KÖŞƏ

Sevinc Azadi

Paşinyan acı həqiqətlərlə üz-üzə

02 iyul 2019 10:19
451

Ermənistan iqtisadiyyatındakı böhran və anarxiya ölkə vətəndaşlarını müddətsiz etiraz aksiyalarına başlamağa vadar edir. İşsizlik, qiymət artımı yoxsullaşan xalqı daha tez-tez meydanlara, küçələrə çıxarır. İnsanlar dərhal sosial-iqtisadi vəziyyətlərinin düzəldilməsini tələb edirlər. Amma belə hal baş nazir Nikol Paşinyanı deyəsən yalnız sevindirir. Onun fikrincə, etirazlar, yürüşlər, marşlar demokratiyanın Ermənistanda qalib gəldiyini göstərir. Bəli, bu gün sən acsan, işsizsən, amma tamamilə azadsan. Paşinyan komandasının işsizliyin azaldılması üzrə “proqramı” da artıq gülüşlə qarşılanır. Bildirilir ki,  Ermənistanda işsizlərin sayının azalması barədə deyilənlər hamısı yalandır.

Bunu sübut edən bir fakti xatırladaq. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Lori əyalətinin sakinləri ilə görüşündə belə bir fikir səsləndirib: “Mən bu gün sevinclə sizə bildirmək istəyirəm ki, yüzdən artıq yeni işçinin də qatıldığı Loridəki Tehut mis-molibden yatağında işlər yenidən başlayıb. Belə düşünürəm ki, orada hər şey öz qaydası ilə davam edəcək”. Paşinyanın bu bəyanatından bir neçə saat sonra Lori əyalətinin Tehut, Şnox, Karkop kəndinin sakinləri Tehut-Şnox yolu arasındakı körpünü bağlayaraq, erməni baş nazirin dedikləri yalanlara rəğmən, ondan iş tələb ediblər. Yalan vədləri ilə xalqı daima aldadan Paşinyanın dediklərinə münasibət bildirən Tehut kənd sakini deyib: “Paşinyanın işlə təmin olunan hansı 100 nəfərdən danışdığını biz başa düşmürük. Əgər doğrudan da 100 nəfər işlə təmin olunubsa, belə olan halda, bizim etiraz etməyimizə nə ehtiyac vardı”.

Baş verənlərə münasibət bildirən Tehut kəndinin icra nümayəndəsi kəndin etiraz edən sakinləri ilə görüşdüyünü və onlardan körpünün açılması üçün çağırış etdiyini bildirib. Erməni icra nümayəndəsi, əslində, bunun məsələnin həll variantı olmadığını da etiraf etmək məcburiyyətində qalıb: “Yerli sakinlər işləmək istəyirlər. Doğrudur, mən onları müəyyən müddət üçün sakitləşdirib körpünün açılmasına nail olsam da, lakin bunun yaxın vaxtlarda təkrar oluna biləcəyinə heç bir təminat verə bilmərəm. Çünki ehtiyac içində yaşayan xalqı yalan vədlərlə artıq aldatmaq mümkün deyil”. Qeyd edilməlidir ki, tehutlu həmkarının fikirləri ilə razılaşan Şnox kəndinin icra nümayəndəsi də baş nazirin yalanlarını kompensasiya etmək üçün bu sahəyə səlahiyytli şəxslərdən Tehut mis-molibden yatağında əlavə iş yerləri açılması üçün müraciət etdiklərini bildirib.

Xatırladaq ki, Tehut mis-molibden yatağı 2018-ci ilin yanvarında kredit öhdəlikləri ilə bağlı problemlər üzündən rəsmi olaraq bağlanıb. Bundan bir müddət sonra yatağın əmanətinin idarə edilməsi Rusiyanın VTB bankına verilib. Təbii ki, kredit öhdəlikləri əvəzinə. Yatağın yenidən açılmasının təşəbbüskarlarından biri olan Karen Mikaelyan baş nazirin yeni işçilərin işlə təminatı ilə bağlı məlumatı hardan götürdüyünü anlamasa da hələlik sahədə tərəddüdlə tədqiqat apardıqlarını, bu işin hansı effekt verə biləcəyini müzakirə etdiklərini bildirib.

O da qeyd edilməlidir ki, erməni ekoloq Levon Qalstyan Tehut mis-molibden yatağının yenidən fəaliyyətə başlamasını qəbulledilməz sayır. Onun fikrincə, yataq yaranmış çöküntülər üzündən hər an dağıla bilər: “Ona görə də mis-molibden yatağının yenidən istismara verilməsi qəbuledilməzdir”.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...