23 may 2020 11:29
151

Peşə seçimi və iş imkanları müzakirə edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə üzümçülük və şərabçılıq istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları haqqında vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə keçirilən vebinarda mütəxəssislər üzümçülük və şərabçılıq istiqamətində görülən işlər, mövcud bazarın tələbi və peşə təhsil müəssisələrində təhsil alanlar üçün iş imkarlarından bəhs ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsil müəssisəsində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

Zamin Bədirxanov diqqətə çatdırıb ki, Şərab-2 müəssisəsi tərəfindən İsmayıllı Peşə Tədris Mərkəzi üçün 2 hektar üzüm sahəsi ayrılıb. Məqsəd tələbələrin nəzəri biliklərinin praktiki olaraq tətbiqinə imkan yaratmaq, tələbə və müəllim heyətini qabaqcıl təcrübə ilə tanış etmək və beləliklə üzümçülük və şərabçılıq üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. Belə ki, üzüm sahəsinə qulluq işlərini, məhsul yığımını, emalını (şərabın hazırlanması) birbaşa İsmayıllı Peşə Tədris Mərkəzinin üzüm və şərab ustası ixtisasının tələbləri müəllimlərin və “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində cəlb olunmuş yerli və xarici mütəxəssislərin müşayiəti ilə həyata keçirirlər.

O vurğulayıb ki, İsmayıllı Peşə Tədris Mərkəzi ilə İsmayıllı Şərab-2 müəssisəsi arasında duala bənzər peşə təhsili və təliminin tətbiqi üzrə qurulmuş strateji əməkdaşlıq əlaqəsi artıq öz töhfəsini verir. Mərkəz üçün ayrılan üzüm sahəsindən 8,4 ton məhsul (Saperavi, Rkatsiteli və Bayan Şira üzüm növləri) toplanıb və şərab istehsal olunub. Hazırda istehsal olunmuş şərabın markalanması və qablaşdırılması üzrə işlər aparılır.

“Chabinat Winery” MMC-nin təsisçisi Fərid Axundov bildirib ki, son 15 ildə şərabçılığın inkişafı istiqamətində xeyli iş görülüb. Üzümçülük inkişaf edib, yeni üzüm bağları salınıb, keyfiyyətli şərab istehsalına başlanılıb. Azərbaycan istehsalı olan şərab brendlərinin sayı artıb.

“Aspi Agro” MMC-nin direktor müavini Cahangir Şərifzadə qeyd edib ki, Azərbaycanda şərabçılığın bugünkü vəziyyəti əvvəlki illərlə müqayisədə ürəkaçandır. Müstəqillik dövründə şərabçılığın inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb, proqramlar qəbul edilib. Dövlətin dəstəyi ilə “Made in Azerbaijan” brendi ilə Azərbaycan şərabı xarici ölkələrdə tanıdılır. Şərab turizmi formalaşdırılır. Şərab istehsalının infrastrukturu yenilənir. Azərbaycan istehsalı olan şərablar dünya bazarında, xüsusilə Avropa bazarında satılırsa, istehlak olunursa, bu bizim uğurumuzdur.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Namik Muradov vurğulayıb ki, şərabçılıq istiqaməti üzrə təhsil alan tələbələrin məzun olduqdan dərhal sonra işlə təmin olunmaq imkanı var. Çünki regionda şərab istehsal edən müəssisələr var və peşə təhsil mərkəzi məqsədyönlü olaraq onlar üçün tələbə hazırlayır.

İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov diqqətə çatdırıb ki, son iki ildə mərkəzə şərabçılıq ixtisası üzrə tələbə qəbulu aparılır. İlk illərdə qəbul istədiyimiz səviyyədə deyildi. Lakin aparılan maarifləndirmə, peşəyönümü tədbirləri sayəsində bu gün şərabçılıq istiqamətinə maraq artıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanan vebinarda izləyicilərin sualları da cavablandırılıb.