbaycan dövləti bu vasitə ilə müxtəlif nöqtələrdə yaşanan gərginliklərin aradan qaldırılması üçün səylərini göstərməkdədir”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.