15 sentyabr 2020 19:34
520

Prezident tapşırığı: Gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq

Cənab İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində təhsilin inkişafı isiqamətində atılan addımlardan geniş bəhs edərək gənclərimizə  tövsiyələrini də çatdırır

 

Dövlətimizin başçısı İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində  «Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər.  Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək» söyləyərək tövsiyələrini də çatdırmışdır - Bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.

  Bu reallıq  daim önə çəkilir ki, hər bir xalqı yaşadan onun zəngin tarixi, dili, milli-mənəvi dəyərləridir.  Eyni zamanda, bu tezis də səslənir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük ümidlərlə addımlayan xalq daim bütün sınaqlardan üzüağ çıxacaq, yeni-yeni hədəflərə doğru inamla irəliləyəcək. Bu gün Azərbaycanın timsalında bunu  aydın ifadəsini görürük. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu tələbi qarşıya qoyur ki, Azərbaycanın müstəqillik tarixi paralellər fonunda təhlil edilməli, gənclərə olduğu kimi çatdırılmalıdır. Xatırlasaq, ulu öndər Heydər  Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında bu gün 10, 20 yaşı olan gəncin  keçmiş dövr haqqında məlumatı olmadığını  önə çəkərək bildirmişdir ki, Azərbaycanın müstəqillik yolunun ağır dövrlərdən keçdiyini gənclərimizə çatdırmalıyıq.  Hər bir nəslin öz keçmişi haqqında aydın təsəvvürə malik olması vacib amillərdəndir.  Ümummilli Lider eyni zamanda, bildirirdi ki, gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi yaxşı bilməlidirlər. Bu baxımdan dövlətimizin başçısı  İlham Əliyevin  2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili»” elan etməsi əhəmiyyətli hadisə kimi dəyərləndirildi. Çünki tariximiz səhifələndi, AXC-nin bu günümüz üçün gördüyü işlərin miqyasının nə qədər böyük olduğu bir daha açıqlandı.   23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq  Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən  və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi.  Daim ilkləri ilə tarixə düşən Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə vermiş oldu.

    Oktyabrın 18-də müstəqilliyinin yenidən bərpasının 29 ilini qeyd edəcək Azərbaycanın bu yolda hansı çətinliklərlə üz-üzə qaldığı, amma şərəflə çıxdığı tariximizin vərəqlənən səhifələrində öz əksini tapıb. «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi bu səhifələrin vərəqlənməsində,  bugünkü gənclərə faktlar əsasında çatdırılmasında əhəmiyyətli rol oynadı.

  Bir məqamı da qeyd etməliyik ki,  Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. Ulu öndər Heydər Əliyevin bu fikirləri qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir: “İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, həmin sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə bu milli  psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır.”

Qeyd etdiyimiz kimi, mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti vardır. Muğam həm ədəbiyyat, həm musiqi, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək  Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışdır.        

Dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın ötən  il UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində  də   milli-mənəvi dəyərlərinə,  tarixi-mədəni irsinə bağlılığı əsas yer tutdu.  Tarixə söykənərək, inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,  milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev  daim bu  çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı,  tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Bir əsas məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsirini xüsusi vurğulamışdır.  Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Son 17 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan davamlı addımlardan daha aydın görünür. Təkcə son illərə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı,  2019-cu ilin “Nəsimi ili”, 2020-ci ilin isə «Könüllülər ili» elan edilməsi və sair kimi biri-birindən önəmli addımlar  zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib olmağımızdan irəli gəlir. Bu dəyərlərin əsasında dayanan amillərdən biri isə xeyirxahlıq, mərhəmətdir ki, bu da öz növbəsində könüllülər hərəkatının inkişafını şərtləndirir.    Ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya  Mədəniyyətlərarası Dialoq forumlarında da  daim bu məqam önə çəkilir ki, müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən  Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna yeni əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən  ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı,   xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqladı.  Bir sözlə,  bu kimi mühüm qərarlar  ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.

    Dövlətimizin başçısı İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində «Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq» söyləyərək bildirmişdir ki, istənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir: «Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.»

      Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamında əksini tapan bu fikirləri bir daha xatırlatmaq istərdik:  Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər.

    Bu gün bütün dünya koronavirus infeksiyasına qarşı mübarizədə, vətəndaşları  əvvəlkindən artıq birlik, həmrəylik nümayiş etdirməkdə,  bu bəlaya ümumi yanaşma prinsiplərindən biri kimi “Evdə qal sağlam ol çağırışı! ” öz əhatə dairəsinin genişliyi ilə diqqət çəkməkdədir. Ölkəmizdə maarifləndirici cağırışlara hər addımda rast gəlinir. Ən əsası bu işdə  könüllülərimizin rolu inkaredilməzdir.  Ölkəmizdə illərlə könüllülük hərəkatının daha da genişləndirilməsi, müxtəlif sahələri əhatə etməsi istiqamətində atılan addımlar bu gün öz bəhrəsini verir. Bu günümüzün reallıqlarından bir daha  aydın olur ki,  könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Bu hərəkatın əsas aparıcı qüvvələri olan gənclərimiz  fəallıqlarını daha da artırır, üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün daha ciddi səylə çalışırlar.

    Hər zaman Azərbaycan gəncliyinin inkişafı üçün atılan addımlardan bəhs edərkən ənənəvi olaraq keçirilən  Davos Dünya İqtisadi Forumunun builki iclasında  səsləndirilən  «Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» suala dövlətimizin başçısı İlham Əliyevin cavabını xatırlatmağı özümüzə borc bilirik.  Çünki bu cavab müqayisəli təhlili özündə ehtiva edərək Azərbaycan gəncliyinin inkişafı üçün yaradılan şəraitin qənaətbəxş olmasına, gənclərin öz potensial imkanlarını ortaya qoymaq üçün  zəruri imkanların yaradılmasına aydınlıq gətirir.   Prezident İlham Əliyev bildirmişdir ki,   biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdə,  startap biznesindədir. Nəhəng könüllülər hərəkatına başlanılıb  və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib.  «Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  onları həyat qane etmir,  hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir.  Azərbaycanda  həmişə sözümüzə əməl edirik: «Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.»

  Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki,  hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir.  Ölkə Prezidentinin «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır», «Xalq görülən işlərdən razı olarsa, onda mən də razı qalaram», «Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır» kimi tezisləri  vətəndaş amilinə verilən önəmin təsdiqidir. Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» vədini vermiş və son 16 ildən artıq dövrdə  bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan  Azərbaycan  adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli” ölkələr» kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı  hesabatına əsasən isə  «orta insan inkişafı” ölkələri» qrupunu tərk edərək, «yüksələn insan inkişafı” ölkələri» qrupunda yer almışdır. Bu reallıq da daim önə çəkilir  ki, neftlə zəngin çox ölkələr var. Lakin onlarda bu resurs heç də inkişafa, tərəqqiyə yol açmır. İnsanlar arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi, ən əsası ədalət prinsipinin, şəffaflığın yüksək səviyyədə qorunması bu kimi fərqlərin baş verməməsinə səbəb olmuşdur. Bu, dövlətin ali məqsədində insan amilinə verilən önəmin bariz nümunəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orda ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın.

    Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan Ordusunun cavabı bütün gənclərimizdə, vətəndaşlarımızda vətənpərvərlik hissini daha da alovlandırdı. Bu  əhval-ruhiyyə istər onların orduya dəstək adı altında keçirdikləri yürüşlərdə, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq  çoxsaylı müraciətlərində öz əksini tapdı. Bu gün də müraciətlər  davam edir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin çağırışına səs verən  50 mindən artıq  vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

      Dövlətimizin başçısı İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri  təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də  bir daha diqqəti gənlərimizin vətənpərvərlik  ruhunda formalaşmasına yönəldərək bildirmişdir ki, əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir: «Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.»

  Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı vurğulayır ki,  çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdır. Onlar  öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir: « Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.» Ölkə Prezidenti İlham Əliyevin bu tezisləri  ulu öndər Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" çağırışının davamı kimi dəyərləndirilir.

Yeganə Əliyeva, «İki sahil»