11 avqust 2020 18:47
445

Qaydalara əməl edək, pandemiyaya qalib gələk

Ümumdünya Səhiyyə Təşkilatının avqust ayının 7-14 günlərini maska taxılması həftəsi elan etməsi  COVID-19-a qarşı həmrəylik  çağırışıdır.

COVID-19-la mübarizənin bütün istiqamətlər üzrə, kompleks proqram əsasında  aparıldığı Azərbaycanda  çəkilən zəhmət, göstərilən diqqət bəhrəsini verir. Qısa müddətdə  koronavirusa yoluxanlarla  xəstəlikdən sağalanlar arasındakı stabillik,  müsbət mənadakı  kəskin fərq  dövlətin  illərdən bəri səhiyyənin inkişafına göstərdiyi diqqətin məntiqi nəticəsidir. ABŞ da daxil olmaqla  dünyanın bir çox inkişaf etmiş ölkəsində  təhlükəli vəziyyətin  davam etdiyi, pandemiyadan əziyyət çəkənlərin  sayının artdığı bir zamanda ölkəmizdə virusa  yeni yoluxma hallarının azalması təqdirəlayiqdir.  «Azərbaycanda  koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur» söyləyən Prezident   İlham Əliyevin vurğuladığı kimi,  pandemiyaya qarşı  nəzərdə tutulan qabaqlayıcı  tədbirlərin  davam etdirilməsi ilə daha uğurlu nəticələrə nail olunacaq. Qazanılan uğurlar bu inamı yaradır.

 Koronavirusun yayıldığı ilk günlərdən  xəstələr respublikamızdakı  46 xəstəxanada  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun   müalicə olunmaqla, profilaktik tədbir kimi testlərin keçirilməsinə də diqqət artırıldı. Adambaşına düşən testlərin sayına görə  Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdən birini tutmasının səbəbi pandemiyanın ilk günlərindən bütün qüvvələrin eyni məqsəd naminə səfərbər edilməsidir.  Yoluxma hallarında azalma hiss olunsa da  virusla mübarizə  əvvəlki qaydada davam etdirilir. Belə ki  test aparılan laboratoriyaların sayı artırılmış, inşası nəzərdə tutulan 10 modul tipli xəstəxananın artıq 9-u istismara verilmişdir.   Bu cür xəstəxanaların sayının yaxın gələcəkdə  16-ya çatdırılması, digər xəstəxanaların açılması  ilə  səhiyyə ocaqlarında  3200  xəstənin  müalicəsi mümkün olacaq. «Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik» söyləyən Prezident İlham Əliyev  vurğulayır ki,  xəstəliyin hələ də təhlükəli olduğu  zamanlarda operativ, çevik və qarşıya qoyulmuş  məqsədə hesablanmış addımlar davam etdiriləcək. Qoşulmama Hərakatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  Zirvə toplantılarında pandemiyaya qarşı mübarizədə birlik , həmrəylik çağırışını səsləndirən Prezident İlham Əliyevin  təşəbbüsü ilə  mühüm addımlar atıldı. Virusa qarşı mübarizədə beynəlxalq təcrübənin tətbiqi məqsədilə
Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən  dəvət olunmuş həkim briqadaları  Azərbaycanın tanınmış səhiyyə işçiləri ilə  birgə çalışaraq  xəstələrin müalicəsi ilə məşğul olurlar.

 Koronavirusla mübarizəyə nəzarət məqsədilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah,  pandemiyanın fəsadlarının aradan qaldırılmasında iştirak edən  təşkilatlar, bir sözlə, rəhbərlik  24 saat ərzində iş başındadır. «Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir» sözləri ilə bir daha  vətəndaşların sağlamlığının ən ümdə vəzifə olduğunu diqqətə çatdıran dövlət başçımız karantin rejiminə ciddi əməl olunmasına hamının  məsuliyyətlə yanaşmasını tövsiyə edir.

Məlum olduğu kimi,   virusa yoluxma hallarının azalması ilə əlaqədar Operativ Qərargah tərəfindən  elan olunmuş  karantin rejimi bəzi sahələr üzrə  nisbətən yumşaldılmış,  məhdudiyyətlər aradan qaldırılmışdır. Ancaq bu   yumşalmalar insanlarda  arxayınlıq yaratmamalıdır. Təcrübə göstərdi ki, bəzi ölkələrdə  tətbiq olunan belə yumşalmalardan sui-istifadə   pandemiyanın daha geniş miqyasda, kəskin  yayılmasına səbəb oldu. 

 Yumşalma prosesi iqtisadiyyatın inkişafı, əhalinin sosial müdafiəsinin qorunması baxımından vacibdir. Pandemiya dövründə belə  həyata keçirilən  sosial islahatların davam etdirilməsi,  iş yerlərini itirən vətəndaşlar üçün dövlət tərəfindən birdəfəlik yardımların verilməsi, ictimai iş yerlərinin açılması, sahibkarlara güzəştlərin edilməsi ilə   bəzi çətinlikləri aradan qaldırmaq mümkün oldu.  Yəni, pandemiya ilə mübarizədə, xəstəliyin daha çox  yayılmaması, ölüm hallarının minimuma  endirilməsi  üçün dövlət təşkilatlarının birgə fəaliyyəti ilə   bütün mümkün imkan və resurslardan istifadə  olundu.   

Ancaq pandemiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi daha vacibdir. ÜST tərəfindən  ilk günlərdən həyəcan təbili kimi səslənən-  pandemiyaya qarşı mübarizə üçün tibbi maskalardan istifadə, ara məsafənin  saxlanılması, gigiyenik qaydalara  əməl olunması tövsiyələri  birbaşa  vətəndaşların üzərinə düşən məsuliyyətdir. ÜST-ün bütün dünya üzrə avqust ayının 7-14 günlərini maska taxılması həftəsi elan etməsi  dünya ictimaiyyətinə  çağırışdır.

 Çox təəssüf ki, karantin rejimində yumşalmalardan arxayınlaşan  vətəndaşlar  maska taxmağın özü, yaxınları, çalışdığı kollektivin sağlamlığı üçün böyük əhəmiyyət daşıdığını  unudurlar. Hələ də  küçələrdə, ticarət obyektlərində maskasız gəzən, maskanı qolunda, cibində,   alnında, çantasında gəzdirən vətəndaşlara təsadüf olunur.  Dəfələrlə deyilməsinə baxmayaraq hələ də, gizli  kafe və iaşə obyektlərinin, hətta «bağçaların» (evlərdə)  fəaliyyət göstərməsi, qadağalara baxmayaraq  gizli də olsa  toy, nişan, ad günü,  yas mərasimlərinin keçirilməsi xəstəliyin artmasına səbəb olur.    Qadağalara əməl etməyərək qeyri-qanuni yollarla  regionlara gedənlər  virusun yayılmasına  şərait yaradırlar.   Çimərliklərin açılması ilə  dənizə  üz tutan insanların  bir çox hallarda  nəzərdə tutulan qaydalara əməl etməməsi, qələbəlik yaratması yeni yoluxmalara səbəb olur. Nəzərə almaq lazımdır ki, yumşalma prosesinin tədricən davam etməsində, məhdudiyyətlərin aradan qaldırılmasında dövlət də, insanlar da  maraqlıdırlar.  Prezident  İlham Əliyevin «Bunun üçün  nəzərdə tutulan qaydalara əməl olunmalı, qanunların pozulmasına yol verilməməlidir. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun»  tövsiyəsinə  hər kəsin əməl etməsi pandemiyaya qarşı  mübarizədə  birlik və həmrəyliyimizin nümunəsi olmaqla sağlamlığımızın da  etibarlı  qarantıdır.

  Dünyanın tanınmış mütəxəssislərinin bildirdikləri kimi,  hələ də  insanların ölümünə səbəb olan pandemiya dünya üçün çox ciddi problem, bəla olaraq qalmaqdadır.  Proqnoz kimi səslənsə də gözlənilən daha təhlükəli xəstəliklərlə  mübarizəyə bugünümüzdən  hazırlaşmalıyıq.  «Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir… Ona görə hamımız məsuliyyətli olmalıyıq» söyləyən  Prezident İlham Əliyevin  tövsiyəsi hər birimizi ayıq-sayıq olmağa  səsləyən çağırışdır.

Xuraman İsmayılqızı, «İki sahil»