10 aprel 2019 20:01
345

Prezident İlham Əliyevin son bir ildə atdığı addımlar milli təəsübkeşliyin bariz nümunəsidir

“Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

Möhtərəm Prezidentimiz İlham Əliyevin  ötən il  keçirilən andiçmə mərasimində söylədiyi bu fikirlər Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların ümumiləşdirilmiş ifadəsidir. 11 aprel 2018-ci il prezident seçkilərindən bizləri ayıran bir il ölkəmizin inkişaf tarixinə yeni-yeni səhifələr yazdı. Bu səhifələri vərəqlədikcə iqtisadi, siyasi, mədəni həyatımızın aydın mənzərəsi yaranır. Ən əsası dövlətimizin başçısı  atdığı addımları ilə  həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını,  hər zaman olduğu kimi, bu gün də  vətəndaşının yanında olduğunu, onların qayğıları ilə yaşadığını   təsdiqlədi.

Sabit, təhlükəsiz ölkənin uğurlarının davamlılığı şəksizdir. Bu sabitliyin təminatçısı təbii ki, xalq-iqtidar birliyidir.  Bu fakt beynəlxalq səviyyədə də etiraf olunur ki, xalqın Prezidentinə inamının və etimadının böyük olduğu ölkədə heç bir narazılıqdan söhbət gedə bilməz. Azərbaycan daim nümunəvi ölkə kimi təqdir olunur. Bu gün ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasında, əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafında da sabit, demokratik ölkə kimi nüfuz qazanmağımız əsas rol oynayır. Hər bir dövlət əməkdaşlıq əlaqələri qurmaq istədiyi ölkədə ilk olaraq sabitliyə, demokratik inkişafa diqqət yetirir. Azərbaycan regionda sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirib. Yerləşdiyi coğrafi məkana uyğun olaraq müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, ölkələr, xalqlar arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan  qəbul olunmasında da bu kimi amillərin rolu inkaredilməzdir. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi, 55 ölkədən 500-dən artıq nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunun  mövzusuna diqqət yetirdikdə də bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha aydın görmək mümkündür. “Dünyanın yeni xarici siyasəti” məhz müstəqil siyasəti ilə beynəlxalq aləmdə özünəməxsus yer tutan ölkəmizdə müzakirə olunub, ümumi mövqe ortaya qoyulursa, bu, böyük diplomatik uğurumuzdur. Dövlətimizin başçısı İlham Əliyev böyük inam və qətiyyətlə bildirdi ki, bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. “Xarici siyasətimiz, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir” söyləyən ölkə Prezidenti İlham Əliyev Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin istər əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində, istərsə də  bu layihələrin iştirakçısı olan, eyni zamanda, dünya dövlətlərinin  iqtisadi inkişafının davamlılığında əhəmiyyətli rol oynayır.

Son bir ilin mühüm hadisələrinə diqqət yetirdikdə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin coğrafiyasının genişləndiyini görərik.  Ötən ilin mayında Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin  XXV yubley tədbiri  ərəfəsində  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Qeyd edək ki, möhtərəm Prezidentimiz 2014-cü ildə  “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsinə təsadüf edən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində bu mühüm hadisəni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirmişdi. Sözsüz ki,  BTC neft kəməri olmasaydı, BTC qaz kəmərindən, bunlar olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Cənub Qaz Dəhlizinin  rəsmi açılışı bir daha bu reallığı ortaya qoydu ki, hədəflər məqsədə çatmaq üçün əsasdır. Azərbaycan bu hədəflərə nail olmaq, gündəmə gətirilən hər bir layihənin uğurlu sonluqla zamanında başa çatdırılmasına  səy göstərir və bu məqsədə yüksək səviyyədə nail olur. Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan, “Enerjinin İpək Yolu” kimi dəyərləndirilən  TANAP-ın   istifadəyə verilməsi son bir ilin mühüm uğurları sırasındadır. Regionda sabitliyə və təhlükəsizliyə böyük töhfə olan   Azərbaycan-Türkiyə dostluğunun, qarşdaşlığının,  siyasi iradəsinin nəticəsi olan layihələr davamlılığı ilə diqqətdədir.  Birgə təşəbbüslərin bariz nümunəsi kimi “Star” neft emalı zavodunun istifadəyə verilməsini də qeyd etməliyik.  Açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin bu fikirləri qürurvericidir:  “Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı.” Əməkdaşlığın coğrafiyasının genişlənməsi fonunda uzanan bu yol, eyni zamanda, hər bir ölkəyə, xalqa yüksək rifah gətirir. Enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəmizə əlavə olunan gəlirlər əsasında sosialyönümlülük yüksək səviyyədə təmin olunur, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən önəmli addımlar atılır. Bu günümüzün uğurları ulu öndər Heydər Əliyevin bu tezisini bir daha xatırlatmağı bir tələb kimi qarşıya qoyur: “Neft Azərbaycanın ən böyük  sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.” Məhz  inkişaf strategiyamızın düzgün müəyyənləşdirilməsinin nəticəsidir ki, Azərbaycan  2008-ci ildə dünyanı bürüyən,  nəticələri bu günə qədər davam edən iqtisadi və  maliyyə böhranından az itki ilə çıxdı. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, ən əsası dövlətimizin başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək, bu yönümdə mühüm addımlar atması bugünkü uğurlarımızı stimullaşdırdı. 

Azərbaycanın iqtisadi imkanları artıqda güclü sosial siyasət üçün də əsas yaranır. Son bir ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı  İlham Əliyevin   Sərəncamı ilə  təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın uğurlu icrası, ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi kiçik və orta sahibkarlığın inkişafına geniş yol açmaqla yanaşı, sosial rifah halının yüksəlməsinə xidmət edən addım kimi dəyərləndirilir. Bunun ardınca ötən ilin avqustunda  dövlətimizin başçısı İlham Əliyev  “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu sənəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması,  habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədinə xidmət edir.  Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılır. 2019-2025-ci illərdə Bakıda və respublikanın rayonlarında 31 DOST Mərkəzinin yaradılması nəzərdə tutulur. “DOST” sözün əsl mənasında  vətəndaşlarımızın yaxın dostuna çevriləcək.  Son bir ilin  təcrübəsi  bir daha göstərdi ki, hər bir ölkənin  iqtisadi təhlükəsizliyi müəyyən mənada özəl bölmənin inkişafı ilə də bağlıdır.  Bu fikri də böyük inamla qeyd edə bilərik ki, ölkəmizdə  güclü sahibkarlar sinfi formalaşıb. Dövlətimizin başçısı İlham Əliyevin  fərmanlarına uyğun olaraq təsdiqlənən  üç Dövlət Proqramının uğurlu icrası,  eyni zamanda,  29 yanvar 2019-cu il tarixli Fərmanı ilə  regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiqlənməsi növbəti illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmağa möhkəm baza və töhfədir.

Ötən ilin davamı olaraq cari ilin ilk aylarından başlanan sosial islahatların miqyasının genişlənməsi də təqdirolunan hadislər sırasındadır. Minimum əmək haqqının 130 manatdan 180 manata, minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması,  şəhid ailələrinə, müharibə veteranları və əlillərinə, qaçqın və məcburi köçkünlərə  verilən müavinətlərin artırılması, təqaüd sisteminin təkmilləşdirilməsinə xidmət edən sərəncamlar da deyilənlərin təsdiqidir. Əsas hədəf budur ki, dövlətin iqtisadi qüdrətinin güclənməsi əsasında əhalinin sosial rifah halı daha da yaxşılaşsın.

Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı imzalanan sənəd 60 minə yaxın ailənin sevincinə səbəb olacaq.  İnsanlara narahat edən problemli kreditlərin həllinə xidmət edən Sərəncam da böyük rəğbətlə qarşılandı.  “Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bu kimi davamlı addımları ilə vətəndaşının yanında olduğunu, onların qayğıları ilə yaşadığını  bir daha təsdiqləyir.

Baş verən zəlzələlərin, daşqınların, yanğınların  nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi də   dövlətin vətəndaşına göstərdiyi qayğıdır. Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə aidiyyəti orqanlara tapşırıqların verilməsi, bunun ardınca  zərər çəkən insanlara dövlət dəstəyinin göstərilməsi məqsədilə Sərəncam imzalanması xalq-iqtidar birliyinin, vətəndaş amilinə verilən dəyərin bariz nümunələrindəndir. “İslahatlar yenilik, yeni yanaşma,  mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin bu inamı  məhz verdiyi hər vədini əməli işində təsdiqləməsinə əsaslanır.  Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətə yol açır. 

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir.  Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva fəaliyyətini  sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqlayaraq, bu istiqamətdə mühüm addımlar atır, gördüyü işlərin  miqyasını daha da genişləndirir.  Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdə   Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  söylədiyi fikirlər onun dövlətinə, xalqına bağlılığından irəli gələn vətənpərvərlik hisslərini bir daha açıqladı və hər bir Azərbaycan vətəndaşını daha da ruhlandırdı.  “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var” söyləyən Mehriban xanım Əliyeva bu əminliyi də  ifadə etmişdir ki,  belə xalqla,  əsgərlərlə, zabitlərlə,  qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.

Dövlətimizin, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağı qaçılmazdır. Diplomatik uğurlarımız, güclənən və qüdrətlənən ordumuz bu əminliyi günbəgün artırır. Son bir ilin uğurları sırasında  bu sahələrdə qazandıqlarımız xüsusi yer tutur. Möhtərəm Prezidentimizin  bu günlərdə Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bir daha dövlətimizin dəyişməz mövqeyini dünyaya nümayiş etdirdi. Danışıqlar formatının dəyişməsini iddia edən Ermənistanın baş naziri bu görüşdə acizliyinin, sərsəm xülyalarla yaşadığının şahidi oldu. Tarixi həqiqətlərə, faktlara əsaslanan təbliğatımız, diplomatik uğurlarımız, eyni zamanda,  dünyaya ədalət meyarını qorumaq mesajını ünvanlayır.

Bir yazı çərçivəsində möhtərəm Prezidentimiz İlham Əliyevin son bir ildə gördüyü işləri, Azərbaycanın imza atdığı uğurları əhatə etmək qeyri-mümkündür. Fəxr edəcək əsas məqam budur ki, xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşir, həyata keçirilən siyasəti dəstəkləyir, yeni-yeni hədəflərə doğru  böyük ruh yüksəkliyi ilə addımlayır. Bunu Fransanın  “OpinionWay” şirkətinin bu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusu  da təsdiqləyir. Belə ki, sorğunun nəticələri cənab İlham Əliyevin  öz seçicilərinin yüksək etimadına malik olduğunu açıqladı. Respondentlərin 90,5 faizi dövlətimizin başçısı İlham Əliyevin apardığı islahatları dəstəkləyir. Məhz bu dəstək, birlik əsasında Azərbaycan daha möhtəşəm uğurlara imza atır, gələcəyə böyük nikbinliklə baxır. Uğurlarımız sırasında  10 milyonluq ölkə olmağımız sevincini də yaşadıq. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, son 15 ildə əhali 1,7 milyon nəfər artıb. Bu, ölkəmizdə sosial-iqtisadi inkişafın göstəricisidir. Uğurlarımız davamlı, 10 milyonuncu sakinimizin dünya gəlişi həm ailəyə, həm də xalqımıza sevinc, xoşbəxtlik gətirsin. Növbəti il uğurlarımızın sırasında işğal altında olan torpaqlarımızın azad olunması sevincini qeyd edək. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.