KÖŞƏ

Mənsumə Babayeva

Pandemiyadan siyasi məqsədlər üçün istifadə etmək mənəviyyatsızlıqdır

18 iyun 2020 11:11
1909

Artıq bir müddətdir ki, bütün dünya COVID-19 virusunun yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zamanda bütün ölkələri cənginə alan virusun yayılma arealı və təsiri o həddə gəlib çatdı ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan etdi. XXI əsrin bəlası kimi qiymətləndirilən bu pandemiya dünyanın sosial-iqtisadi mənzərəsini dəyişməklə yanaşı, ayrı-ayrı ölkələrin səhiyyə sistemlərini də sınağa çəkdi. Lakin pandemiya hələ də ölkələri təhdid etməkdə, bir nömrəli problem olaraq qalmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böhranın yayıldığı ilk dövrlərdə ölkəmizdə hadisənin ehtimal ediləcək miqyası təhlil olunaraq ciddi mübarizə tədbirlərinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq məlumatlandırma, maaairfləndirmə və digər tədbirlərin bir mərkəzdən koordinasiyası həyata keçirildi və hazırda da bu iş davam etdirilir. İlk vaxtlardan vətəndaşların sağlamlığını qorumaq məqsədilə təhsil müəssisələrində dərslər dayandırıldı. Azərbaycan Respublikası bu qərarı verəndə dünyada sadəcə 12 ölkə bu addımı atmışdı, hansı ki, həmin ölkələrdə virus artıq kütləvi insan ölümlərinə səbəb olurdu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ideyası isə ölkə vətəndaşlarının həmrəylik nümayiş etdirməsi baxımından təqdirəlayiq hadisə idi. Halbuki dövlətin maliyyə resursları bunu yaratmadan da lazımi maddi dəstəyin göstərilməsinə imkan verirdi. Ancaq ilk olaraq həm dövlət başçısı, həm də Birinci vitse-prezidentin bir illik maaşları dəyərində vəsaiti fonda iadə etmələri, qısa müddətdə dövlət qulluqçularından tutmuş sahibkarlaradək, qeyri-hökumət təşkilatlarından tutmuş sadə vətəndaşlaradək hər kəsi bu ümumxalq yardımına qoşulmağa ruhlandırdı. Məhz Azərbaycanın atdığı bu addımdan sonra Rusiya, Türkiyə və digər ölkələrdə bu cür fondlar yaradıldı. Bununla yanaşı, qısa müddətdə ölkədə tibbi maska, əlcək, dezinfeksiyaedici məhsullar istehsal edən müəssisə yaradıldı ki, bu da həmin məhsullara yaranan ehtiyacın aradan qaldırılmasına imkan verməklə bərabər, idxaldan asılılığı da aradan qaldırdı. Eyni zamanda, xarici ölkələrdən vətəndaşların xüsusi təyyarə reysləri ilə ölkəyə gətirilməsi, karantin məqsədilə onların dövlət qurumlarına məxus sanatoriya, istirahət evləri, ayrı-ayrı şirkətlərə aid yüksək şəraitli otellərdə yerləşdirilməsi, cəmi bir ay ərzində yeni texnologiyalar əsasında mindən çox çarpayılıq müasir xəstəxana və tibb müəssisələrinin istifadəyə verilməsi və bu obyektlərdə koronavirus xəstələrinin yerləşdirilməsi, pulsuz koronavirus testlərinin təşkili və sair tədbirlər vəziyyətin nəzarətdə saxlanılmasını təmin etdi.

Məntiqlə baxdıqda və virusun yayılma zonalarını nəzərdən keçirdikdə Qərblə-Şərq arasında böyük hərəkətliliyin mərkəzinə çevrilən Azərbaycanda infeksiya daha geniş yayılmalı idi. Lakin dövlət başçısının qətiyyətli qərarı ilə ilk vaxtlardan ölkənin izolyasiyaya alınması öz müsbət nəticlərini verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan bu sahədə həyata keçirdiyi tədbirlərlə həm də qlobal müstəvidə bir sıra təşəbbüslərlə çıxış etdi. Belə ki, koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən bir sıra ölkələrə maliyyə yardımı edildi. Eləcə də ölkəmiz infeksiyanın yayılma riskinin qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı etdi. Bununla da Azərbaycan bu sahədə atdığı addımlarla qlobal məkanda bir daha özünü etibarlı tərəfdaş kimi tanıtdı.

Bütün bunlara baxmayaraq, dövlətimizin uğurlarına qısqanclıqla yanaşan dağıdıcı ünsürlər isə bu gün də mənfur ənənələrinə sadiqlik nümayiş etdirərək, ölkəmizin başçısı cənab İlham Əliyevin atdığı addımların əhəmiyyətini azalmağa, uğurlarımıza kölgə salmağa cəhd göstərirlər. “Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək.

Şübhəsiz ki, ölkəmizin sürətli inkişafını həzm edə bilməyən xarici anti-Azərbaycan dairələr öz çirkin niyyətlərini həyata keçirmək üçün “sapı özümüzdən olan baltalar”dan bir vasitə kimi bəhrələnirlər. Radikal ünsürlər həmin dairələrin tapşırıqlarına əməl edərək onların üç-beş quruş qrantı hesabına çirkin yollara əl atır, heç bir əsasa sığmayan çıxışlar edirlər. Onlar üçün Azərbaycan xalqı, onların taleyi önəmli deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onların yeganə məqsədi xarici dairələrin tapşırığı əsasında Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaqdır. Ancaq bütün bunlara baxmayaraq, xalq 1993-cü ildən bəri onların məqsəd və məramlarının nə olduğunu bilir və onlara layiqli yerini göstərib.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?