KÖŞƏ

Röya Rasimqızı

Qadın zəriflik, müdriklik, milli-mənəvi dəyərlərimizin qorunması rəmzidir

11 mart 2020 20:49
2199

Bu məlum həqiqəti hamı dərk edirmi?

Martın 8-də özünü “feminist hərəkatı” adlandıran bir qrup üzdəniraq gəncin “8 MARŞ - Bizimdir Hürr Küçələr” şüarı ilə Bakıda icazəsiz aksiya keçirməsi ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb.

Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsi təkcə güclü deyil, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən,  bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır.

Bu gün Azərbaycan qadınının cəmiyyətdə  rolu daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Azərbaycan qadınına diqqət və qayğı, onların hüquqlarının qorunması bütün dövrlərdə öz aktuallığını qoruyur. Bu gün ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti də deyilənlərin bariz nümunəsidir.  Hazırda böyük fəxrlə qeyd etdiyimiz reallıqlardan biri qadınların dövlət idarəçiliyində, parlmentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artmasıdır. Bu mühüm məqamı da qeyd edək ki, bu günlərdə  ilk iclasını keçirən altıncı çağırış Milli Məclisin sədri də məhz qadın deputatımız seçildi.

“Müasir Azərbaycan Qadını” İctimai Birliyinin üzvü Kəmalə Muradlı bizimlə söhbətində özünü “feminist hərəkatı” adlandıran bir qrup üzdəniraq gəncin əxlaqa və milli-mənəvi dəyərlərə zidd əməllərini pislədiyini, 8 Mart- Beynəlxalq Qadınlar Gününün heç də əxlaqsızlığı nümayiş etdirmək demək olmadığını bildirdi. O, aksiyada iştirak edən insanların milli-mənəvi dəyərlərimizə qiymət vermədiklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, əsl Azərbaycan xanımları  heç vaxt belə bir əxlaqsızlığa yol verə bilməzlər.

K.Muradlı  Azərbaycan qadınının adının belə formada hallanmasından təəssüfləndiyini, bunun əxlaqa zidd olduğunu vurğuladı.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?