22 may 2020 19:19
471

Qeyri neft-sektoru dayanıqlı inkişaf yolunda

Azərbaycan iqtisadiyyatının son illərdə inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft, xüsusilə də aqrar sektorun çəkisi sürətlə artmaqdadır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub.

Bu, həm yeni açılan qeyri-neft müəssisələrinin sayında, həm də istehsal və ixrac olunan qeyri-neft məhsullarının həcmində aydın şəkildə görünür. Bunu təmin etmək üçün isə ölkədə düzgün iqtisadi siyasətin tətbiq edilməsi zəruri şərtdir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi unikal sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın innovativ inkişafı və dərindən şaxələndirilməsi həlledici rol oynamışdır.

Prezident İlham Əliyevin Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən qeyd etdiyi kimi, indiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək. Bu uğurlu inkişaf yoluna nəzər yetirərkən zaman görürük ki, Azərbaycanda son 16 ildə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar köklü iqtisadi islahatlar icra edilib. Nəticədə bölgələrin siması müasirləşib, həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib. Azərbaycanda bütün növ gəmilər istehsal edə bilmək gücünə malik böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı olan Ələt Dəniz Ticarət Limanı istifadəyə verilib.

Hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yerinin açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq səmərəli fəaliyyət göstərir.

Statistikaya görə, 2019-cu ildə ümumilikdə, iqtisadi-sosial artım müsbət dinamikaya malik olub. Həyata keçirilən davamlı islahatlar sayəsində ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1.9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb.

Statistik rəqəmlər də göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun digər sahələrinin inkişafı istiqamətində real addımlar atılır, bu yöndə qanunvericilik bazası gücləndirilir. Davamlı inkişaf istiqamətində atılan addımlar turizm sektorunda da özünü doğruldur. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə respublikada turizm sektorunun inkişaf etdirilməsinə ciddi diqqət yetirildiyini dəfələrlə vurğulayıb. Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Ötən müddətdə bu sahəyə xüsusi diqqət və qayğı göstərilib, müxtəlif layihələr həyata keçirilib. Bunun nəticəsində respublikada turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada turizm istiqaməti kimi tanınmağa başlayıb. Beynəlxalq turizm bazarına inteqrasiya isə ilbəil daha geniş şəkildə aparılır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tarazlaşdırılmış unikal iqtisadi siyasət hal hazırda Azərbaycanda iqtisadiyyatın innovativ inkişafı və dərindən şaxələndirilməsi nəticəsində istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların ehtiyat hissələri, müxtəlif çeşidli maşınqayırma məhsulları, kimya sənayesi məhsulları, əczaçılıq məhsulları, tikinti materialları, toxuculuq məmulatları, çoxçeşidli kənd təsərrüfatı məhsulları və s. bir çox dünya dövlətlərinə ixrac edilir, ölkəyə valyuta idxalı artır və son nəticədə iqtisadiyyat davamlı inkişaf edir.

Nigar Orucova, “İki sahil”