27 noyabr 2019 20:00
413

Prezident İlham Əliyev: Dünyada bizə rəğbət artır

Dövlət başçımızın qətiyyəti, sözünün qüdrəti, xalqına məhəbbəti sayəsində Azərbaycanın adı qüdrətli ölkələrlə eyni sırada çəkilir

2003-cü ildə keçirilən prezident seçkilərində 76,84 faiz səs toplayaraq seçicilərin əksəriyyətinin etimadını qazanan cənab İlham Əliyev Prezident kimi mətbuata ilk müsahibəsində perspektivlərdən söz açarkən bildirmişdir: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirən Prezident İlham Əliyev Ümummilli Liderin əsəri olan Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə söz vermişdi. Ötən 16 ildə qazanılan uğurlar, Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınması o deməkdir ki, verilən vədlər yerinə yetirilir.

“Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisi ilə respublikaya rəhbərliyə başlayan, Azərbaycanın inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatların həlli, ordu quruculuğu, məcburi qaçqın və köçkünlərin həyat səviyyəsinin yaxşılaşması ilə birbaşa bağlı olduğunu bildirən cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə hazırlanan regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının tətbiqi, islahatların geniş sferada həyata keçirilməsi nəticəsində ölkəmizdəki dinamik inkişaf başqalarına nümunə göstərilir. Azərbaycanın inkişaf modelinin uğurları dünyada təbliğ olunur: “Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır” söyləyən dövlət başçımızın vurğuladığı kimi, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada 9-cu yerdədir. Respublikada yoxsulluq 5 faiz səviyyəsindədir.

280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır Məcburi köçkün və qaçqınlar, şəhid ailələri mənzillərlə təmin edilir. Son illərdə texnoloji inkişafa böyük önəm verilmiş, qlobal enerji və nəqliyyat layihələri icra edilmiş, Azərbaycan qüdrətli ölkə kimi dünyanın enerji və nəqliyyat mərkəzinə çevrilmişdir.

2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və dünyada baş verən siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verən ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə olsa da belə mühüm görüşlər üçün Azərbaycanın seçilməsi cənab İlham Əliyevə, dövlət başçımızın yürütdüyü xarici siyasətə beynəlxalq səviyyədə göstərilən etimaddır. Qlobal enerji və nəqliyyat layihələrini reallaşdıran, qüdrətli ölkə kimi tərəfdaşlıq formatı yaradan, güc, dialoq, mərkəzi, humanitar platforma kimi də tanınan Azərbaycan “Bakı Ekspo- 2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir.

“Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır” söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı, verdiyi vədələrə sadiq siyasi iradəyə malik lider olduğunu Bakı Dövlət Universitetinin 100 ilik yubileyindəki çıxışı ilə də təsdiqlədi.

Sosial, iqtisadi inkişafı ilə nümunə göstərilən Azərbaycan dəstəklənən xarici siyasəti ilə də beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Həmin mərasimdə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan söz açan cənab İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü zamanı baş verən proseslərdən də söz açdı: “Dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın. Bir daha qayıdıram bu məsələyə. Əgər həmin o ölkələrin nümayəndələri sizə desələr ki, “biz Azərbaycanı istəyirik, inkişafını istəyirik”, inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzvlüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşıb dedilər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələn il biz sizə kömək edərik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə iştirak edəcəyik. Bir il çəksə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq ondan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bahasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulublar, talan ediliblər. Daha artıq onların da səbri tükənib.”

Amma Azərbaycana olan maraq , diplomatiyamıza dəstək bu uğurla məhdudlaşmadı. Beynəlxalq adəmdə mövqeyi möhkəmlənən Azərbaycan 120 ölkənin qərarı ilə üç il müddətinə , BMT-dən sonra ən nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Həmin müddətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik də Azərbaycana nəsib olub. Yəni, eyni müddətdə Avropa və Şərq dövlətlərinin təmsil olunduğu hər iki təşkilata rəhbərliyin ölkəmizə həvalə olunması sivilizasiyalararası dialoq mərkəzinə çevrilən, Qərb ilə Şərqi birləşdirən Azərbaycana göstərilən yüksək etimad, vədinə sadiq dövlət başçısı kimi etibar qazanan cənab İlham Əliyevin nüfuzuna hörmətdir.

Qoşulmama Hərəkatına sədrliyin böyük məsuliyyət tələb etdiyini BDU-da etdiyi çıxışı ilə bildirən dövlət başçımızın bu etimadı da doğruldacağına əminlik Hərəkatın XVIII Zirvə Görüşünün Bakıda keçirilməsidir: “Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri - 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb” söyləyən, dövlət başçılarına xalqın etimadı ilə bağlı beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularında daha çox reytinq qazanaraq ilk sıralarda yer alan, dəfələrlə “İlin siyasətçisi”, “İlin adamı” adına layiq görülən Prezident İlham Əliyev Azərbaycana bu inamı qətiyyəti, sözünün qüdrəti, cəsarəti ilə qazandırıb. Praqmatik düşüncəli, böyük şəxsiyyət olduğunu cəmi üç dövlət başçısının dəvət olunduğu “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” sərsəmləməsinə verdiyi cəsarətli cavabı ilə də göstərdi: “Birincisi, yumşaq desək bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”

MDB Dövlət Başçılarının Aşqabad Sammitində də Ermənistanın baş nazirini nasizmi dəstəklədiyi üçün tənqid edən Prezident İlham Əliyev Yerevanın mərkəzi meydanında Hitlerin silahdaşı olan Njdeyə qoyulan abidəni İkinci Dünya müharibəsində həlak olanların ruhuna hörmətsizlik adlandırdı: “Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.”

“Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir” sözləri ilə gəncləri tariximizi, müasir dünyamızda baş verən hadisələri daha dərindən öyrənməyə çağıran cənab İlham Əliyev bildirdi ki, gələcəyimizin qurucuları tarixi yaxşı öyrənsələr onda, biləcəklər ki, nə qədər çətinliklərlə qarşılaşsaq da heç kim Azərbaycana müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir göstərə bilməz.

Dövlət başçımız gənclərə tövsiyələrini də çatdırdı: “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin. Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir.”

Xuraman İsmayılqızı, “İki sahil”