12 mart 2020 20:28
1276

Qarpız qarı

Niyə bəzən dağlarda qar qırmızı olur və şirin qarpız qoxusu gəlir?

Məşhur yunan filosofu Aristotelin 2300 il əvvəl bəhs etdiyi “qırmızı qar” və ya “qarpız qarı” rəngini çəhrayı və ya qırmızı rəngi verən maddəyə bənzər kimyəvi tərkibli yosunlardan alır və xüsusi rəngi və qoxusu olduğu üçün “qarpız qarı” adlanır. Bu təbiət fenomeni yalnız yaz və yay mövsümündə, günəş şüalarının dağların zirvəsindəki qalın qar qatını bir az əritdikdə əmələ gəlir və qar nə qədər çox islanarsa, qırmızı rəng o qədər də tündləşər.

1818-ci ilin may ayında ingilis gəmisinin kapitanı Con Ross Qrenlandiyada qırmızı çaylara rast gəldikdə müşahidə üçün qar götürmək əmrini verir və bu təbii təbiət nümunəsindən bir parça vətəninə gətirir.

Qar ərimiş olsa da mütəxəssislər qırmızı maye üzərində işləməyə başlayırlar. Qırmızı su, hər cür təcrübələrə məruz qalsa da, dəqiq bir izahata nail olunmadı: bütün nəticələr yenə də fərziyyələrə söykəndi. Belə ki, bəzi mütəxəssislər qırmızı rəngin məhz kiçik qaya parçalarından, digərləri isə torpağın tərkibindən əmələ gəlməsinə inanırdılar. Hətta bir meteoritin düşməsi səbəbindən qarın qırmızı rəngə boyanmasından əmin olanlar da var idi.

Nəticədə Kapitan Ross ekspedisiyası haqqında öz nəşrini çap etdi. Nəşrdə qırmızı qarla bağlı fərziyyələr də yer aldı. Bu fərziyyələrə əlavə olaraq qırmızı rəngin yaranmasına hansısa xüsusi bir yosunun səbəb ola biləcəyini irəli sürən Şotlandiya botanisti Robert Braunun da düşüncəsi əlavə edildi. Sonunda doğru olan da elə bu versiya oldu.

Təxminən bir əsr sonra alimlər mikroskopik yosunların qırmızı rəngə səbəb olduğunu aşkar etmək üçün bir mikroskopdan istifadə edə bildilər.  Yosunlara “Qar Xlamidomonadaları” deyilir və bu birhüceyrəli yosunların aşağı temperaturda həqiqətən yaşayıb, inkişaf etməsi sübut edildi. Qış aylarında qışlayır və yazda günəş parlaqlaşmağa başlayanda, yosunlar qarın altından səthə doğru tədricən yüksəlməyə başlayaraq səthi qırmızıya boyayırlar.

Qırmızı rəng bu mikroskopik bitkiyə günəş işığını daha yaxşı cəlb etməyə və nəticədə ətrafındakı suyu əritməyə imkan verir. Belə şəraitdə  + 4C qədər soyuq suda - qar xlamidomonadaları özlərini çox yaxşı hiss edir. Hava ilə təmasda olduqda yosun qarpıza çox bənzəyən incə bir ətir yaymağa başlayır.

Bəzi alpinistlər iddia edirlər ki, qırmızı qarı dadmağa cəhd etsəniz, qarpız dadı hiss edərsiniz!

Amma mütəxəssislər bunu etməyi məsləhət görmürlər, çünki yosun özü zəhərli olmaya bilər, lakin tərkibində, mədə pozğunluğuna səbəb ola biləcək müxtəlif bakteriyaların olma ehtimalı var.

Qırmızı qar daha çox Qrenlandiya və Sierra Nevada qarlarında müşahidə olunur. Qarpız yosunları olan bəzi ərazilərə Alp dağlarında, Arktika, Qafqaz və Şimali Uralda da rast gəlinir.

Həyat Qəhrimanlı