05 avqust 2019 14:18
106

Pul paylayan “qəhrəman” həbs edilib

Dubayda sosial şəbəkələrin pul paylayan “qəhrəmanı” həbs edilib

Bu ilin mart ayında Dubay Əmirliyinin izdihamlı küçələrindən birində yoldan keçən adamların və avtomobillərin üstünə pul səpələyən kişi həbs edilib.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda Asiya mənşəli bir kişi əsginasları səpələyir. Geniş ictimai əks-səda doğurmuş bu videodan sonra Dubay polisi həmin videoçarxın “qəhrəmanı”nı axtarmağa başlayıb və nəticədə Elektron Hüquq Pozuntuları üzrə Təhqiqatlar Departamenti həmin kişini tapıb həbs edib. Saxlanılan şəxs bu videoçarxı sosial şəbəkələrdə populyarlaşmaq xatirinə çəkdiyini etiraf edib.

Dubay polisi əmirliyin bütün sakinlərini və qonaqları sosial şəbəkələrdə yerli ənənələrə və mədəniyyətə zidd olan yaxud onlara hörmətsizlik nümayiş etdirən materiallar yaymaqdan çəkinməyə çağırıb.