15 sentyabr 2020 20:04
377

Qanunsuz məskunlaşdırma yalnız qanun pozuntusu deyil, bu, bir cinayətdir

Əfsuslar olsun ki, bəşəri faciənin kobud siyasi məqsədlər və təxribatlar üçün istifadə edildiyinin bir daha şahidi olduq. Livandakı çoxsaylı hərbi əməliyyatlara və iztirablara səbəb olan faciəvi partlayış Ermənistan tərəfindən bölgəmizdəki vəziyyəti gərginləşdirmək üçün istifadə edilib.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən, Ermənistan bu faciədən zərərçəkmiş insanların iztirablarından öz çirkin məqsədləri naminə növbəti dəfə sui-istifadə etməkdədir. Həmin insanlara Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma təklif edən Ermənistan Livandan olan insanları silahlı muzdlular kimi də istifadə etmək niyyətindədir. Bu cür çirkin əməllər törətməyə davam edərək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşdırma siyasəti apararaq, ermənilər Azərbaycan torpaqlarından Azərbaycanın izini yox etməyə çalışır.

Məlumdur ki, müharibə dövründə mülki əhalinin qorunmasına dair 1949-cu il Cenevrə Konvensiyasına və beynəlxalq hüquqa əsasən işğalçı dövlətin öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməsi müharibə cinayəti hesab edilməlidir. Bu baxımdan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma müharibə cinayəti kimi qiymətləndirə bilər. İstehzalı olsa da, Ermənistanın hətta öz Cinayət Məcəlləsinin qanunvericiliyinə görə də bu cür əməllər cinayət hesab olunur.

Buna baxmayaraq, heç bir hüquqa və qanuna məhəl qoymayan Ermənistanın davamlı olaraq atdığı təxribat addımları Ermənistanın münaqişənin həllində maraqlı olmadığını və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan təcavüzkar siyasət nümayiş etdirdiyini növbəti dəfə təsdiqləyir. Bu cür qanunsuz fəaliyyətlər beynəlxalq hüququ, Cenevrə Konvensiyalarını pozmaqdan əlavə insanların münaqişə zonasına köçürülməklə həyatlarını təhlükəyə ataraq, həm də humanitar və mənəvi prinsipləri də pozur.

Bu baxımdan, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması indi xüsusilə zəruridir və bu istiqamətdə artıq davamlı tədbirlər görülməkdədir. Hazırda Azərbaycan Ermənistanın son cinayətlərini ört-basdır etmək cəhdlərini fəal şəkildə ifşa edir və onların son zamanlardakı əməllərinin dünya səviyyəsində qınaq obyektinə çevrilməsi üçün əlindən gələni etməyə çalışır. Qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısının alınması məqsədilə bütün araşdırılmış faktlar Avropa Parlamenti, AŞPA, ATƏT kimi beynəlxalq qurumlara, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə qədər çatdırılıb və çatdırılmaqda davam edir.

“Azərbaycan artıq beynəlxalq qurumlardan daha ciddi və məqsədyönlü mövqe gözləyir. Xüsusilə, son həftə ərzində biz bu məsələlərlə bağlı AŞPA-nın Siyasi və monitorinq komitələrinin iclaslarında öz etirazlarımızı səsləndirmişik və ermənilərin bütün cinayətkar əməllərini və yalanlarını dürüst məlumat şəklində bildirmişik. Bu nöqteyi-nəzərdən, məqsədimiz beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı konkret sənədlər və müxtəlif sanksiyaların tətbiq edilməsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə heç vaxt qəsd edilə bilməz və bu cür cəhdlərin qarşısı qətiyyətlə alınacaqdır”, - deyə Səməd Seyidov bildirib.