KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Qazilərin SOCAR-la “savaşından” siyasi kapital toplayanlar…

01 oktyabr 2019 11:24
271

Qazilərlə SOCAR mühafizəçiləri arasında yaşanan qarşıdurmanın görüntülərini ürək ağrısı ilə izlədim. Bir tərəfdə Vətən üçün canının bir parçasını qurban vermiş fədailər, qarşılarında da öz vəzifəsini icra edən görəvlilər idi. Ədalət naminə deyim ki, görüntülərdə mühafizəçilər mümkün qədər çalışırdılar ki, qazilərə xətər yetirməsinlər. Onlar sadəcə qanunsuz tikintinin qarşısını almaq üçün ordaydılar. Ən azından rəsmi məlumatda belə deyilir. Əlbəttə, nəyin nə olduğunu bir qədər də araşdırmağa, qaziləri belə bir oyuna kimin alət etdiyini, yaxud da nə baş verdiyini öyrənməyə ehtiyac var.

Lakin bir məqamı ayrıca vurğulamaq lazımdır.

Tərtərdən olan Qarabağ qazisinin Bakı ərazisində ev tikmək üçün aldığı torpaq sahəsi var ortalıqda. Araşdırmaya buradan başlamaq lazımdır. Niyə bu qazi qardaşımız doğma rayonu Tərtəri qoyub Bakıda özünə ev tikmək istəyir? Ona SOCAR-ın mühafizə zolağındakı torpağı kim verib? Bu torpağı alarkən qazi qardaşımız niyə belə bir yerdə ev tikməyə razı olub? Bu suallar ətrafında düşünməkdəykən yadıma təxminən 15 il öncənin bir əhvalatı düşdü. Öz başıma gəlib, aşağıda nəql edirəm.

Şıxlinski 19-da yaşayıram. 7-ci mərtəbədə. Binamızın küçəyə baxan tərəfi təxminən 15-20 m enində yaşıllıq zolağıdır. Əvvəllər orda sakinlərin çəpərlədiyi bağçalar vardı. Günlərin birində şəhərdə belə bağçalar ləğv ediləndə oralar da təmizləndi. Lakin ağaclar, yaşıllıq yerində qaldı. Biz də sakinlər olaraq oranın abadlaşdırılmasında iştirak etdik. Müvafiq qurumlar da mümkün qədər yardımçı oldular və binamızın arxasında istirahət üçün gözəl bir məkan alındı. Günlərin birində evdə oturmuşdum. Pəncərə də açıq idi. Həyətdəki səsküyə boylandım. Bir buldozer o məkandakı ağacları kürüməkdəydi. Binamızın sakinləri də buna mane olmağa çalışırdı. Tez həyətə düşdüm, etirazçılara qoşuldum. Təsadüfi bir adam oranı satın aldığını, obyekt tikəcəyini deyirdi. O vaxtkı icra başçısı Hacıbala Abutalıbova zəng etdim. Köməkçisi cavab verdi. Özümü təqdim edib məsələni anlatdım. O da dərhal tədbir görüləcəyini bildirdi. Xətai rayon icra hakimiyyətinə zəng edəcəyinə, mənimlə əlaqə saxlayacaqlarına söz verdi. Lakin Xətai rayon icrasından zəng gəlməyincə yenidən Hacıbala müəllimin köməkçisinə zəng etdim. O da təəccübləndi ki, axı onlara tapşırdıq. Dedik, bir az da gözləyək. Texnika da işini dayandırmışdı. Bu anda obyekt tikəcək adam məni kənara çəkdi. Şəxsimə hörmətinin olduğunu, yazılarımı, çıxışlarımı izlədiyini dedi. Və əlavə etdi ki, Qarabağ qazisidir, başqa yerdə də obyektləri var. Buranı da pulunu verib, alıb. Elə belə də dedi! Onda qayıtdım ki, pul vermisinizsə, buranı satan adama deyin ki, sizə normal yerdə normal sahə ayırsın. Binanın altında obyekt tikib işlətməyinizə biz onsuz da imkan verməyəcəyik. Həm də pul xərcləyirsinizsə, torpağı da dava-dalaş olmayan yerdən alın. Bu sözlərim adamın ağlına batdı. Kiməsə zəng etdi, texnikanı da yığışdırıb ərazidən uzaqlaşdı. Xətai icra hakimiyyətindən isə bu günə kimi də zəng gəlmədi…

Bu əhvalatı ona görə yazdım ki, Qarabağ qazilərini hansısa rüşvətxor və şərəfsiz məmurların öz çirkin alverlərinə alət etməsinin necə baş verdiyini göstərim. Əminəm ki, bu son olay da o qəbildəndir. O əraziyə məsul olan bələdiyyə, yaxud da icra hakimiyyəti o torpağı o qaziyə satıb! Qazi qardaşımız da çox güman ki, nəyin nə olduğunu anlamadan torpağı alıb, ev tikmək istəyir. Bu yandan da SOCAR dövrəyə girib ki, bura ümumiyyətlə tikinti üçün uyğun deyil. Yəni heç kim bu torpaq üzərində hansısa iş görə bilməz. Bu məsələdə SOCAR birmənalı haqlıdır! O cür ərazilərdə əsla hansısa iş aparmaq olmaz! Buna görə də SOCAR-ın mühafizəçiləri qazi qardaşımıza məsələni anlatmağa çalışıblar. O da yəqin ki, kiminləsə məsləhətləşib, başqa qaziləri də cəlb edərək torpağı müdafiə etməyə çalışıb. Ortaya da bu xoş olmayan görüntülər çıxıb. Belə anlaşılır ki, kim(lər)sə ən həssas yerimiz olan Qarabağ qazilərindən bu məsələdə sui-istifadə edir! 15 il öncə bizim binanın arxasında (balkonumuzun düz altında) obyekt tikmək istəyən qaziyə durumu necə izah etmişdimsə, bu qardaşlara da izah etmək istərdim: qazi adınızdan sui-istifadə üçün heç kimə imkan verməyin! Torpaq alanda, ev tikəndə də qanunlara müraciət edin. Sizə kimsə torpaq satırsa, bağışlayırsa, bunun nə qədər qanuni olduğunu yoxlayın. Yoxsa gəlib SOCAR-ın mühafizə zolağında ev tikirsiniz, qanuni tədbir də görüləndə ölkəni qarışdırmaq istəyən siyasi təxribatçılar sizdən istifadə edir. Bu kimə lazımdır axı?

Bu olaydan sui-istifadə edib ölkəni qarışdırmaq istəyənlərə gəlincə. Bu adamların məqsədi bəllidir. Onlar çalışır ki, Azərbaycanda əsəblər gərilsin, vətəndaşla dövlət arasında uçurum yaransın. İndi də hansısa rüşvətxor məmur öz gödənini doldurmaq üçün dövləti bu yolla hədəfə gətirib, qazilərdən sui-istifadə edir. Əvvəlcə o məmurun kimliyini araşdırmaq, cəzasını vermək lazımdır.

SOCAR-ın bu məsələdə az qala düşmən elan edilməsinə gəlincə, heç kim unutmasın ki, bu qurum Azərbaycan dövlətinindir. Yəni bizim, hər bir Azərbaycanlınındır SOCAR. Orada kimisə tənqid edə bilərsiniz, lakin Azərbaycanın dövlət büdcəsinin çox ciddi bir hissəsinin formalaşmasında birbaşa rolu, ölkənin inkişafında danılmaz payı olan bir dövlət qurumunu belə gözdən salmaq olmaz. Söz vaxtına çəkər, elə bu gündən ölkədə minimum təqaüdlər artırıldı. Nəyin hesabına? Həm də SOCAR-ın ölkəyə gətirdiyi gəlirlərin hesabına deyilmi? Yaxud da ölkənin 95 faizinin təbii qazla təmin edilməsi, yolların abadlaşdırılması, şəhərlərin, kəndlərin yenilənməsi məhz ən böyük gəlir gətirən neft-qaz sahəsinə məsul olan SOCAR-ın töhfəsi deyilmi? Bu sahə Azərbaycan dövlətinin çiçəklənməsində müstəsna xidmətləri olan sahədir və heç kim onun gözdən salınmasına çalışmamalıdır. Elə Qarabağ qazilərimizin sosial problemlərinin həllində bu SOCAR müstəsna rol oynamırmı? Az qala hər ay qazilərə dövlət hesabına avtomobil, mənzil hədiyyə edilir. Bunlar da ölkənin hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə başlatdığı böyük neft strategiyasının hazırda SOCAR tərəfindən həyata keçirilən fəaliyyətləri hesabına mümkün olur. Bu qurum nəinki Qarabağ qazilərinin, ümumiyyətlə hər birimizin rifah halımızın yüksəldilməsində bu və ya digər şəkildə iştirak edir.

Yeri gəlmişkən, yuxarıda da qeyd etdiyim kimi, bəzi siyasi kəsimlər özlərini guya Qarabağ qazilərinə ürəyi yanan kimi göstərib bu olaydan sui-istifadə etməyə çalışır. Adamlar o qədər çirkinləşiblər ki, Vətən üçün bədən üzvlərini belə fəda etmiş insanları öz iyrənc təbliğatlarına alət edirlər! Biz bunu görürük, qazi qardaşlarımızın da görməsini istərdik.

Sonda bir daha vurğulamaq istərdim: əgər qazi qardaşlarımız özlərinə ev tikmək üçün torpaq alırlarsa, bu məsələdə ciddi götür-qoy etməlidirlər. Çünki bəzi acgöz məmurlar onların qazi adının arxasında gizlənərək özlərinə var-dövlət yığır. Sonda da qazilər ortada tək qalır. Belə olanda da onların canıyla, qanıyla qoruduğu, bu gün də qorumağa hazır olduğu Azərbaycan dövləti bədxahlarımızın hədəfinə tuş olur. Bu, bizə lazımdırmı?

Sözardı: Qazilərə SOCAR-ın mühafizə zolağında torpaq satıb ölkədə çaxnaşmaya səbəb olan məmur(lar) mütləq müəyyənləşdirilib cəzalandırılmalıdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...