05 sentyabr 2019 10:38
1394

Qan vermək nədir?

Qan istehsal edilməyən toxuma olduğuna görə, yeganə mənbəyi sağlam qan ianəçiləridir. Qan ianəsi həm ictimai, həm fərdi baxımdan əhəmiyyət daşıyır. Çünki insan qan verdiyi zaman orqanizm yeni qan istehsal edir və bunun orqanizm üçün faydası çoxdur. Qan ianəsi, sağlam olan şəxsdən alınan bir miqdar qanın ehtiyac sahibi olan bir şəxsə ötürülməsi prosesidir. Böyük xəstəxanalarda qan toplama (qan bankı)  mərkəzləri yerləşir. Toplanan qan ehtiyac duyulduqda istifadə edilmək üzrə soyuq dolablarda saxlanılır.

Kim qan verə bilər?

Yaşı 18-65, çəkisi 50 kq və ondan artıq olan hər bir sağlam insan qan verə bilər. Kişilər ən tez 2 ayda bir, qadınlar isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan verməyin insan orqanizmi üçün bir çox xeyirli tərəfləri var.

Kim qan verə bilməz?

Müəyyən hallar var ki, bu, sizin qan verməyinizə mane ola bilər:

Müayinədə 37.5 dərəcədən artıq bədən istiliyi olanlar, nəbz atış sayı dəqiqədə 50-dən az, 100-dən artıq olanlar, narkotik maddə asılılığı olanlar, laxtalanma faktor konsentrasiyası ilə müalicə alanlar, son 24 saatda həddindən artıq miqdarda alkoqol qəbul edənlər, soyuqdəymə keçirənlər (şikayətlərinin kəsilməsindən 3 gün sonra qan verə bilərlər), son 12 ay ərzində yoluxucu sarılığı olan biri ilə yaxın təmasda olanlar, orqan və ya toxuma köçürülməsi olanlar, iynəbatırma ilə döymə dərinizin hər hansı bir yerinə dəlik açmaq (qulaq deşdirmə kimi) kimi əməliyyat etdirənlər və son 3 il ərzində malyariya xəstəliyi keçirənlərə qan vermək olmaz.

Malyariya xəstəliyinin epidemiya olaraq yerləşdiyi coğrafi bölgələrdə 6 aydan çox qalanlar 2 il müddətində, 6 aydan az qalanlar isə 12 ay qan verə bilməzlər. İstifadə etməkdə olduğunuz dərmanlar varsa mütləq qan verdiyiniz mərkəzdəki həkimə bildirin. İnfarkt keçirən bir adam qan verə bilməz.

Qan verərkən qansızlıq (anemiya) yaranırmı?

Verilən qan 450 ml qədər olur. Bədəndə orta hesabla 5000-6000 ml qan olur. Alınan qan bədəndəki qanın təxmini dəyəri, 1/13-i qədəri olaraq zərər verməz. Ayrıca qan ianəsindən əvvəl qan sayımı aparılır, həkim tərəfindən qiymətləndirilir. Qan ianəsindən əvvəl aparılan müayinədə qan səviyyəsi aşağı olduğu (anemiya) müşahidə edilərsə qan vermək olmaz. Normalda sağlam fərdlər qan verərlərsə azalan qan hüceyrələri sümük iliyinin çalışması ilə sürətlə yenilənər. Onsuz da bədən, bu hüceyrələrin yaradılması və dağıdılması fəaliyyətlərini davamlı olaraq həyata keçirir. Alınan qan miqdarı isə sağlamlığa mənfi təsir edəcək səviyyədə olmadığına görə, qansız qalmaq kimi bir vəziyyət yaratmır.

Bəs qan verməyin faydası nədir?

Qanaxmalı bir xəstədə və ya böyük bir əməliyyatda 6-8 qutu qana və 4-5 qutu təzə dondurulmuş plazmaya ehtiyac duyulur. Problemli hamiləlik keçirən və ya qanaxmalı hamilə bir qadının həyatını davam etdirməsi üçün qan və qan məhsullarına ehtiyac olur. Həyatında qan və qan məhsullarını almaq məcburiyyətində olan hemofiliya və talessemiya xəstələrinin yaşamağı üçün qana ehtiyacı vardır. Yenidoğulan və qanın dəyişməsi üçün çox təzə qana ehtiyacı olan uşaqlar sizin qanınızı gözləməkdədirlər. Ağır böyrək xəstələrinin də həyatlarını davam etdirmələri üçün qan və qan məhsullarına ehtiyacı vardır. Qan istehsal edilməyən yeganə dərmandır. Bir gün hər kəsin qan və qan məhsullarına ehtiyacı ola bilər. Verəcəyiniz hər qan üçün pulsuz olaraq qan qrupu müəyyən edilir, Hepatit B, Hepatit C və AİDS testləri də aparılır. 

Röya Rasimqızı,

“İki sahil”