KÖŞƏ

Sevinc Azadi

Paşinyan yenə məğlub durumda

24 iyun 2020 09:21
2402

Ermənistanın Rusiyadan aldığı qazın qiymətində heç bir güzəştin olmaması vəziyyəti daha da pisləşdirəcək

Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər digər tərəfdən Rusiya ilə "qaz anlaşması"nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artmaqdadır. Belə ki, Ermənistanda iyulun 1-dən təbii qazın qiyməti bahalaşacaq. Erməni KİV-i  xəbər verir ki, bu barədə qərar iyunun 19-da İctimai xidmətin tənzimlənməsi komissiyasının iclasında qəbul olunub. Bildirilib ki, Ermənistan əhalisinin aztəminatlı təbəqəsi üçün qiymət dəyişməyib. İri İstilik Elektrik Mərkəzləri növbəti min kubmetr təbii qaza görə 255,91 dollar ödəyəcək. Bunu Paşinyanın növbəti uğursuzluğu kimi qiymətləndirmək olar.

Məlumdur ki, təxminən bir il nəticəsiz danışıqlardan sonra Ermənistan hökuməti qazın qiyməti ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək istəyirdi. Əvvəlki danışıqlar Ermənistanın keçən il yanvarın 1-dən etibarən qiymət artımından sonra aldığı qazı eyni qiymətə almağa davam etməsi ilə başa çatmışdı. Başqa sözlə, bu danışıqlar idxal qiymətinin dəyişməz qalması ilə yekunlaşdı. Beynəlxalq bazarda enerji qiymətlərinin azalmasından sonra hazırkı dövrü Ermənistan hökuməti qazın qiymətinin yenidən müəyyənləşdirilməsi üçün müzakirələr aparılmasına görə əlverişli vaxt hesab edirdi. Bu məqsədlə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan hökumət adından “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerə müraciət etdi. Lakin Rusiya qazın qiyməti ilə bağlı Ermənistana heç bir güzəşt etmədi. Dünyada enerji daşıyıcılarının qiymətinin enməsi və koronavirus pandemiyasından istifadə edən Ermənistan fürsətçil davranmağa çalışırdı.

Əvvəl bu məsələni Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı zamanı qabartdı. Erməni tərəfinin verdiyi açıqlamaya görə, telefon danışığı zamanı qaz təchizatı məsələsi müzakirə edilmişdi. Onlar ümid edirdilər ki, məsələni Rusiya prezidenti ilə müzakirə edib ortaq məxrəcə gələ biləcəklər. Paşinyan, həmçinin, qazın dollarla deyil, rublla alınması təklifini də irəli sürmüşdü. Ardınca Ermənistan müzakirəni Rusiya rəhbərliyi ilə deyil, “Qazprom”la aparmağa başladı. Verilən qərardan bu nəticəyə gəlmək olar ki, bu il üçün idxal tariflərinə yenidən baxılma perspektivi yoxdur. Tərəflərin razılığı var ki, bu ilin sonuna qədər Rusiya qazı Ermənistana eyni qiymətə  veriləcək. Bu vaxta qədər Ermənistan hakimiyyəti bunu güzəştli bir qiymət hesab edirdi. Bu qiymət sabitdir və beynəlxalq bazarlarda baş verən dəyişikliklərlə heç bir əlaqəsi yoxdur. Başqa sözlə, qiymətlərin artıb-düşməsindən asılı olmayaraq, bu, Ermənistana verilən qazın qiymətinə təsir göstərə bilməyəcək. Bu baxımdan da Ermənistan Rusiyanın müəyyən etdiyi qiymətdən başqa qiymətə qaz ala bilməyəcək.

Göründüyü kimi, Ermənistanda vəziyyət gərgindir. Müxalifət qaz məsələsində məhz Rusiya seçiminin üzərində dayandığına görə Paşinyanı sərt tənqid edir. Məsələn, alternativ variant kimi İran qazı təklif olunur. Amma siyasi səbəblərə görə Paşinyanın buna gedəcəyi inandırıcı sayılmır. Qazın qiymətində heç bir güzəştin olmaması isə Ermənistanda vəziyyəti daha da pisləşdirəcək. Əhali üçün qiymətin sabit saxlanması o demək deyil ki, Paşinyan etirazlardan yaxa qurtarmış olur. Kommersiya obyektlərinə qazın baha satılması istehsal olunan məhsulun qiymətinin artmasına gətirib çıxaracaq ki, bu da Ermənistanda yeni bahalaşma dalğası yaradacaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?