20 oktyabr 2019 16:36
922

QHT sədri: Əli Kərimlinin təfəkkürü, düçüncəsi azad deyil...

“Əli Kərimli və dəstəsinin icazəsiz aksiya keçirməsi özlərinin yox, Qərbin antiazərbaycan və ermənipərəst donorlarının sifarişidir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri, Avrasiya İA-nin baş redaktoru Cavid Şahverdiyev bildirdi. O, əlavə etdi ki, Əli Kərimli heç vaxt öz iradəsi ilə hərəkət etməyib, ancaq və ancaq sifariş yerinə yetirib: “Oktyabrın 19-dakı icazəsiz aksiya da bu sifarişlərdən biri idi. Əli Kərimli bu dəfə də özünü biabır etdi. Təbii ki, dünyanın hər yerində, elə demokratiyanın beşiyi sayılan Avropa ölkələrində icazəsiz aksiyalar polislər tərəfindən dağıdılır. Dünən Barselonanın mərkəzində keçirilən aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurmaya çevrilib. Kataloniyada etiraz aksiyalarında 90-na yaxın iştirakçı xəsarət alıb. Fransa, Yunanıstan, Rusiya, İspaniya, Almaniya və Avropanın digər ölkələrində keçirilən icazəsiz aksiyalar polislər tərəfindən dağıdılır, gözyaşardıcı qazlardan, atlardan, dəyənəklərdən istifadə edilir. Azərbaycan polisi isə yüksək peşəkarlıq və humanistlik nümayiş etdirərək icazəsiz aksiya iştirakçıları ilə mədəni, insanlıq çərçivəsində davrandı. Heç birinə xəsarət yetirmədi, əksinə kömək etdi”.

Baş redaktor bildirdi ki, bu gün radikal müxalifətin nəzarətində olan mediada aksiya zamanı polislər tərəfindən tutulan insanların fotoları yayılaraq Azərbaycanda polis şiddətindən, demokratiya və söz azadlığının pozulmasından yazılır. Nədən Avropada fəaliyyət göstərən həmin media orqanları orada polislərin insanlara xəsarət yetirdiyini demokratiyaya zidd, insan haqlarının pozulduğu kimi ictimailəşdirmirlər,  amma Azərbaycanda qanun çərçivəsində polisin həyata keçirdiyi aksiyanı fövqəladə hadisə kimi verirlər: “Deməli, bu, əvvəlcədən Qərbədə hazırlanan bir plandır. Əli Kərimli bu plana uyğun addımlar atıb. Azərbaycan polisinin vəzifəsi əhalinin asayişini qorumaqdır. Polisimiz qanundan kənar heç bir addım atmayıb. Əli Kərimli və onu dəstəsinin məqsədi isə belə qanunsuz aksiyalar keçirməklə polislə qarşıdurma yaratmaqdır. Azərbaycan polisi Əli Kərimlinin istəyini, arzusunu puç etdi. Polisimiz elə bir davranış nümayiş etdirdi ki, bu, bütün Avropa polislərinə nümunə ola bilər”.

QHT sədri vurğuladı ki, Bakı Şəhər İcra Hakimiyyəti Əli Kərimliyə Lökbatanda aksiya, mitinq keçirmək üçün yer təklif etdi. Hökumətimiz müxalifətin  aksiyalarını, onların özlərinin təhlükəsizliklərini belə təmin edib: “Əli Kərimli Lökbatana getməkdən imtina etdi, çünki artıq insanlar 25 ildir onun yalanlarının, vədlərinin qurbanına çevriliblər. Radikal müxalifətə inam qalmayıb, ona görə də Əli Kərimli meydanı doldura bilməyəcəyindən ehtiyatlanıb, 50-60 nəfərlik dəstəsi ilə Bakının mərkəzində qarşıdurma yaratmaq istədi. Əgər xalq Əli Kərimlini dəstəkləyirsə istənilən yerə, hətta ucqar rayonların birinə belə toplaşa bilər. Görüntülərdə aksiya iştirakçılarının “Konstitusion hüquqlarımız pozulur”, Əli Kərimlinin özü isə “Azadlıq” deyə qışqırırdı. Qanunun aliliyinə hörmət göstərməyənlər hansı haqla hüquqdan danışırlar. AXCP sədri kimə, nəyə azadlıq istəyir? Əli Kərimli azad bir vətəndaş olmasaydı Bakının mərkəzində bu şüarı səsləndirməzdi, övladları Avropada rahat və maneəsiz yaşamazdı, ətrafında cangüdənlər gəzdirməzdi... Azadlıq kəlməsi Əli Kərimli üçün yaddır. Onun təfəkkürü, düşüncəsi azad deyil, Qərb tərəfindən girov götürülüb”.

 

Məhərrəm Ağalaroğlu,

“İki sahil”