18 yanvar 2021 15:25
408

Qəhrəmanlarımızı tanıyaq: “Qumbara Tərlan” ləqəbli Tərlan Həsənov

"İki sahil" "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir.

Rubrikaların birində 44 günlük İkinci Qarabağ müharibəsində 23 yaşlı igid əsgər Tərlan Həsənovdan bəhs olunub.

8 yoldaşını ölümdən qurtaran 23 yaşlı igid əsgər Tərlan Həsənovdur.

Döyüş yoldaşları onu “Qumbara Tərlan” deyə səsləyirdilər. Bu ləqəbin böyük, ağılasığmaz tarixi var.

Tərlan dillərə dastan olan qəhrəmanlığını belə nəql edir: "Kiçik bir qrupla mühasirədə idik, düşmən qumbaralarla hücum edirdi. Anidən qumbaranın biri aramıza düşdü. Düşündüm ki, ya hamımız öləcəyik, ya birimiz. Elə həmin an qəra gəldim ki, şəhid olmaq zamanıdır. Hamımızın anaları ağlamasın deyə özümü qumbaranın üstünə atdım. Partlayışda şok keçirdim. Qalanını xatırlamıram. Ayılanda dedim yəqin qarnımdan yaralanmışam. Amma sağ-salamat idim."

Əsgər yoldaşları onun şəhid olduğunu düşünüblər. Çünki Tərlan saatlarla huşsuz halda olub. Onun həyatını zirehli jilet və qucağındakı rabitə qurğusu xilas edib. Özü ilə bərabər 8 əsgərin də həyatını qurtaran igidə bu hadisədən sonra hər kəs “Qumbara Tərlan” deyir.