KÖŞƏ

Taleh Turqut

Paşinyan Ermənistanın gələcəyindən narahatdır

28 mart 2019 11:56
456

Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə baş tutacaq bu görüş əvvəlki bir neçə qısamüddətli və təsadüfi təmaslar nəzərə alınmazsa, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra ilk yüksək səviyyəli rəsmi görüş hesab edilir.

Görüşün keçiriləcəyi barədə ilk rəsmi məlumat iki gün əvvəl yayılsa da düşmən ölkədə baş verən bir sıra hadisələr göstərir ki, Ermənistanda müəyyən dairələr bu faktdan əvvəlcədən xəbərdar olublar və baş verənlər də bunun təzahürüdür. Son günlər təcavüzkar ölkədə Dağlıq Qarabağla bağlı baş verən ziddiyyətli hadisələr deməyə əsas verir ki, ermənilər arasında bu məsələyə münasibətdə fikir müxtəlifliyi getdikcə dərinləşir. Xüsusilə Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında ziddiyyətlərin kəskinləşməsi bu fikirləri təsdiqləyir. 

Artıq bir neçə gündür ki, Ermənistanda radikal hərbi-siyasi birləşmə hesab edilən “Sasna tsrer” qruplaşması Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı imza toplayır. Lakin maraqlı olan odur ki, bu məsələ ermənilər arasında ciddi qarşıdurma yaradıb. Bunun nəticəsidir ki, bugünədək həmin təklifə cəmi 230 nəfər imza atıb. Bu, onu göstərir ki, ermənilərin böyük əksəriyyəti Dağlıq Qarabağın Azərbaycandan ayrılacağı perspektivinə inanmır və bu məsələyə real yanaşmır. Hətta elə Dağlıq Qarabağın özündə fəaliyyət göstərən “siyasi partiyalar”ın bir neçəsi bu kampaniyaya açıq etirazla çıxış ediblər. Separatçı rejimin qondarma “parlamentinin” üzvü olan “Azad Vətən”, “Daşnaksütyun” və “Artsax demokrat partiyası” imzatoplama kampaniyasına qarşı yaydıqları birgə bəyanatda bildirirlər ki, bu, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edir və “siyasi nəzakətdən uzaqdır”.

Lakin siyasi ekspertlər hesab edirlər ki, bu etiraz sadəcə siyasi nəzakətin pozulmasına görə deyil, Paşinyan tərəfdarları ilə “Qarabağ klanı”arasında ciddi qarşıdurmanın olmasından xəbər verir. İkincilərin tərəfdarları düşünürlər ki, Nikol Paşinyan Ermənistanın bütün problemlərinin mənbəyi hesab edilən Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır. Bununla da iqtisadi problemləri həll etmək  və öz hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. 

Bundan əlavə, görüş öncəsi Ermənistan rəhbərliyinin atdığı bəzi addımlar da göstərir ki, Paşinyan hökuməti Azərbaycan Prezidenti ilə görüşdən sonrakı dövr üçün ciddi təşviş keçirir. Azərbaycan prinsipial olaraq danışıqların konkret məsələlərin həlli ətrafında aparılmasını tələb edir. Ermənistanda anlayırlar ki, əgər belə olmazsa, bu, müharibənin başlanması deməkdir. İqtisadi və hərbi cəhətdən Azərbaycandan dəfələrlə zəif olan Ermənistan üçün isə bu, ölüm deməkdir. Bu baxımdan Paşinyanın görüşdən əvvəl atdığı addımlar bu təhlükədən sığortalanmağa hesablanmış qərar kimi qiymətləndirilir. Siyasi ekspertlərin fikrincə, Paşinyanın görüşdən bir neçə gün əvvəl bir qrup yüksək çinli hərbçilərlə qapalı görüş keçirməsi də danışıqlardan sonra mümkün hərbi toqquşmaları müzakirə etmək məqsədi daşıyırdı. Görüşün Paşinyanın qeyri-konstruktivliyi üzündən nəticəsiz bitəcəyi bu ehtimalı artırır.

Dağlıq Qarabağda yerləşdirilən qanunsuz hərbi birləşmələrdə baş verən insidentləri nəzərə alsaq müharibənin başlayacağı təqdirdə Ermənistan ordusunun rəzil olacağı şübhəsizdir. Bunu Paşinyan da yaxşı anlayır. Ona görə də hər vəchlə danışıqların pozulmasına nail olmağa çalışır. Cəbhənin təmas xəttində atəşkəsin son pozulması hadisəsi də buna xidmət edir.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...