17 noyabr 2020 18:27
795

Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu  Azərbaycan xalqına qələbə sevincini yaşatdı. 44 günlük İkinci Qarabağ müharibəsi dövlət-xalq-ordu birliyini, həmrəyliyini bir daha nümayiş etdirdi. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan bütün torpaqlarımızın azad edilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etdi. Təbii ki, yeganə amal və məqsəd qələbə sevincini yaşamaq idi.

10 noyabr tarixi qələbəmiz  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  müdrik, uzaqgörən, ardıcıl və prinsipial siyasətinin məntiqi nəticəsidir. Cənab İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi vurğulayırdı ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Prezidentimizin beynəlxalq müstəvidə Ermənistanın işğalçı mahiyyətini ifşa edən hücum diplomatiyası sayəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyən möhkəm hüquqi baza yaradılmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır. Lakin bu qənamələr 27 il idi ki, kağız üzərində qalaraq dünyanın aparıcı dövlətləri tərəfindən icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini gözləyirdi. Amma dünya yenə də seyrçi mövqedə dayanmağı çıxış yolu hesab edirdi. Azərbaycan Ordusu 44 gündə BMT Təhlükəsizlik Şurasının 4 qətnamələrini təkbaşına icra etdi,  beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi.

22 noyabr tarixində  peşə bayramını qeyd edəcək Ədliyyə ailəsinin bir üzvü kimi mən də böyük sevinc və fəxr hissi ilə deyə bilərəm ki, qazandığımız qələbə doğma ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın qürur və  məğrurluğunu  daha da artırdı. Hər bir azərbaycanlı  kimi,  mən də qüdrətli və qalib dövlətin vətəndaşı olduğum üçün qürur hissi keçirirəm.

Ordumuzun rəşadəti yalnız Azərbaycan  deyil, dünya hərb tarixinə qəhrəmanlıq, ədalət  nümunəsi kimi yazılacaq, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı uzun illər ölkəmizin zəfər simfoniyası olacaq.

Eşq olsun, Ali Baş Komandana! Eşq olsun, Azərbaycan əsgərinə! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Məğrur Azərbaycan xalqı, gözün aydın olsun!

Elnur Osmanlı,
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin
Kredit borcları şöbəsinin əməkdaşı