14 fevral 2020 13:08
336

Ötən ay əhalinin xərcləri necə dəyişib?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.

Siyahı ilə tanış olanda məlum olur ki, əhali yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə toxuculuq məhsulları, geyim və ayaqqabılar, əczaçılıq və tibbi mallar üzrə xərclərini müvafiq olaraq 4 faiz  3,9 faiz artırıb. Aydın məsələdir ki, qış fəslinin olması xərcləmələrdə də özünü göstərib.

Ən az artım isə avtomobil yanacağı ilə bağlı xərclərdə qeydə alınıb. Belə ki, ölkəyə avtomobil idxalında ildən-ilə artım olsa da, bu, yanacağa sərf edilmiş vəsaitə ciddi təsir etməyib- artım 1,1 faiz olub. 

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədikləri vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalardan alınıb. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artıb, bazar və yarmarkalarda isə 8,4 faiz azalıb.

Belə demək mümkündürsə, əhali artıq "alış-veriş" üçün bazar və yarmarkalara daha az müraciət etməyə başlayıb. Səbəblərə gəldikdə, bunu rahatlıq və xidmət kimi amillərlə yanaşı, qiymətlə də izah etmək olar. Məsələ burasındadır ki, əhalinin xərcləmələrində ərzaq məhsullarının əsas yer tutduğunu nəzərə alanda, son illərdə ölkədə supermarket şəbəkələrinin xeyli genişlənməsindən dolayı rəqabətin güclənməsi belə müəssisələrlə bazar və yarmarkalarla arasında qiymət fərqinin getdikcə azalması müşahidə olunmaqdadır. Lakin statistika onu deməyə imkan verir ki, əhalinin alış-verişində fərdi sahibkarlar əsas yeri tutur. Bunun da arxasında əsasən mental xüsusiyyətlər dayanır.         

Hesabat ayında, həmçinin əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olub. Həmçinin o da məlumdur ki, ay ərzində istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib. Aylıq müqayisəyə gəldikdə, yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib.