11 iyun 2019 17:38
270

Pirallahıda “Gəlin birgə oxuyaq!” devzi altında fləşmob - FOTO

İyunun 11-də Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda yerləşən “Nərəkənd” parkında YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Gəlin birgə oxuyaq!” devizi altında fləşmob keçirilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov qeyd edib ki,  15 İyun - Milli Qurtuluş Günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlətin bünövrəsinin qoyulduğu gündür: “Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.”

Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev kitaba həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daim gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.  

Fləşmob zamanı hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub. Sonra gənclərin iştirakı ilə bədii əsərlərin müzakirələri aparılıb, maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, fləşmobun əsas məqsədi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Orxan Vahidoğlu, “İki sahil”