16 may 2019 19:03
95

Prezident: "Böyük islahatlar aparılıb və aparılacaq"

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, ölkəmizdə sənaye istehsalı artır: "Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək". 

Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir: "Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir". 

"Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı artıq icra edilməyə başlamışdır. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır", - deyə dövlət başçısı qeyd edib.