KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Prezident dedi, “Qarabağ” da təsdiqlədi: Qarabağ Azərbaycandır! - VİDEO

04 oktyabr 2019 12:00
196

Prezident İlham Əliyevin Rusiya səfəri, Valday Diskussiya Klubunun yüksək səviyyəli görüşündə iştirakı bugünlərdə İrəvanda keçirilmiş bir tədbirin ardından baş tutmaqla da diqqət çəkir. Bəllidir ki, İrəvanda Avrasiya İqtisadi Birliyinin toplantısı keçirilirdi. Bizim üçün önəmli olan Rusiya Prezidenti Vladimir Putinin tədbir üçün Ermənistana gəlməsi və bu ölkə rəsmilərinə münasibətdə necə davranacağı idi. Maraqlı görüntüləri daha əvvəl də şərh etmişdik. İndi – Prezident İlham Əliyevin Rusiyaya səfəri və Vladimir Putin tərəfindən yüksək səviyyədə diqqət görməsi fonunda Ermənistan olayını bir daha xatırlatmaqda yarar var.

Biz Vladimir Putinin Ermənistan səfərində müşahidə etdik ki, o, ev sahibi – Ermənistan baş naziri Nikol Paşinyana etinasız yanaşdı. Bəlkə də dünya tarixində ilk belə hadisə idi ki, bir ölkənin prezidenti qonaq getdiyi ölkənin rəhbər şəxsinə bu qədər etinasızlıq edirdi. İş o yerə çatmışdı ki, Nikol Paşinyan öz ölkəsində qonaq olan Rusiya prezidenti ilə görüşmək üçün fürsət aramaq məcburiyyətində qaldı. Yəni Vladimir Putin onunla ayrıca görüşüb geniş söhbət etməyi məqsədəuyğun saymadı. Açığı, bir dövlət təmsilçisi öz ölkəsində özünə qarşı bu qədər saymazlıq görürsə, onun siyasi zirvədə olması həmin ölkəyə heç də yaxşı nəsə vəd edə bilməz.

Biz hər zaman demişik ki, Prezident İlham Əliyevi Nikol Paşinyanla müqayisə etmək qüsurludur. Yəni bu müqayisə üçün heç bir tutarqa yoxdur. Nə bu şəxslərin siyasi keçmişi baxımından, nə də ki, dünyadakı hazırkı nüfuz və çəkiləri baxımından. Nikol Paşinyan Azərbaycan Prezidentinin yanında bütün göstəricilərinə görə o qədər xırda görünür ki, İlham Əliyev zirvəsindən baxanda onu sezmək belə mümkün deyil. Lakin bu adam fakt olaraq Ermənistanın baş naziridir, hazırda o ölkədə söz sahibidir və Azərbaycan da onu tərəf olaraq qəbul etməlidir…

Nikol Paşinyan küçə dalğasında hakimiyyətə gəlməklə düşünür ki, hər yerdə hər sözü danışa bilər. Ona görə də bəzən özünü unudur, hədləri aşır və boyundan yüksək bəyanatlar verir. Belə bəyanatlardan birini də bu yaxınlarda vermişdi: “Qarabağ Ermənistandır. Nöqtə”. Bunun cavabı verilməliydimi? Təbii ki, artığıyla verilməliydi və oktyabrın 3-də Soçidə – Valday klubunun toplantısında Prezident İlham Əliyev bu cavabı verdi.

Ermənistan baş nazirinin gerçəklik hissindən uzaq açıqlamasına toxunan Prezident İlham Əliyev özünəməxsus qətiyyətlə belə dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Prezidentin məhz “nida” sözünü ayrıca vurğulaması hər kəsin, o cümlədən bölgəmizin əsas söz sahibi olan Rusiya Prezidentinin diqqətindən yayınmadı. İlham Əliyev Ermənistan baş nazirinin məsuliyyətsiz açıqlamasına bu üsulla və məhz bu məkanda cavab verməklə, əslində, sadəcə Nikol Paşinyana deyil, ona açıq və ya gizli şəkildə himayədarlıq edənlərə də ismarıc vermiş oldu.

Prezident İlham Əliyevin bu qətiyyətli bəyanatı fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun da Ermənistanı – Nikol Paşinyanı üzəcək açıqlaması diqqətimizdən qaçmamalıdır. Ənənəvi olaraq Ermənistana meylli birisi kimi tanınan Sergey Lavrovun belə dilə gəlib Nikol Paşinyanı üzəcək münasibət sərgiləməsi erməni baş nazirin hətta ölkəsinin dostlarını belə pis vəziyyətdə qoyan açıqlama verəcək qədər təcrübəsiz olmasının bariz örnəyidir.

Yeri gəlmişkən, Nikol Paşinyanın səriştəsizliyi – dövlət vəzifəsinə uyğunsuzluğu ermənilərin özləri tərəfindən də artıq lağ obyektinə çevrilib. Rusiyada fəaliyyət göstərən media maqnatı Aram Gabrelyanovun bugünlərdə bu istiqamətdə açıqlaması da o baxımdan diqqətçəkəndir. Nikol Paşinyanın özünə baş müşavir təyin etdiyi Valeri Osipyanın istefasını şərh edən Aram Gabrelyanov təəccüblə qeyd edir ki, “mən burda Moskvada oturduğum halda dərhal o klounu fərq etdiyim halda bunlara bunu anlamaq üçün bir il lazım oldu?”

Sonda Prezident İlham Əliyevin Valday klubundakı sözügedən nidasına bir daha qayıdaraq qeyd edirik ki, Ermənistan rəsmiləri istənilən bəyanatı verə bilərlər və bu, bəyanatdan başqa bir şey olmayacaq. Lakin Azərbaycan Prezidentinin sözü sözdür və arxasında real güc dayanır. Ona görə də Prezident İlham Əliyev həmişə sözünü qətiyyətlə deyir. Özünə və xalqının dəstəyinə güvənən, irəlini aydın görə bilən lider başqa cür etməz də zatən.

Güvən məsələsinə gəlincə, Prezidentin məlum bəyanatının ardından – günün sonunda Azərbaycanın “Qarabağ” futbol klubu Avropanın göbəyində Lüksemburqun “Düdelanj” klubunu 1:4 hesabıyla yenərək İlham Əliyevin sözünə öz nidasını əlavə etmiş oldu.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...