04 oktyabr 2019 10:30
257

Prezident İlham Əliyev yüksəkliyi, Nikol Paşinyan rəzilliyi

Yerevanda keçirilən Avrasiya İqtisadi İttifaqının Sammiti Ermənistanın baş nazirinin klounluq məharəti ilə yadda qaldı

Ermənistanda keçirilən Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin növbəti Sammitində işğalçı ölkənin baş naziri Nikol Paşinyanın beynəlxalq aləmdə heç bir nüfuza malik olmaması diqqətdən yayınmadı. Əvvəllər Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını istəyən Paşinyanın sonradan fikrini dəyişərək guya quruma üzvlüyün ermənilərin maraqlarına uyğun olduğunu bildirməsi, baş nazirin hərdəmxəyallığının və siyasətdə ciddi fiqur kimi özünü doğrultmamasının təsdiqidir.

Beynəlxalq aləmdə müstəqil dövlət kimi qəbul olunmayan, illərdən bəri korrupsioner iqtidar tərəfindən “idarə edilən”, hələ də əhalisi səfalət içərisində yaşayan, iqtisadi böhrandan əziyyət çəkən işğalçı ölkənin bu qurumda təmsilçiliyinin gizli məqamlarının olması mütləqdir. Bəllidir ki, büdcəsi boşalan Ermənistana investisiya ayıran yoxdur. Mətbuata Ermənistanın “parlaq gələcəyi” barədə gülünc bəyanatlar verən Paşinyanın məqsədi yaxın vaxtlarda 250 milyon dollar dəyərində kredit almaqdır. Amma heç bir maliyyə təşkilatı illik gəliri, büdcəsi xarici borcundan qat-qat az olan Ermənistana bu böyüklükdə vəsait ayırmaz. Quruma daxil olan ölkələrin rəhbərləri dəfələrlə onu da bildiriblər ki, Ermənistanın təşkilata heç bir mənfəti olmadığı kimi, Aİİ-nin investisiya və yardım ayırmaq imkanı, səlahiyyəti yoxdur. Üstəlik, təşkilat daxilində problemlər, fikir ayrılıqları da mövcuddur.

Hakimiyyətə gəldikdən sonra təşkilata daxil olan dövlət başçıları tərəfindən etinasızlıqla qarşılanan baş nazir rəhbərlər arasında “buzların əridiyi” təsəvvürünü yaratmaq üçün Sammitin iştirakçıları ilə selfi çəkdirsə də, Paşinyana qarşı olan soyuqluq ilk baxışdan bəlli olur. Fotonu şəxsi sosial media hesabından paylaşan, “Avtobus selfisi. Bu qısa müddətdə əhəmiyyətli məsələləri həll etdik” sözləri ilə nəyəsə nail olduğunu göstərməyə çalışan Paşinyanın əksinə olaraq yalan vədlərlə aldatdığı xalqı başqa rəydədir.

Aİİ Sammitinin keçirilməsini və Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini aksiya ilə qarşılayan ermənilər növbəti dəfə mövcud iqtidarın hakimiyyətinə etirazlarını bildirmişlər. Vladimir Putinin Paşinyanın həbs etdirdiyi sələflərindən olan Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşü də birmənalı qarşılanmayıb. “Kommersant”ın erməniləri aşağılayan reportajında Paşinyanın həqiqi mənada forposta yaraşan hərəkətlərinin tənqid olunması erməniləri təbdən çıxarıb. Rusiya Prezidentinin barmaq işarəsi ilə hərəkət edən Paşinyana layiq olduğu “qiymətin” verilməsi, baş nazirə barmaq silkələnməsi, “yerini bil” anlamında da başa düşülür. Vladimir Putin Yerevanda olduğu müddətdə onun istifadə etməsi üçün ayrılan minik maşınını bəyənməyib, Rusiyanın dövlət nömrə nişanlı “Aurus” limuzini ilə gəzməsi bir daha göstərir ki, müstəqilliyi kağız üzərində olan Ermənistan həqiqi mənada Rusiyanın bir əyalətidir. Görüşün gedişindən bəhs edən məqamlardan bəlli olur ki, dövlət başçıları cılız düşüncəyə sahib olan, siyasi hazırlığı “qeyri-kafi” qiymətləndirilən Paşinyanla görüşməyə, onunla fikir mübaləsi aparmağa maraqlı, həvəsli olmayıblar.

BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün okeanın o tayına səfəri öncəsi istəyini lovğalıqla bildirən Paşinyan bu arzusuna da çatmayıb. ABŞ Prezidenti ilə görüşəcəyini xəyal edən Paşinyan Amerikada da eyni etinasızlıqla qarşılanıb. Bu “istəyi” “ABŞ-Ermənistan münasibətlərinin möhkəmlənməsi” kimi piar edən Paşinyanın ABŞ Prezidenti Donald Tramla yalnız şəkil çəkdirməsi baş nazirin olmayan xarici siyasətinin “selfi diplomatiyası” kimi yadda qaldı. Bu mənzərə də baş nazirə etimad göstərməyən erməni xalqını məyus etmişdir. Rusiyanı özünə “dost” adlandırsa da, Yerevanda regionun ən böyük səfirliyinin ABŞ üçün açılması rəsmi Kremlin diqqətindən yayınmır. Forpost, cırtdan ölkə olan Ermənistanda fəaliyyət göstərən ABŞ səfirliyində daha çox əməkdaş çalışır. Müstəqil xarici siyasəti olmayan rəsmi İrəvanın Rusiya-ABŞ-Avropa üçlüyü arasında zamanın gedişinə uyğun məkrli gedişlər etməsi də bu ölkənin etibarsızlığını göstərir.

Paşinyanın ciddi dövlət başçısı kimi qəbul olunmaması baş nazirin Avropa ölkələrinə azsaylı səfərləri zamanı da diqqəti cəlb edir. Nəticə olaraq demək olar ki, Aİİ-nin Ermənistanda keçirilən zirvə görüşü Paşinyanın çoxüzlü prizmaya bənzər imicini aydınlatdı.

Çirkaba batan Ermənistanın oyunbaz baş naziri Nikol Paşinyanla müqayisədə Prezident İlham Əliyevin liderlik məharəti, siyasi hazırlığı, dövlət başçıları arasında qazandığı hörmət və nüfuzu Azərbaycanın dünya siyasətində möhkəmlənən mövqeyinin də ifadəsidir. Ən möhtəbər tədbirlərdə məntiqli çıxışları, dünya hadisələrinə ədalətli yanaşması, təşəbbüskarlığı, humanistliyi, müstəqil dövlətin lideri kimi vədinə sadiqliyi ilə seçilən Prezident İlham Əliyevin iştirak etdiyi məclislərdə hörmətlə qarşılanması dövlət başçımızın beynəlxalq aləmdə söz sahibi kimi qəbul edildiyini göstərir. Tanınmış, beynəlxalq “beyin mərkəzləri”nin keçirdiyi sorğularda dəfələrlə “İlin siyasətçisi”, “İlin dövlət adamı” adına layiq görülməsi, bütün seçkilərdə ölkə əhalisinin mütləq əksəriyyətinin etimadını qazanması onun liderlik fəlsəfəsinin sübuta ehtiyacı olmayan aksiomudur.

Monoetnik, cılız dövlətin başabəla başçısı Paşinyandan fərqli olaraq dünya liderləri arasında böyük nüfuza malik Azərbaycan Prezidentinin liderlik, təşkilatçılıq məharətini, dünyada, bölgədə sülhün, sabitliyin güclənməsi üçün göstərdiyi səyləri, qlobal enerji və nəqliyyat layihələrinin reallaşması naminə sərgilədiyi qətiyyəti dünya xalqlarını birliyə çağırış kimi dəyərləndirən siyasətçilərin, dövlət başçılarının ümumi rəyi budur ki, cənab İlham Əliyev əsl mənada xalqını ardınca apara bilən cəsarətli dövlət başçısıdır. 

Bu reallıq fonunda Azərbaycanla əməkdaşlığa böyük önəm verən və hörmətlə yanaşan Rusiya Prezidenti Vladimir Putinin cənab İlham Əliyevi dünyanın məşhur  “beyin mərkəzləri”ndən olan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasına dəvət etməsi bir reallığa əsaslanır: Cənab İlham Əliyev dünyada özünün dəst-xətti ilə seçilən və arzulanan, fikirlərinə ehtiyac duyulan liderdir. Dövlət başçımızın müxtəlif səviyyələrdə səsləndirdiyi və böyük dinləyici auditoriyasının maraqla dinlədiyi açıqlamaları, dünya hadisələrinə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli yanaşma prinsipi təsdiq edir ki, cənab İlham Əliyevin xalqları, millətləri sülhə, bərabərliyə çağırışı beynəlxalq aləmdə multikulturalizmin təbliği olmaqla ciddi rezonans doğurur. Paşinyanın avantürist, ikiüzlü, yalançı vədləri, populist, bumeranq effekti verən məntiqsiz, reallığa əsaslanmayan çıxışları, yeritdyi qeyri-konstruktiv siyasət, dünya hadisələrindən bixəbər olması nə qədər gülüncdürsə, cənab İlham Əliyevə beynəlxalq aləmdə göstərilən hörmət və etimad bir o qədər səmimi, qarşılıqlı hörmətə əsaslanan inamdır.

Ümumdünya Davos İqtisadi Forumunun builki konfransını, plenar iclasları xatırladaq. Konfrans çərçivəsində cənab İlham Əliyevin dövlət başçıları, tanınmış siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri və iri şirkət sahibləri ilə keçirdiyi görüşlər Paşinyanın il ərzindəki səfərləri ilə müqayisədə qat-qat artıqdır.

Dünya hadisələrinin geniş müzakirə olunduğu, reallıq və ehtimalların səsləndirildiyi, gözlənilən təhlükələrin təhlil olunduğu “Valday” Klubunda da Prezident İlham Əliyevin tanınmış dövlət xadimləri, alimlərlə görüşlər keçirəcəyi şəksizdir. Təbii ki, bu görüşlər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılacaq, beynəlxalq rəylər öyrəniləcək.

Xuraman İsmayılqızı, “İki sahil”