05 iyun 2019 17:43
554

Paşinyan seçim etməlidir: ya savaş, ya sülh

Ermənistan indi seçim qarşısındadır. Azərbaycan ərazilərinin 20 faizini illərdən bəri işğal altında saxlayan ölkə bundan sonra da ağır problemlər məngənəsində qalmaq, çözməyə imkan və potensial tapmadığı çətinliklərlə yaşamaq, "failen state" ("itirilmiş dövlət") statusu ilə barışmaq niyyətindədirsə - bu, məhvə aparan yoldur.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesindəki aqressiv mövqelər, rəsmi İrəvanın səsləndirdiyi absurd bəyanatlar və ən başlıcası, Ermənistan rəsmiləri arasında yer alan adamların Azərbaycana ünvanlanmış sarsaq "hədə"lərisə vəziyyəti daha da gərginləşdirir.

Ermənilər indi seçim etməlidir: ya savaş, ya sülh.

Çünki Ermənistanda mövcud olan sosial sifariş, siyasi istəklər və kütlənin tələbləri cəmiyyətdə uydurulmuş fərqlərdən, heç bir əsası və vəsiləsi olmayan ərazi iddialarından ibarət böyük, çirkin və təhlükəli xəyulə yaradıb.

Həmin xəyulə ermənilərin qorxularından, küdurətindən, qonşu ölkələrə, dövlətlərə tükənmək bilməyən iddialardan qidalanır, cəmiyyətin qanını sorur, vampir təki davranaraq erməniləri və Ermənistanı inkişafdan saxlayır.

Ermənistan rəhbərliyi, siyasətçilər, siyasətlə məşğul olduğunu düşünüb siyasətin onlarla çoxdan məşğul olduğunu hələ də anlamayanlar, Eçmiədzindəki niyyətləri, libasları rəngində olan keşişlər və ən nəhayət, müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının rəhbərləri artıq anlamalıdır: Ermənistanın gələcəyini, var oluşunu şərtləndirən əsas məsələ qonşu ölkələrdə, illah da Azərbaycanla normal münasibətlərin qurulması, qonşuluq və tərəfdaşlıq əlaqələrindən keçir.

Bəşər tarixində bir-biri ilə vuruşmuş yetərincə xalq var. Sadəcə, Fransa ilə Britaniya arasındakı yüzillik savaşı xatırlamaq yetər. Fəqət, Avropada və dünyanın bütün başqa məkanlarındakı savaşların istisnasız olaraq hamısı dövlətlərin sərhəd toxunulmazlığı, suverenliyi, ərazi bütövlüyü, etnik və dini azlıqların hüquqlarının qorunaraq təminatı prinsiplərinin bərqərarı ilə bitib.

Ermənistan ölkədən mühacirətin milli fəlakət halını aldığını, "beyin axını"nını səngimədiyini anlamırsa, baş nazir Nikol Paşinyanı daha ağrılı probemlər gözləyir.

Reallıq budur ki, Nikol Paşinyan başda olmaqla Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsinə yönəlmiş danışıqları davam etdirmək istəmir, Azərbaycanı "suçlu" çıxarmağa çalışır.

Belə ki, Paşinyan gah Dağlıq Qarabağ ermənilərinin adından danışıqlar aparmaq hüququna və səlahiyyətlərinə malik olmadığını deyir, gah "Ermənistan xalqına müraciət edir, Qarabağ problemini məhz bizim həll etməli olduğumuzu deyirəm" tipli bəyanatlar verir.

N.Paşinyan münaqişənin həllinə çalışmır, məsuliyyətdən qaçmaq üçün ən müxtəlif səbəblər arayır. Onun bəyanatları erməniləri xoşhal edə bilər, amma praktiki baxımdan puç və mənasızdır.

Halbuki Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan ermənilərə inkişaf, tərəqqi və təhlükəsizlik təminatı verir. Daha konkret olsaq, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərimizdən çıxararsa, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinə tam təminat veriləcək.

Ən başlıcaası isə, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanı çox bəlalardan qurtaracaq. Belə ki, sülh əldə olunarsa, ilk əvvəl Ermənistanın hərbi və müdafiə xərcləri azalacaq, büdcə kəsirinin göstəriciləri dəfələrlə aşağı düşəcək, nəticədə rəsmi İrəvan sosial sahələrə maliyyə ayırmalarını artırmaq və normal hala gətirmək imkanları əldə edəcək.

Azərbaycan və Ermənistanın energetika sistemlərinin birləşəcəyi təqdirdə isə Ermənistanın hazırda iflic vəziyyətində olan elektroenerji istehsalı ilə su təsərrüfatı sistemlərində inkişaf başlanacaq, hasil olunan elektroenerjinin maya dəyəri aşağı düşəcək. Maliyyə bazarları, Ermənistan iqtisadiyyatına yatırılan daxili və xarici investisiyalarla bağlı vəziyyət də düzələcək. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanı hazırdakı təcrid və blokada durumundan qurtaracaq, ölkə iqtisadiyyatına xarici sərmayələri həndəsi silsilə ilə artıracaq, dövlətin kredit reytinqini yüksəldəcək, daha aşağı faizli kreditlər əldə etməyə imkan verəcək.

Azərbaycanla Türkiyənin sərhədlərinin açılması Ermənistanın ikitərəfli ticari əlaqələrə başlamasına imkan verəcək. Sadəcə, bir fakt: Türkiyə Ermənistanla sərhədi açarsa, qardaş ölkədən Ermənistana illik ixracın həcmi minimum 152 milyon dollar təşkil edə bilər.

2018-ci il dekabrın 9-da vaxtından əvvəl keçirilmiş parlament seçkilərində N.Paşinyanın "Mənim addımım" blokunun inamlı qələbəsindən, onun özünün isə 2019-cu il yanvarın 14-də baş nazir seçilməsindən sonra optimistlər belə bir fikir söylədilər ki, məhz Qarabağ kökləri olmayan N.Paşinyan erməni xalqından mandat alaraq münaqişənin nizamlanmasına nail ola bilər. Lakin N.Paşinyanın bir-birinə zidd olan bəyanatları bunun əksini göstərir. Bunu belə bir fakt sübut edir ki, baş nazirin ilk piar- addımlarından biri öz oğlunu Azərbaycanın işğal edilmiş ərazilərinə əsgəri xidmətə göndərməsi və münaqişə ilə bağlı bir sıra populist bəyanatlar verməsi olub.

Paradoks bundadır ki, N.Paşinyan faktiki olaraq əvvəlki kriminal rejimin mövqeyini müdafiə edərək fəal surətdə nizamlama prosesinə qoşulub.

N.Paşinyan çoxsaylı çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunaraq, danışıqlar formatının dəyişdirilməsinin və "Dağlıq Qarabağın rəhbərliyi"ni, əslində isə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin danışıqlar prosesinə cəlb edilməsinin zəruri olması barədə tezis irəli sürüb. Beynəlxalq vasitəçilər tamamilə ədalətli olaraq N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdini rədd etdilər.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ermənistanda daxili siyasi mübarizənin ciddi amilidir. L.Ter-Petrosyanın acınacaqlı aqibəti Azərbaycanın işğal olunmuş ərazilərini Qarabağın statusu məsələsi həll olunmadan azad etməyin lehinə çıxış etməyə risk edən hər hansı siyasətçini hətta uzun illər keçəndən sonra da qorxudur. Ermənistanda belə mövqedən çıxış etmək milli maraqlara xəyanət kimi qəbul olunur.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın İrəvandakı Nor Nork məhkəməsində Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan və bu rejimin sabiq rəhbəri Arkadi Qukasyan tərəfindən zaminə götürülməsi də Nikol Paşinyana xəbərdarlıq idi.

Saakyan-Qukasyan duetinin demarşı göstərir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim indiki baş nazirə birbaşa təhdiddir. Bununla əlaqədar, N.Paşinyanın məhkəmə sisteminə "cərrahi müdaxilə"nin başlanması barədə 2019-cu il mayın 20-də verdiyi bəyanat Ermənistanın daxili siyasət məkanını Xankəndidəki xuntanın təsirindən qorumaq cəhdidir. Lakin N.Paşinyan unutmamalıdır ki, silahlı quldur dəstələrinin törəməsi olan, dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı cinayətlər törətmiş Qarabağ klanı silaha və silah gücünə rifah əldə etməyə öyrəşib.

Ermənistanda hakimiyyət uğrunda əsl savaş hələ qabaqdadır.

Nikol Paşinyan populist və absurd bəyanatlarına davam edərək mövcud kursuna dəyiyişiklər etməsə, məntiqli davranmağa başlamasa onun devriləcəyi gün uzaqda deyil.

O, siyasətçidir və daim seçkiləri düşünür, rəqiblərini zəiflətməyə çalışır.

Halbuki N.Paşinyan dövlət xadimi olmağa çalışmalı, Ermənistanın gələcək nəsillərini düşünməlidir.

Düşünə bilərsə...