05 iyun 2020 10:55
340

Prezident  növbəti dəfə erməni uydurmalarını ifşa etdi

İlham Əliyev: İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu vurğulayaraq qeyd edib ki, tarixi ədalət bizim tərəfimizdədir. Ölkə başçısı tarixi faktlara əsaslanaraq bir daha qeyd edib ki, ermənilər bizim torpağımıza, o cümlədən tarixi ərazilərimizə XIX əsrin əvvəllərində köçürülüblər və indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb,  bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir: “Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər.”

Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olmuşdur. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti- Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilmişdir.

Bəşər mədəniyyətinin ən nadir incilərinə qənim kəsilən bu faşist ruhlu məxluqatlar- erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, xalqımıza məxsus toponimlərə qarşı da soyqırım həyata keçirmişlər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdirmişlər. Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq “nümunəsi” göstərirlər.

Ölkə başçısı tarixi həqiqətlərin ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirib ki, mühüm tarixi sənədlərdə, XX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən nəşr edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: “İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır.”

Bütün tarixi faktlar sübut edir ki, ermənilər Qarabağa məhz sonradan köçürülüblər. Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb.

Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri məhz onların özlərinin inşa etdikləri və ölkə başçısının bəhs etdiyi “Marağa–150” abidəsidir. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində XIX əsrin 20-30-cu illərindən başlayıb. 1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Miqrasiya nəticəsində ermənilərin Qarabağda süni çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələndi.

1978-ci ildə “Marağa–150” abidəsi adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı. 1988-ci ildən sonra ermənilər kobud tarixi səhv buraxdıqlarını dərk edərək, abidənin ön divarında xırda ağ rəngli çay daşları ilə yazdıqları “Marağa-150” sözünü söküb yox etdilər.

Ermənilərin ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. Mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlətqaçqınkom tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Erməni yalanını ifşa edən bu abidə ölkəmizə səfərə gələn insanlara, o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə göstəriləcək. Şahidlərin dediyinə görə, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsini sübut edən analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa olunub. Lakin ermənilərin ərazi iddiaları başlayanda bu abidələr də ermənilər tərəfindən dağıdılaraq yox edilib.

Təbii ki, ölkəmizin başçısı bununla həm dünya ictimaiyyətinə tarixi faktları çatdırmaq, həm də Azərbaycanın müvafiq dövlət, hökumət orqanlarına, ictimaiyyətinə bu məsələnin dünya birliyində qəbul etdirilməsi istiqamətində fəallaşmağın lazım olduğu mesajını verir. Ona görə də bu tarixi  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yalnız dövlət orqanlarının, tarixçi alimlərin, ziyalıların deyil, hər bir azərbaycanlının ən ümdə vəzifəsi, ən ali amalı və müqəddəs Vətən  borcu olmalıdır.

Zahid Rza,

“İki sahil”