KÖŞƏ

Zahid Rza

Qarabağ yeni dövrün astanasında

25 noyabr 2020 17:45
579

Qəhrəman ordumuz qətiyyətli sərkərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə sentyabrın 27-də başlanmış Vətən müharibəsini Azərbaycanın qələbəsi ilə başa çatdırdı. Şanlı Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları elə ilk günlərdən xalqımızı öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşdirdi. 44 günlük müharibə təkcə təcavüzkar Ermənistana deyil, bütün dünyaya, beynəlxalq aləmə ölkəmizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bütün dünya Azərbaycanın öz suverenliyi, ərazi bütövlüyü uğrunda inamlı mübarizəsinin, azadlıq mücadiləsinin şahidi oldu.

 Hərbi əməliyyatlar zamanı rəşadətli ordumuz  tərəfindən darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. İmzalanmış sənəd təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi ilə yanaşı,  Azərbaycanın böyük geosiyasi və geoiqtisadi qələbəsi idi. Birgə Bəyanatda Ermənistan öz üzərinə qoşunlarını 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçından çıxaracağına dair öhdəlik götürdü. Dağlıq Qarabağa hər hansı statusun verilməməsi, ərazi bütövlüyümüzün tam təmin olunması və nəhayət, ölkəmizin digər ərazilərinin Naxçıvanla kəsilmiş quru-avtomobil, dəmiryol əlaqələrinin bərpasının nəzərdə tutulması Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Məhz buna görə noyabrın 10-da imzalanmış tarixi sənəd Azərbaycanın döyüş meydanındakı zəfər yürüşünü siyasi- diplomatik səviyyədə də qələbə ilə başa çatdırması, işğalçı Ermənistanın kapitulyasiyası demək idi.

Rəşadətli Azərbaycan əsgərinin qanı, canı bahasına azad olunmuş Cəbrayıldan, Füzulidən, Zəngilandan, Qubadlıdan, Qarabağın incisi olan Şuşadan sonra artıq Ağdam və Kəlbəcər də Azərbaycandır. Artıq Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcəri boşaldaraq Azərbaycana təhvil verdilər. Təbii ki, bir güllə atmadan, bir əsgərimizin burnu belə qanamadan öz torpaqlarımıza sahiblənməyimiz müzəffər ordumuzun döyüş meydanındakı əzmi, qüdrəti ilə yanaşı, həm də Azərbaycanın uğurlu siyasi-diplomatik fəaliyyətinin nəticəsidir.

Noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Ölkəmizin başçısı Ağdam məscidinin qarşısında çıxışı zamanı bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik edərək bildirib ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər: “Həm işğal dövründə-30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin".

İndi qarşıda bizi böyük işlər, azad edilmiş torpaqlarımızda quruculuq işləri gözləyir.  Təbii ki, bütün bu işlər uğurla, məqsədyönlü şəkildə  həyata keçiriləcək. Azad edilən ərazilərimizdə bərpa işləri ilə bağlı böyük proqramlar hazırlanır. Bütün işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, yollar çəkiləcək və digər  işlər görüləcək.  Barbar, mağara təfəkkürlü ermənilərin daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz əsaslı şəkildə yenidən bərpa ediləcək, soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı təmin ediləcək. Bütün bunlara Azərbaycanın malik olduğu güc, qüvvət, iqtisadi qüdrət tam imkan verir. 

 Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında imzaladığı Sərəncam bunun əyani nümunəsidir. Sənədə əsasən, bu qərargah Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistannın baş nazirinin  2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılıb.

Bundan başqa, ölkəmizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncam bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi daşıyır. Sərəncamla ümumi uzunluğu 45,0 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılıb, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulub.

Dövlətimizin başçısının dediyi kimi, böyük potensialı olan Ağdam üçün indi yeni dövr başlayır. Bu şəhərin də baş planı hazırlanacaq və o plana uyğun olaraq bütün infrastruktur qurulacaq, əhali ora geri dönəcək və quruculuq-abadlıq işləri davam etdiriləcək: “Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?