KÖŞƏ

Nurəddin Muğanlı

Pandemiya dövründə sosial rifah siyasəti

22 may 2020 10:02
1492

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlərin görülməsi, o cümlədən məşğulluğa və sosial rifaha dəstək məqsədilə diqqət və qayğının artırılması dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində bir daha Azərbaycan vətəndaşının dayandığını göstərir. Dövlətin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər və eləcə də postpandemiya dövrü üçün nəzərdə tutulmuş proqramlar dünya mətbuatında təqdir olunur, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində Azərbaycanda aparılan işlər barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Təlim Mərkəzinin əməkdaşı Bertrand Momoya videomüsahibədə bildirib ki, bu məqsədlə ölkədə reallaşdırılan tədbirlərə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılmışdır. Əsasən 4 istiqamət üzrə həyata keçirilən 12 tədbirin 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir. Pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yeri və əməkhaqqı gəliri, eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığı təmin edilib.

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı barədə də məlumat verən nazir ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması işlərinin aparıldığını qeyd edib. Sahil Babayev bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə kiçik müəssisələrinin qurulması, 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işləri diqqətə çatdırıb.

Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat dövlət vəsaiti ayrılıb.

Bu müddət ərzində dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməyib, bu sektorda minimal işçi sayı ilə fəaliyyət davam edib, məzuniyyətə buraxılan işçilərin evdən işləmələri ilə əməkhaqlarının saxlanması təmin edilib. Bu tədbir dövlət sektorunda çalışan 910 min işçini əhatə edib.

Qeyri-dövlət sektoru üzrə də işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət edilib, əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Həmçinin işçi qüvvəsinə ehtiyac olmadığı hallarda qanunvericiliklə görülməsi mümkün olan və iş yerlərinin qorunub saxlanmasına imkan verən alternativ üsullar təqdim edilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edib.

Müsbət nəticə kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib. Bundan başqa, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna edilən dəyişikliyə əsasən, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması da ailəyə sosial yardım almaq hüququ verəcək.

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış binalarından artıq 480 mənzil alınıb və daha 220 mənzilin alınması işləri davam edir. Həmçinin respublikamızın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək onların istifadəsinə verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri ölkə başçısının “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin bariz təzahürüdür. Məhz ona görədir ki, Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Prezidentə ünvanlanan minlərlə məktubda sadə vətəndaşların onlara göstərilən diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissləri ifadə olunur.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?