12 fevral 2019 10:29
373

Paşinyanın növbəti turist gəzintisi?

Bu günlərdə Almaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə çatan kimi səfərinin uğurlu keçdiyini bəyan etdi. Amma işğalçı ölkənin müxalifəti, həmçinin siyasi dairələri mediaya açıqlamalarında səfərin səmərəsiz başa çatdığını, Nikol Paşinyanın söylədiklərinin onun növbəti uydurması olduğunu bildirdilər. Məsələn, Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” fraksiyasını təmsil edən Arman Babacanyan söyləyib ki, axı heç bir iqtisadi inkişaf strategiyası olmayan Nikol Paşinyan Almaniya kimi bir ölkəyə hansı cəlbedici investisiya layihələrini təklif edə bilərdi?

Fevralın 27-də isə Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri gözlənilir. O Tehrana ki, bu yaxınlarda Baş Qərargah rəisinin timsalında Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini dilə gətirib. O ölkəyə ki, Nikol Paşinyan fraksiyasına mənsub deputat tərəfindən  avtoritar dövlət adlandırılıb. Bəs bu səfər Ermənistana nə qazandıracaq?

Siyasi elmlər doktoru, ekspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hələ ötən ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə getməli idi: “Sonradan həmin səfər bilinməyən səbəblərə görə təxirə salındı. Amma indi Nikol Paşinyan, necə deyərlər, yol üstədir. Onu da qeyd edim ki, Nikol Paşinyanın İrana rəsmi səfəri regionda, həmçinin beynəlxalq aləmdə cərəyan edən hadisələrin, xüsusilə İran-ABŞ münasibətlərinin kəskinləşdiyi bir vaxta təsadüf edir. Mənim fikrimcə, Nikol Paşinyan İran səfərində iki ölkə arasındakı iqtisadi, sosial və enerji məsələlərinə önəm verməyə çalışacaq”.

Hələ sabiq baş nazir Karen Karapetyanın zamanında ikitərəfli görüşlərin keçirildiyini vurğulayan ekspert vurğuladı ki, həmin görüşlərdə Türkmənistan təbii qazının İran üzərindən Ermənistana verilməsi məsələsi gündəmdə olsa da, daha sonra bu layihə haqqında heç bir siyasi fikir bildirilmədi.

Hatəm Cabbarlı, həmçinin qeyd etdi ki, ümumiyyətlə, son illər İranın xarici və təhlükəsizlik siyasətində Yaxın Şərq problemləri və ABŞ ilə münasibətlər prioritet məsələlərdir: “İran Cənubi Qafqaz ölkələri ilə münasibətlərini stabil şəkildə qoruyub saxlamağa çalışır. Amma bu ölkənin Ermənistan və Gürcüstanla bağlı strateji iqtisadi layihələri yoxdur və belə layihələrə də hələlik maraq göstərmir. Bu mənada son zamanlar İrəvan-Tehran münasibətlərində durğunluq hiss edilir. Doğrudur, tərəflər arasında imzalanan müqavilə ilə Mehridə azad  ticarət zonası yaradılıb, amma bu istiqamətdə ciddi bir irəliləyiş nəzərə çarpmır. Yəni müqavilənin şərtlərini nə İran, nə də Ermənistan yerinə yetirməyə tələsmir. Gözlənilən səfər çərçivəsində ən real razılaşma İranın Ermənistana satdığı təbii qazın miqdarının artırılması ola bilər”.

“Halbuki erməni mənbələri bu səfər çərçivəsində İran-Ermənistan-Gürcüstan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələsinin də müzakirə ediləcəyini bildirirlər, bu realdırmı” sualına isə ekspert belə cavab verdi: “Bu iddia rəsmi olaraq təsdiqlənməyib. Özü də bu əməkdaşlığn əsasını Qara dəniz və Bəsrə körfəzi arasında beynəlxalq nəqliyyat dəhlizinin yaradılması təşkil edir. Amma həmin layihəni həyata keçirmək üçün adı keçən dövlətlərin heç birinin maliyyə vəsaiti yoxdur. Onu da qeyd edim ki, Paşinyanın çevriliş yolu ilə hakimiyyətə gəldiyi ilk günlərdə İran Qərb dövlətlərinin ona dəstək verəcəyindən şübhələnirdi və bu səbəbdən kənarda dayanırdı”.

Ekspertin fikrincə, ABŞ-İran gərginliyi artdıqca Ermənistanla İran münasibətləri də tarıma çəkilə bilər: “Nikol Paşinyan ABŞ-ın iqtisadi dəstəyini ala bilsə, bu, əlbəttə, qarşılıqsız olmayacaq. Belə ki, onda ABŞ Ermənistandan İran ilə münasibətlərini minimum səviyyəyə endirməyi tələb edə bilər”.

Ekspertin söylədiklərindən belə qənaətə gəlmək olar ki, Tehrana ilk səfəri ilə Nikol Paşinyanın nələrə isə nail olacağını düşünmək sadəlöhvlük olardı. Bu mənada bu səfər yalnız ölkə daxilində siyasi mövqelərini gücləndirməklə məşğul olan Nikol Paşinyanın növbəti turist gəzintisindən biri kimi dəyərləndirilə bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”