15 may 2019 10:12
92

Polşa Şərq Tərəfdaşlığı ölkələri ilə daha sıx əməkdaşlıq təklif edir

Polşanın xarici işlər naziri Yasek Çaputoviç Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir çıxışında “Şərq Tərəfdaşlığı” Proqramının yenilənməsi təklifini irəli sürüb. O bildirib ki, proqrama daxil olan ölkələrin Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı vacibdir, həmçinin altı üzv ölkə arasında azad ticarət zonasının yaradılması məqsədəuyğundur. Buna uyğun olaraq o, Vışeqrad ölkələrinin təcrübəsini nümunə gətirib.

Y.Çaputoviç diqqətə çatdırıb ki, Brüsseldə bundan sonra Şərq Tərəfdaşlığı ölkələrinin daimi katibliyi yerləşəcək. Burada diplomatlar təmsil etdikləri ölkənin Avropa İttifaqı təsisatları ilə daha sıx əməkdaşlığını koordinasiya edəcəklər. O, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində növbəli sədrlik təklifini irəli sürüb.