KÖŞƏ

Taleh Turqut

Paşinyan erməni xalqını aldadır?

08 fevral 2019 19:44
190

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində gedən proseslərdə hazırda iki tendensiya daha çox diqqəti cəlb edir. Bir tərəfdən işğalçı Ermənistana qarşı hələlik yumşaq da olsa beynəlxalq təzyiqlər artmaqda, digər tərəfdən, ölkə ictimaiyyətində Nikol Paşinyan hökumətinin “sülh qarşılığında ərazilər” prinsipi ilə Azərbaycan torpaqlarını boşaldacağı fikri əndişəsi hökm sürməkdədir.

Lakin siyasi müxalifətdən fərqli olaraq Ermənistan əhalisinin bu məsələyə heç də kəskin etirazla yanaşması müşahidə edilmir. Siyəsətçilərin isə bu amildən hər zamankı kimi, sui-istifadə etdikləri şübhəsizdir...

Ermənilər arasında təşvişin artması Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davos İqtisadi Forumunda keçirilən saatyarımlıq görüşdən sonra daha da artıb. Ermənistanın hökumət funksionerləri hər nə qədər görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmadığını israr etsələr də iki ölkə arasında başqa hansı məsələnin müzakirə oluna biləcəyi məntiqi ilə ermənilər buna inanmırlar.

Sabiq deputat Ruben Akopyan yerli mediaya açıqlamasında deyib ki, bizim baş nazir görüşün 1,5 saat davam etdiyini və təsadüfi olduğunu deyəndə bir növ kəndçi hiyləgərliyi etməyə çalışır: “Aydın olan odur ki, tərəflər Dağlıq Qarabağdan danışıblar və növbəti gün məhz Davosda Paşinyana Bolton zəng etdi və söhbət Dağlıq Qarabağdan getdi”. Onun sözlərinə görə, Paşinyan məsləhətlərə qulaq asmayacağı halda bütün Ermənistan ağır məsuliyyət altında qalacaq. R. Akopyan onu da əlavə edib ki, bütün bu dövr ərzində Azərbaycan tərəfi prosesi udub: “Xalqı həyəcanlandırmaq istəməzdim, amma müharibə heç də uzaqda deyil. Allah eləsin ki, mən yanılım”.

Erməni politoloq Stepan Danielyan da Paşinyana şübhə ilə yanaşanlardan biridir. O, hesab edir ki, Paşinyan Boltonla Dağlıq Qarabağ haqda danışıb, lakin bunu cəmiyyətdən gizlədir: “Məlum zəng İlham Əliyev və Nikol Paşinyan arasında Davosda 1.5 saat davam etmiş görüşdən sonraya təsadüf etdi. Paşinyan isə iddia edir ki, amerikalı diplomatla Qarabağ məsələsini müzakirə etməyib. Bu, doğru deyil. Müzakirələrdə Qarabağ ifadəsi işlənməsə belə, bu o demək deyil ki, bu məsələ ətrafında müzakirə olmayıb. Hər halda Boltonun Davos görüşündən dərhal sonra İrəvana zəng etməsinin bir məntiqli mənası olmalıdır”.

Münaqişənin hərbi yolla həlli ehtimalı beynəlxalq aləmi də narahat edən məsələdir. Hazırda münaqişənin həllində fəallığını artıran ABŞ Milli Kəşfiyyat İdarəsinin hesbatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin miqyası böyüyə bilər və hansısa formada konfliktə Rusiya da cəlb oluna bilər: “Ermənistan və Azərbaycan arasındakı gərginlik  genişmiqyaslı  hərbi münaqişənin potensial qaynağı olaraq qalır”. Bu baxımdan ABŞ Prezidentinin müşaviri Con Boltonun Azərbaycan Prezidentinə son telefon zəngi də bu narahatlıqdan irəli gələn addım kimi qiymətləndirilir. Həm ABŞ, həm də digər tərəflər Azərbaycanın işğal altındakı ərazilərini hərbi yolla azad etmək niyyətinin ciddiliyindən ehtiyatlandıqlarını gizlətmirlər. Buna görə də indi demək olar ki, bütün tərəflərin mövqeyi Ermənistanı işğal siyasətindən çəkindirməyə yönəlib.